“...Öncə üçtərəfli bəyanatın şərtləri yerinə yetirilməlidir”

Ermənistan hökumətinin bir neçə gün əvvəl keçirilən iclasında regional sülh mövzusuna toxunan ölkənin Baş naziri Nikol Paşinyan Türkiyədən müəyyən müsbət ictimai siqnalların olduğunu söyləyib. Paşinyan bununla bağlı deyib:

“Biz bu siqnalları dəyərləndirəcəyik və müsbət siqnallara müsbət siqnalla cavab verəcəyik”. Siyasətçi sözügedən müsbət siqnallar barədə ətraflı açıqlama verməyib.

Politoloq İlqar Vəlizadə baş nazirin bəyanatını “Sherg.az”a qiymətləndirdi: 

“Türkiyə öz xoş niyyətini göstərir. Prezident Ərdoğan “Biz istəyirik ki, Ermənistan yekun sülh müqaviləsinə qol çəksin” deyib. Burada ölçüb-biçiləsi bir şey yoxdur. Sadəcə siyasi iradə lazımdır, vəssalam. Amma yekun sülh müqaviləsi yaxın gələcək üçün gözlənilmir. Hələ tezdir. Əvvəl üçtərəfli bəyanatın şərtləri yerinə yetirilməlidir və görünür, İrəvan buna o qədər də meyilli deyil”.