Kremli "ofsaytda" saxlamaq lazımdır

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermanistan baş naziri Nikol Paşinyanın dekabrın 15- də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşəcəklərini artıq hər iki tərəf təsdiqləyib. Belə bir görüş gözlənilirdi. 

 Əslində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabr ayında görüşü barədə informasiyalar var idi. Bu haqda müxtəlif proqnozlar da səsləndirilirdi. Ancaq görüş baş tutmadı. Görünür, tərəflər arasında fikir ayrılığı olub. Cəbhədə vəziyyətin gərginləşməsi isə, şübhəsiz, həm də bunun təzahürüdür. 

 İkitərəfli görüş onu deməyə əsas verir ki, həm Bakı, həm də İrəvan Moskvanın niyyətindən xəbərdardır. Rusiyanın Cənubi Qafqazda mövcudluğunu gücləndirməklə region ölkələrinə təhdid yarada biləcəyi hər iki tərəfə məlumdur. Elə buna görə də Kremli mümkün qədər "ofsayt"da saxlamaq lazımdır. 

 Əliyevlə Paşinyan arasındakı görüşə kimi Rusiyanın təzyiqləri arta bilər. Xüsusilə, Rusiyanın maraqlarına uyğun dialoq aparılması üçün Ermanistan sıxışdırılması istisna deyil. Moskvanın əli ilə yeni təxribatların baş tutması, Qarabağda vəziyyətin mürəkkəbləşməsi də mümkündür. Hər halda Moskva Bakı ilə İrəvanın "saatlarının" eyni olmamasına çalışacaq. Beləliklə, vasitəçiliyini qorumaq istəyəcək.

 Qarşıdakı bir ay müddətində Ermanistana təzyiqlərimiz artmalıdır. Eyni zamanda İrəvanı inandırmaq lazımdır ki, konstruktiv mövqe ən çox onun özünün xeyrinədir. Əgər Rusiya "suları bulandırmağı" bacarmasa, görüşdə müəyyən razılıqlar əldə oluna, o cümlədən sərhədlərin müəyyənləşdirilməsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər qismən də olsa həllini tapa bilər.

Kənan Novruzov