Rusiya savaşı bitirmək istəyir

Türkiyənin sülh çağırışlarına indi də Ukrayna yaxın durmur

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya rəhbəri Vladimir Putinin Ukraynadakı müharibəni tezliklə bitirməsinə çalışdığını söyləyib. Ərdoğan Ukraynanın sülhlə bağlı Rusiya ilə eyni yanaşmada olmasının vacibliyindən danışıb: "Mən anladım ki, onlar həqiqətən də müharibənin tezliklə bitməsini istəyir. Müharibə kursunun bəlaları çoxdur. İndi məsələn, 200 əsirin qarşılıqlı dəyişdirilməsi barədə razılıq əldə olunub. Bu, çox yaxşı inkişafdır. Bunlar yaxşı xəbərlərdi, amma Ukrayna müharibənin dayandırılmasında Rusiya ilə eyni yanaşmada olmalıdır və biz bu müharibəni bitirmək əzmində olmalıyıq”. 
Kremlin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Ukraynadakı vəziyyətin siyasi-diplomatik yollarla həlli üçün perspektiv mövcud deyil: "Hazırda belə perspektiv görünmür”.

  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov "Şərq"ə deyib ki, Türkiyə Prezidenti R.T.Ərdoğan tərəflərə mesaj verir ki, müharibəni dayandırmaq üçün hər tərəf səy göstərməlidir. Analitik qeyd edib ki, Ərdoğanın bu cür çağırış etməsinin səbəbi tərəflərin sülhə meyilli addımlar atmamasıdır: 

"Hər iki ölkə öz arqumentlərini ortaya qoyur. Ukrayna tərəfi bildirir ki, işğal altında olan bütün torpaqları geri alanadək müharibənin dayanma ehtimalı yoxdur. Hazırda Kiyev hökumətinin əsas məqsədi Rusiya ilə sərhədə çatmaq, Donetsk və Luqanskı, eyni zamanda Krımı rus hərbçilərindən təmizləməkdir. Rusiyada isə iqtisadi vəziyyət ağırlaşır, silah-sursat tükənir. Ona görə də Moskva müharibəni bitirməkdə maraqlı olduğuna işarə edir. Lakin məsələ ondadır ki, Rusiya savaşı saxlamaq niyyətində olsa da, Qərb ölkələri müharibəni dayandırmağı düşünmür. Ukrayna müharibəsi elə həddə çatıb ki, hər dövlət, xüsusən Qərb ölkələri bu məsələdə öz maraqlarını güdürlər. Türkiyənin əsas hədəfi isə sülhü təmin etmək və prosesləri nəzarət altına almaqdır. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Çünki hər iki ölkə - həm Rusiya, həm də Ukrayna özündən ixtiyarsız bir savaşa sürükləniblər. İndiki halda Qərbin də sülhdə, müharibəni dayandırmaqda maraqlı olması şərtdir. O səbəbdən münaqişə davam edir və gərginliyin bir müddət davam edəcəyi ehtimal olunur. Türkiyənin niyyəti ilə yanaşı, müharibə tərəflərinin də iradəsi ortaya qoyulmalıdır. Hələlik isə bu iradə görünmür".