İndiki halda İrəvan Moskvanın "çaldığı havaya oynayır"

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü barədə müzakirə həftələrdir ki, davam edir. İddialara görə müzakirə noyabrın ilk yarısında baş tutmalı idi. Ancaq indiyədək belə bir görüş reallaşmayıb.
 Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu günlərdə deyib ki, tarix dəqiq olmasa da, görüş keçiriləcək. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə görüşlə bağlı hansısa informasiyaya malik olmadığını bildirib və bunun istisna olmadığını vurğulayıblar. Ermənistan isə hələlik səssizdir. Görünür, tərəflər hansısa məsələlərdə razılığa gələ bilməyiblər. 
 Şübhəsiz, görüş ən çox Rusiyanın maraqlarına cavab verəcək. Bunu şimal qonşumuzun canfəşanlığına əsasən demək olar. Əsas mövzuların sərhədlərin delimitasiya və demarkasiyası olmasına rəğmən, Moskvanın müxtəlif iddialarla çıxış etməsi gözləniləndir. İstisna deyil ki, Kreml Qarabağda sülhməramlıların sayının artırılmasına, onların fəaliyyət müddətinin uzadılmasına, yaxud sərhəddə rus hərbçilərinin yerləşdirilməsinə çalışır. Bunlar Moskvanın Cənubi Qafqazdakı mövcudluğu üçün əsas təminatdır. 
 Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı olaraq son vaxtlar 1920- ci ilin xəritəsinin gündəmə gəlməsi diqqət çəkir. Belə ki, həmin xəritəyə əsasən Zəngəzur, Göyçə və Dərələyəz Azərbaycana verilməlidir. Rusiya buna hazırdırsa, deməli, həm də nəyəsə nail olmaq istəyir. Bu, rəsmi Bakı üçün siqnal olmalıdır. 
 Liderlərin görüşünün gözlənildiyi bir vaxtda ermənilərin təxribat törətməsini təsadüfi hesab etmək olmaz. Böyük ehtimalla bu, Rusiyanın diktəsidir. Moskva yuxarıda qeyd etdiyimiz maraqlarını həyata keçirmək məqsədilə çox güman zəmin yaratmaq istəyir. Elə mənzərə formalaşdırmağa çalışır ki, guya rus hərbçilərinə ehtiyac var. Bəlkə də, bu,  Paşinyan administrasiyasının da ürəyincə deyil. Lakin indiki halda İrəvan Moskvanın "çaldığı havaya oynamaqdan" başqa bir şey edə bilməz. İkinci bir versiya isə Moskvanın masa arxasına oturması üçün İrəvana təzyiq etməsidir.  
 Yəni Rusiya öz ambisiyalarını gerçəkləşdirmək naminə Azərbaycan və Ermənistanı bir növ fakt qarşısında qoymaq istəyir. İrəvandan fərqli olaraq bizim əl- qolumuz qətiyyən bağlı deyil. Moskvanın həmlələrinə qarşı preventiv addımlar atmalı və görüşədək "əlimizi gücləndirməliyik".