Atəş əmri Kremldən gəlir

Ermənistanın indiki müxalifəti Rusiyadan idarə olunur

Paşinyan hökuməti erməni ordusuna, güc strukturlarına nəzarət edə bilmir

Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində   növbəti gərginlik yaşanır. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonunda yerləşən mövqeləri intensiv atəşə tutulur. Ermənistanın təxribat cəhdlərinə rəğmən, bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülməkdədir. Müdafiə Nazirliyindən bildirilib ki, son günlər sərhəddə baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. 

Ekspertlərin fikrincə, avqustun 31-də Brüsseldə baş tutmuş görüşdə əldə olunan razılaşmadan və Baş nazir Nikol Paşinyan hökumətinin sülh prosesində maraqlı davranmasından sonra sərhəddə baş verən təxribatlar təsadüfi deyil. Siyasi şərhçilərin qənaətincə, atəşkəsin pozulması ilə yanaşı, Ermənistanda müxalifətin hökumətə qarşı etiraz aksiyaları və qondarma rejimin təmsilçilərinin xarici ölkələrə ayaq açması müəyyən kənar güclərin Cənubi Qafqaz regionunda gərginlikdə maraqlı olmasından xəbər verir. 
  Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Şərq"ə bildirib ki, 30 il ərzində torpaqlarımızın işğalda qalmasında maraqlı olan güclər indi də tərəflər arasında qarşıdurmanın yaranmasına çalışır. Partiya rəhbəri vurğulayıb ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün uzun illər vasitəçilik missiyasını icra etmiş ATƏT-in Minsk qrupunun həmsədrləri arasında sanki rəqabət başlayıb: "Halbuki, üç həmsədr ölkənin heç biri 30 il ərzində münaqişənin həlli istiqamətində irəliyə doğru addım atmayıblar. Əksinə, öz yanaşmaları ilə ilə Ermənistanın təcavüzkar siyasətinə dəstək verərək, Azərbaycan torpaqlarının işğalda qalmasına şərait yaratmışdılar. 44 günlük müharibədən bu yana Rusiya, ABŞ və Fransa vasitəçilik təşəbbüsləri ilə çıxış edirlər. Ötən dövr ərzində Azərbaycan və Ermənistan rəhbərliyi arasında 4 dəfə Brüsseldə, 3 dəfə isə Moskvada görüş baş tutub. Bundan əlavə hökumətlərarası təmaslar, XİN rəhbərlərinin danışıqları da reallaşıb. Ancaq müharibədən iki il ötsə də, hələ Ermənistan və vasitəçi Rusiya üçtərəfli anlaşma ilə üzərlərinə götürdükləri öhdəliklərə əməl etmir. Sərhədlərin demarkasiya və delimitasiyası da nəticələnməyib. İkitərəfli komissiyaların fəaliyyətində də real və ciddi irəliləyişlər yoxdur".
  A.Əlizadə qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması məhz Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən Brüssel görüşündən sonraya təsadüf edir: "Ermənistanda etirazlar başladı, qondarma rejimin "rəsmiləri" dərhal hərəkətə keçdilər. ABŞ və Fransa səfirləri ümumi prosesə qarşı dirəniş sərgilədilər. Quldur David Babayanın ABŞ Konqresində çıxışı planlaşdırıldı. Qarabağdakı qondarma rejimə növbəti dəfə "minalardan təmizlənmə" adı altında maliyyə yardımı edilməsinə qərar verildi. Birmənalı görünür ki, ABŞ, Avropa Birliyinin bəzi ölkələri və Rusiya Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhün imzalanmasında maraqlı deyillər. Gərginliyin qalması həmin dövlətlərin regiona nüfuz etmək imkanlarını qoruyub saxlayır. 
  Burada bir məqam da aydın olur ki, Paşinyan hökuməti erməni ordusuna, güc strukturlarına nəzarət etmək iqtidarında deyil. Ermənistanın indiki müxalifəti birbaşa Kremldən idarə olunur. Ona görə də kənar güclərin "gözəgörünməyən" müdaxilələri ilə sərhəddə ardıcıl təxribatlar baş verir. Məqsəd sülh prosesində hansısa irəliləyişə mane olmaq, mövcud razılaşmaların həyata keçməsinə imkan yaratmamaqdır. Lakin rəsmi Bakı əvvəl-axır istəyinə nail olacaq. Azərbaycan öz güclü müttəfiqi Türkiyə ilə bölgədə söz sahibidir. Azərbaycan hərbi gücünü nümayiş etdirdikcə, problemlərin həllinə tədricən nail olur".