Çavuşoğlunun çıxışındakı mesajlar: kimlərə hansı ismarışı verdi?


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Ermənistanla münasibətlərin normallaşması barədə danışıb. O, bildirib ki, hər mərhələdə Azərbaycanla məsləhətləşmələr aparılır:
Can Azərbaycanla hər mərhələdə məsləhətləşirik: "İndiyədək Vyana Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələrin üç görüşünə ev sahibliyi edib. Bunun üçün Avstriyaya minnətdarıq. Amma bundan sonrakı müzakirələr niyə Türkiyədə və ya Ermənistanda olmasın? Artıq xüsusi nümayəndələr heç bir vasitəçi olmadan müzakirələr apara bilirlər. Etimad yaradan bəzi addımlar atılıb. Azərbaycanla Ermənistan arasında normallaşmanı dəstəkləyirik. Regionda daimi sabitliyə ehtiyacımız var. Cənubi Qafqazda daimi sabitlik üçün birgə çalışmalıyıq. Ermənistana kənardan edilən təzyiqlər buna mane olur”.

 Çavuşoğlunun açıqlamasında diqqət çəkən bir neçə məqam var. Birincisi, baş diplomat "Bundan sonrakı görüşlər niyə Türkiyədə və ya Ermənistanda olmasın?" ritorik sualı ilə, görünür, artıq ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanmasının vaxtının çatdığına işarə edir. Əslində, doğrudan da, məntiqlidir. Əgər xüsusi nümayəndələr heç bir vasitəçi olmadan görüşə bilirlərsə, deməli, ev sahibi kimi də üçüncü ölkəyə ehtiyac yoxdur. Əksinə, bundan sonrakı görüşlərin Türkiyə və ya Ermənistanda baş tutması etimad mühitinə əlavə töhfə olacaq və kənar təsirləri bir az da aşağı salacaq. Ola bilsin, yaxın gələcəkdə xüsusi nümayəndələrin iki ölkədən birində, xüsusilə Türkiyədə görüşü məsələsi gündəmə gəlsin. 
  İkincisi, Çavuşoğlu söyləyib ki, Ermənistana kənardan edilən təzyiqlər regiondakı sabitliyə mane olur. Əlbəttə, XİN başçısı "kənardan edilən təzyiqlər" deməklə təkcə bir qüvvəni nəzərdə tutmurdu. O, bir neçə fərqli səmtə mesaj göndərirdi. Bunlar müxtəlif Qərb ölkələri, xaricdəki diaspor, Rusiya və başqalarıdır. Doğrudan da, onlar Baş nazir Nikol Paşinyanın loyal xarici siyasət yeritməsinə imkan vermirlər. Çünki regionda "suların durulması" onlardan heç birinə sərf etmir. Məlumdur ki, əgər bölgədə sabitlik təmin olunsa, Qərbin və Kremlin bura təsir imkanları xeyli aşağı düşəcək. Hər iki tərəfin belə davranışları isə rəsmi Ankaranın Cənubi Qafqazla bağlı xarici siyasət kursuna ziddir. Və Çavuşoğlu haqlı olaraq bunu dilə gətirməkdən çəkinmədi. Əgər Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində süni əngəllər bundan sonra da davam edərsə, qardaş ölkənin daha sərt mövqe sərgiləyəcəyi istisna deyil. Çünki söhbət artıq regional və milli maraqlardan gedir. 
 Üçüncüsü, Çavuşoğlu, beləliklə, həm də Ermənistan baş naziri Nikol Paşinyana mesaj vermiş oldu. Bir növ ona jest elədi və İrəvanın "gah nala, gah mıxa vurmağını" kənar təsirlərlə əlaqələndirdi, hakimiyyəti günahlandırmadı. Əlbəttə, Ermənistan iqtidarı da bunu qiymətləndirməlidir.
 Dördüncüsü, Türkiyənin XİN başçısı Azərbaycanla birlikdə addım atdıqlarını növbəti dəfə dilə gətirməklə beynəlxalq ictimaiyyətə ismarıc göndərdi. Bildirdi ki, Bakı və Ankara regionda daim eyni maraqlar kontekstindən çıxış edir, koordinasiyalı addım atırlar. Bu isə iki qardaş ölkənin regionunun əsas siyasi aktoru olmalarının ən bariz nümunəsidir.
Kənan Novruzov