Qriqoryan hansı mesajları verib?- Ermənistan "dalandadır"

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində Azərbaycanla münasibətlərdən danışıb. O, bildirib ki, Rəsmi İrəvan yaxın gələcəkdə Bakı ilə sülh sazişi ətrafında danışıqlar aparmağa ümid edir: “Vəziyyəti dalana dirənmiş adlandırmazdım. Sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri səviyyəsində ilk iclasını keçirib, növbəti görüşlər Moskva və Brüsseldə keçirilməlidir. Ümid edirik ki, razılıq əldə olunacaq və yaxın vaxtlarda görüş baş tutacaq”, - deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib.

Qriqoryan qeyd edib ki, hazırda onun Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşünə hazırlıq müzakirə olunur: “Biz həmçinin ümid edirik ki, tezliklə sülh sazişini müzakirə etmək üçün əsaslı görüşlər olacaq və biz irəliyə gedəcəyik. İki ölkənin Xarici İşlər Nazirlikləri bu istiqamətdə iş aparır”.

 Göründüyü kimi, Ermənistan Azərbaycanla münasibətlərin normallaşması prosesindən razıdır. Qriqoryan adətən erməni rəsmilərindən eşitdiklərimizdən fərqli bəyanat səsləndirib. Bu ilk növbədə onu göstərir ki, İrəvan artıq reallıqları anlayır və Bakı və Ankara ilə münasibətləri normallaşdırmaqdan başqa yolunun olmadığını başa düşür. 

Ermənistan iqtidarı bilir ki, regiondakı yeni reallıqları Azərbaycan və Türkiyə diktə edir. Rusiya ilə Ukrayna arasında davam edən savaş Ermənistana müəyyən manevr imkanları yaradır. Paşinyan iqtidarının tələsməyi təsadüfi deyil. Çünki müharibə başa çatdıqdan Baş nazir Nikol Paşinyan üçün yaranmış hazırkı əlverişli şərait əldən çıxacaq. Rusiya qalib gəlsə, digər keçmiş ittifaq ölkələri kimi Ermənistana da təzyiqlər artacaq. Əks halda isə İrəvan regiondakı "dayı"sını itirəcək. Beləliklə, Ermənistan hakimiyyəti indidən preventiv addımlar atmağa çalışaraq, Bakı və Ankara ilə münasibətləri bərpa etməyə tələsir. Bunu dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Paşinyan arasında baş tutmuş telefon danışığı da sübut edir. 
 Yaxın vaxtlarda Hikmət Hacıyevin Qriqoryanla görüşəcəyina dair hələlik rəsmi məlumat yoxdur.  Bu görüş baş tuta da bilər, tutmaya da. Lakin bütün hallarda Təhlükəsizlik Şurasının katibinin verdiyi açıqlama göstərir ki, Ermənistan münasibətlərin normallaşmasında maraqlıdır. Beləliklə, həm də sərhəddəki təxribatlara aydınlıq gəlir: hakimiyyət provokasiyaların onlarlıq yox, müxalifətin və ya başqa kənar qüvvələrin işi olmasına dair mesaj verir. Əlbəttə, təkrarlanan sabotajlar bizi narahat etmir. Biz diplomatiyada da, hərb meydanında da öz işimizi görürük. Əgər təxribatçılar əməllərini davam etdirərlərsə, o zaman yeni anti - terror əməliyyatı üçün şərait yaranacaq.

 Sərhədin müəyyənləşməsi Azərbaycanın da prioritetlərindən biridir. Deməli, əgər Qriqoryanın dediklərində səmimidirsə, yaxın vaxtlarda, həmçinin növbəti görüşlərdə yeni razılıqlar əldə oluna bilər. Və bu razılıqlarını ehtimal edilən anti - terror əməliyyatlarından sonra baş tutacağı istisna deyil.