Paşinyan sərsəmləyir

Azərbaycan-Ermənistan sərhədləri şərtidir

Delimitasiya-demarkasiya olmadığı müddətdə bu ərazilərin kimə məxsus olduğu da sual altındadır

  Ermənistan Baş naziri Nikol Paşinyanın “Azərbaycan Ermənistan ərazisinə təcavüz edib” iddiası başqa dairələrdə də gündəmə gətirilir. İrəli sürülən əsas “arqument”lərdən biri belədir ki, hər iki ölkənin hazırkı ərazisi və sərhədləri BMT-yə daxil olanda tanınıb. Ona görə də son döyüşlərin getdiyi ərazilərin "Ermənistana məxsus" olduğu iddia olunmaqdadır. Bəs, əslində necədir? Əvvəlcə, xatırladaq ki, Paşinyan parlamentdə çıxışı zamanı deyib ki, "Azərbaycan sonuncu döyüşlərdə Ermənistan ərazisinin daha 10 kvadrat kilometrini tutub". 

Baş nazir əlavə edib ki, Azərbaycan öz Silahlı Qüvvələrinin de-fakto dayandığı hüdudda ərazi bütövlüyünün tanınmasını tələb etsə, Ermənistan bu şərtləri qəbul etməyəcək. Onun sözlərinə görə, Ermənistanın ayrı-ayrı əraziləri "işğal" edilirsə, Azərbaycanın ərazi bütövlüyü tanına bilməz: "Müasir Ermənistanın əraziləri Ermənistan SSR-nin əraziləridir və biz yalnız ərazi bütövlüyümüzün tanınmasından sonra sülh sazişi imzalamağa hazırıq". 

  Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə bildirib ki, Azərbaycan və Ermənistan 1992-ci ildə BMT-yə daxil olanda Qarabağda müharibə gedirdi və iki ölkə arasındakı sərhəd müəyyən edilməmişdi. Analitik qeyd edib ki, Paşinyan MDB-yə üzv olanda tərəflərin qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıdığını iddia edir:

 "Halbuki, Azərbaycan 1991-ci ildə MDB-yə daxil olmağa razılaşsa da, parlament bunu 1993-cü ildə ratifikasiya edib. Digər yandan iki ölkə arasında sərhədin delimitasiya edilməməsi həmin ərazilərin kimə məxsus olduğunu da şübhələndirir. Fransanın istəyi ilə BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda üzv ölkələrin yekdil mövqeyi sərhədin delimitasiya olunması haqda oldu. Yəni Azərbaycanı Ermənistana "hücum etməkdə” ittiham edən Qərb də reallığı qəbul edir. Naxçıvanın Kərki, o cümlədən, Qazaxın 7 kəndi erməni işğalı altında qalmaqdadır. Paşinyanın özü belə bu kəndlərin hüquqi statusunun mübahisəli olduğunu vurğulayıb. O zaman hansı sərhəddən, yaxud "Ermənistan ərazisindən" bəhs edilə bilər?! SSRİ dövründə otlaq və əkin sahəsi adı altında Ermənistana verilən ərazilərimizin taleyi hələ də sual altındadır. Bu, sərhədin hansı ilin xəritəsinə uyğun müəyyən edilməsi prosesində müəyyənləşəcək. 30 illik işğal dövründə Ermənistan dövlət sərhədini irəli çəkmişdi. Müharibədən sonra bir neçə istiqamətdə bu sərhəd bərpa olunub, lakin proses başa çatmayıb". 

  Ekspert bəyan edib ki, Azərbaycan-Ermənistan sərhədi şərtidir və delimitasiya-demarkasiya olmadığı müddətdə bu ərazilərin kimə məxsus olduğu da sual altındadır: 

"Bu gün bir-birinə qarşı ərazi iddiası olmayan, lakin sərhədlə bağlı problemlər yaşayan onlarla ölkəni nümunə göstərmək olar. Azərbaycan və Gürcüstan arasında münaqişə yoxdur, ərazi bütövlüyü qarşılıqlı olaraq tanınır. Lakin Keşikçi dağı məbədi ilə bağlı məsələ hələ də açıq qalıb. İki ölkə sərhədin bu istiqamətində delimitasiyanı həyata keçirdikdən sonra parlamentlər ratifikasiya etməli, daha sonra BMT-yə təqdim edilməlidir. Ermənistan və Gürcüstan arasında da sərhədin müəyyən hissələrinin delimitasiyası problemi qalır. Hazırda toqquşmaların yaşandığı Qırğızıstan və Tacikistanın da əsas problemi sərhədin müəyyən edilməməsidir. Bu ölkələr də Azərbaycan və Ermənistan kimi SSRİ dağılanda BMT-yə birgə üzv olublar. Azərbaycan və Ermənistan arasında döyüşlərin kimə məxsus olduğu hələ rəsmi şəkildə müəyyən edilməyən ərazilərdə baş verib. Çox təəssüf ki, bu məsələni izah etmək məcburiyyətini yaradan azərbaycanlılar da var".