Vasitəçiyə ehtiyac yoxdur: Bakı ilə İrəvan arasında birbaşa təmaslar sürətlənə bilər


“Rəsmi Bakı ilə İrəvan arasında müxtəlif istiqamətlərdə təmaslar var. Eyni zamanda, kommunikasiyaların açılmasına dair işçi qrupu mövcuddur”. Bunu dünən jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.
O xatırladıb ki, Müdafiə Nazirlikləri arasında bir müddət əvvəl "qaynar xətt" yaradılıb:
“İntensiv olmasa da, mən də bir neçə dəfə Ermənistan xarici işlər naziri ilə telefonla danışmışdım. Bizim sülh müqaviləsi və ümumiyyətlə, regionda sabitlik üçün vacib olan elementlərlə bağlı mövqeyimiz ondan ibarətdir ki, əsas tərəflər Azərbaycan və Ermənistandır və kimsə bizim əvəzimizə müqavilə imzalamayacaq. Ancaq onu da deməliyəm ki, çoxsaylı beynəlxalq təşəbbüslər var. Azərbaycan prosesə töhfə vermək istəyən tərəflərlə işləməyə hazırdır və mövqeyimiz hər zaman buna uyğun olmuşdur”.
 İndiki mürəkkəb geosiyasi durumda Ceyhun Bayramovun açıqlaması kifayət qədər əhəmiyyətlidir. Sözügedən bəyanat Bakı ilə İrəvan arasında birbaşa təmasların getdikcə sürətlənəcəyinə işarədir. 
 Ermənistan Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmilər son zamanlaradək Azərbaycanla yekun sülh müqaviləsinin imzalanmasına hazır olduqlarını deyirdilər. Lakin Paşinyanın Moskva səfərindən sonra bu meyllər azaldı. Xüsusilə sərhəddə təxribatlarının intensivləşməsi və Ermənistan daxilindəki aksiyalar sanki prosesləri "tormuzlatdı". Bunu həm Bakıda, həm də İrəvanda başa düşürlər. Odur ki, nazirin sözügedən fikirləri həm də qarşı tərəfə mesaj kimi qiymətləndirilməlidir.
 İkindi bir tərəfdən, son zamanlar baş verənlər bir sıra hadisələr, o cümlədən Rusiyanın Azərbaycanda bioloji laboratoriya olması iddiası, DTX- nin qarşı tərəfə cavabı və s. kimi məqamlar tərəflər arasında "incikliyin" olduğunu göstərir. Çox güman, bu, müharibəyə dair Azərbaycanın haqlı, neytral mövqeyi, habelə Kiyevə humanitar yardımın göstərilməsi ilə bağlıdır. 
 Biz Kremlin və ya digər tərəflərin vasitəçiliyindən imtina etmirik. Lakin vasitəçilik adı ilə proseslərin inkişafı istiqamətində süni əngəllərin yaradılmasına da razı deyilik. Tarixi təcrübə göstərdi ki, ötən otuz il ərzində həm Rusiya, həm də beynəlxalq təşkilatlar ancaq regiondakı münaqişə ocağının qalıcı olmasına çalışdılar. Qısa müddətdir davam edən birbaşa təmaslar isə daha effektiv oldu. Deməli, regionda sülh və sabitliyin bərpası üçün bizim, doğrudan da, kimsəyə ehtiyacımız yoxdur. 
 Regionda baş verən proseslər fonunda Bakı ilə İrəvan arasında birbaşa təmasların sürətlənəcəyi və hazırkı problemlərin gələcək həllinin məhz bu təmasların nəticəsi olacağı gözləniləndir.