Professor:"Rusiya generalitetinin formalaşdırdığı hərbi sistem alt-üst oldu"

İkinci Qarabağ müharibəsinin birinci ildönümünü qeyd etməkdəyik. İşğaldan azad olunmuş torpaqlarımızda artıq abadlıq işləri gedir, həyat geri qayıdır. Əlbəttə, bu, asan başa gəlmədi. Həmin günlərdə hansı həyəcanı keçirdiyimizi hər birimiz yaxşı bilirik. Lakin proseslərin bir də siyasi tərəfi var. 
Ötən il ərzində Qarabağ ətrafında diplomatik müstəvidə baş verənlər və gələcək perspektivlərlə bağlı BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru, Qarabağ Komitəsinin dönəm sədri Sabir Məmmədli ilə söhbətləşdik:
- Otuz ildən sonra müharibənin başlanması zərurət idi?
-Əlbəttə. Çünki cəmiyyət işğal faktı ilə razılaşmırdı. Bu, bir növ sosial sifarişə çevrilmişdi. Ötən il Ermənistanın növbəti həyasızlığı nəticəsində Tovuz təxribatları baş tutdu. General-mayor Polad Həşimovun və onun silah yoldaşlarının şəhid olması səbr kasamızı doldurdu. Yeri gəlmişkən, bildirim ki, onlar rus zabitlərinin iştirakı ilə şəhid edilmişdilər. Əhali bu dəfə baş verənlərə dözümlü yanaşa bilmədi. Beləliklə, dünyaya göstərdik ki, millətimizlə belə davranmaq olmaz. Müharibə dövründə bircə dənə belə fərarilik halı qeydə alınmadı. Bir dəfə də olsun mövqelərimiz geri çəkilmədi. Bu, böyük rəmzi məna daşıyır. Beynəlxalq təsisatların indiyədək “tormuzladığı” proses bu dəfə ildırım sürəti ilə getdi. Onu da deyim ki, biz hərb tarixində yenilik etdik, həqiqi mənada XXI əsrin müharibəsini apardıq. Ən müasir silahlardan, o cümlədən “Harop” və “Bayraktar”dan koordinasiyalı istifadə nəticəsində təkcə düşmən darmadağın edilmədi, həm də Rusiyanın silah bazarına ağır zərbə dəydi. Rusiya silahı faktiki olaraq metal yığnağına çevrildi. Təsəvvür edin, PUA özündən dəfələrdə baha silah olan S-300-ü məhv edirdi. Bu isə Rusiya generalitetinin uzun illər formalaşdırdığı hərbi sistemin alt-üst olması deməkdir. 

-Həmin dövrdəki qlobal şəraiti necə qiymətləndirirsiniz?

-Çox münbit şərait var idi. Pandemiya nəticəsində iqtisadi əlaqələrin, aviareyslərin kəsilməsi Ermənistanın əl-qolunu bağlayırdı. Hər dövlətin başı öz daxili işlərinə qarışmışdı. Havadarları nə qədər istəsələr də, İrəvana yardım etməkdə çətinlik çəkirdilər. İkinci bir tərəfdən isə biz həmişə deyirdik ki, Rəcəb Tayyib Ərdoğan Türkiyənin başında olduğu müddət ərzində məsələni həll etmək lazımdır. 

-Həmin tarixi mərhələdə, o cümlədən zəfərdə Qarabağ Komitəsinin rolu nədən ibarət idi?

-İctimai şüurun formalaşması istiqamətində bir çox ictimai-siyasi təşkilatlar, əlbəttə, müstəsna rol oynadılar. Lakin fikir ayrılıqları var idi. Bəzilər düşünürdü ki, müharibə olmayacaq. Biz Qarabağ Komitəsi olaraq əks mövqedə idik. 2020-ci ilin əvvələrində ADP-nin qərargahında bir çox ictimai-siyasi təşkilatların nümayəndələrinin iştirakı ilə Qarabağın problemi ilə bağlı müzakirələr keçirildi. “Milli müharibə strategiyası” adlı sənədin hazırlanması mənə tapşırılmışdı. Sonralar bəzi saytlar “Hər gün müharibə, hər yer müharibə” sərlövhəsi altında həmin konsepsiyanı ictimaiyyətə təqdim etdilər. Sənəddə göstərilirdi ki, “5-ci kolon” nümayəndələri mütləq neytrallaşdırılmalıdırlar. Çünki milli maraqlara xidmət etməyən bu ünsurlər potensial savaş anında real təhlükə yarada bilərdilər. Həmçinin türkdilli dövlətlərlə əlaqələrin güclənməsi, Ermənistana diplomatik təzyiqlərin artırılması kimi məqamlar da sənəddə öz əksini tapmışdı. 

-Regiondakı geosiyasi mühit, o cümlədən Ermənistandakı mövcud hərbi-siyasi fəaliyyət proseslərə hansı formada təsir etdi?

-Azərbaycan müharibə məsələsini zaman-zaman gündəmə gətirirdi. Lakin proses “dondurulurdu”. Nə Rusiya, nə də Ermənistan müharibə istəyirdi. Çünki bu halda problemin bizim xeyrimizə birdəfəlik həll olunacağını bilirdilər. Erməni diasporu hər il Ermənistana külli miqdarda vəsait ayırmaqla torpaqların birləşdirilməsinə, məsələnin tədricən unudulmasına çalışırdı. Elə mənzərə yaratmaq istəyirdilər ki, guya dünya birliyi mövcud vəziyyətlə barışır. Bu, böyük təhlükə idi. “Qarabağ klanı”nın hakimiyyətdən getməsi, qərbyönümlü siyasətçi Nikol Paşinyanın xalqın dəstəyi ilə baş nazir seçilməsi daxildəki ictimai rəy barədə fikir formalaşdırırdı. Paşinyanın danışıqlar masasına oturması barədə gözləntilər özünü doğrultmadı. O, əndazəni aşdı. Beləliklə, bayaq dediyimiz kimi müharibə zərurətə çevrildi. Əslində savaşdan əvvəl Türkiyə genariliteti artıq bu barədə qərar vermişdi. Belə ki, iki dövlətin birgə hərbi təlimləri və dörd türk generalının Bakıya göndərilməsi proseslərin inkişafı üçün bir növ anons idi. Həmin generalların fəaliyyəti sayəsində daxildəki ruspərəstlər neytrallaşdırıldılar. 

-Rusiyanın ilk həftələrdəki səssizliyi nə ilə bağlı idi?

-Bunun Putinin Paşinyanı cəzalandırması kimi qiymətləndirmək, məncə, doğru deyil. Əgər söhbət cəzalandırmaqdan gedirdisə, onlarca başqa üsul da var idi. Həm də guya nə dəyişdi ki? Ermənistan baş naziri bu gün də “nala-mıxa vurmaqdadır”. Sadəcə Rusiya özünə çox arxayın idi. Ohanyan səddinin keçilməsinə inanmırdılar. Lakin Azərbaycan əsgəri rus generallarının inanmadıqlarını onların başlarına gətirdi. İkinci bir tərəfdən, məlumatsızlıq idi. Ermənistan yalan informasiyalar verirdi. Bu isə Rusiya tərəfində çaşqınlıq yaradırdı. Eyni zamanda Türkiyənin “Koral” sistemi vasitəsilə düşmən ordusundakı rabitə sıradan çıxarılmışdı. Bu, mühüm amildir. Onu da nəzərə almaq lazımdır ki, Türkiyə rəsmilərinin, o cümlədən Prezidet  Rəcəb Tayyib Ərdoğanın Qarabağ məsələsi ilə bağlı konkret mövqeyi göz önündə idi. Həm də Rusiya səssiz deyildi, sadəcə danışmağa imkanı yox idi. Xatırlayın, atəşkəs üçün nə qədər cəhdlər edildi. Lakin gec idi. Necə deyərlər, ox yaydan çıxmışdı. Zaman prosesin qarşısını almaq üçün Kremlə güzəştə getmirdi. Moskva hazırlıqsız yaxalanmışdı. 

-Şuşa azad olunandan sonra Bakıya raket atıldı. Beləliklə, hərbi əməliyyatlar dayandırıldı. Sizcə, bu, düzgün qərar idi?

-Etiraf etmək lazımdır ki, həm Rusiya, həm də Qərb tərəfindən Azərbaycana təzyiq güclü idi. Prezident İlham Əliyev müsahibələrinin birində demişdi ki, Ermənistan bizə ərazilərimizdən çıxmaq barədə cədvəl versə, Xankəndiyə girməyəcəyik. Bu, artıq siqnal idi. Əlbəttə, dövlət başçısı üçün qərar vermək heç də asan deyildi. Amma bu, Türkiyə üçün gözlənilməz oldu. Çünki razılaşmadan bir gün əvvəl Qarabağa dair işçi qrupun yaradılması haqqında Ankara ilə Moskva arasında razılıq əldə olunmuşdu. Yəni qardaş ölkə prosesi sonadək davam etdirəcəyimizi düşünürdü. Düşünürəm ki, uzun müddət əvvəl - hələ atəşkəs dövründən başlayaraq Azərbaycanın Qarabağ məsələsinə qarışmaması barədə razılıq alınıb. Bəzi rus mənbələri də buna eyham vururlar. Əslində Xankəndidə mini rus hökumətinin formalaşması da dediyimiz məsələni təsdiqləyir. 

-Xankəndinin taleyi necə olacaq?

-Azərbaycan düzgün hərbi-siyasi və diplomatik xətt yürütsə problem həll olunacaq. Bu barədə hansısa narahatlığa ehtiyac yoxdur. Xankəndidə ermənilərin çoxu işsizdir. Onlar humanitar yardım hesabına dolanırlar. Lakin bu, uzun çəkməyəcək: ya vətəndaşlığımızı qəbul edəcək, ya da çıxıb gedəcəklər. Azərbaycan hökuməti BMT-nin Qaçqınlar  komitəsi ilə birlikdə bizim qaçqın və məcburi köçkünlərmizin doğma yurdlarına qayıdışını təmin etsə, bu proses bir az da sürətlənəcək. 

-Bəs Qarabağdakı rus sülhməramlıları?

-Əlbəttə, Rusiya asanlıqla Qarabağdan çıxmaq istəməyəcək. Hətta, əksinə, möhkəmlənməyə çalışacaq. Bu məqsədlə də erməniləri Xankəndiyə köçürməyə çalışır. Çünki Xankəndidə sonuncu erməni qalanacan orada sülhməramlıya ehtiyac olacaq. 

-Bəs biz xain planının qarşısını almaqdan ötrü nə etməliyik?

-Hökumət indidən bəyanatlar verməlidir ki, rus sülhməramlılarının mandatlarına uyğun olmayan fəaliyyəti davam etsə, onlar beş ildən daha tez müddətdə Qarabağdan çıxa bilərlər. Çünki faktiki olaraq 9 noyabr bəyanatının şərtləri yerinə yetirilmir. Məsələn, erməni silahlıları hələ də ərazidən çıxarılmayıblar. Əgər separatçılar torpaqlarımızdan çıxmırsa, biz anti-terror əməliyyatları keçirməliyik. İkinci bir tərəfdən Kəlbəcərdəki qızıl yataqlarının təhlükəsizliyinə Türkiyə təminat verir. Yəni Rusiya özü də bilir ki, hansısa şıltaqlığa yol versə Türkiyə ilə üzə-üzə gələcək. Nəhayət, Azərbaycan tək deyil. Bizim Türkiyə, Pakistan, İsrail, Böyük Britaniya kimi müttəfiqlərimiz var. Rusiya isə tədricən “dalana dirənir”. Yəni bir çox əcnəbi ekspertlərin də dediyi kimi, Moskva Cənubi Qafqazdan çıxmağa məhkumdur. 

-Bu ay Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün keçiriləcəyi deyilir. Gözləntiləriniz nələrdir?

-Əsas müzakirə mövzuları sərhədlərin delimitasiyası, demarkasiyası və Zəngəzur dəhlizinin açılması olacaq. Şübhəsiz, Rusiya öz maraqlarının təmin olunmasına çalışacaq. Konkret desək, sərhəddə, həmçinin “mübahisəli” yerlərdə rus hərbçilərinin yerləşməsi məsələsi gündəmdə olacaq. Rəsmi Bakı bununla razılaşmır. Moskva isə bizi razı salmaq məqsədilə son vaxtlar sərhədlərin müəyyənləşməsinin 1920-ci illərin xəritəsi ilə aparılmasını təklif edir. Çünki həmin xəritədə Zəngəzur, Göyçə, Dilican Azərbaycan ərazisi kimi götürülür. Yəni Kreml belə bir “güzəşt” qarşılığında hərbçilərini sərhəddə yığmaq istəyir. Ermənistan baş naziri Nikol Paşinyan isə, yəqin ki, Qarabağa status verilməsinə, Minsk Qrupunun yenidən canlanmasına çalışacaq. Bütün hallarda erməni silahlılarının Qarabağdan çıxmaq fikirləri yoxdur. Bu isə bayaq da dediyim kimi, anti-terror əməliyyatlarını zəruri edir. Ən azından mütləq dövlət sərhəddi bağlanmalı və Laçın dəhlizinə nəzarət edilməlidir. 

-Xəritə ilə bağlı təklifə getməliyik?

-Çox çətin sualdır. Ancaq Rusiyanın getdikcə azalan nüfuzunu və Türkiyənin proseslərdəki rolunu nəzərə alsaq, həmçinin Azərbaycanda türk hərbi bazasının yaranması fonunda rus hərbçilərinin fəaliyyətinin neytrallaşacağına inansaq, razılaşmaq olar. 

-Müharibə dövründə informasiya siyasətimizi necə qiymətləndirirsiniz?

-KİV-in, o cümlədən internet-tv kanallarının fəaliyyətində ciddi dəyişiklik müşahidə olunurdu. Qarabağla bağlı açıq müzakirələr aparılırdı. Xüsusilə “Şərq”qəzeti bu taleyüklü məsələni hər nömrəsində gündəmdə saxlayırdı. Bu mənada həmin media orqanın peşəkar komandasına və digər bu qəbildən olan KİV nümunələrinə təşəkkür düşür.