Pelosi yenidən aqressivliyi qızışdırır

Bu qadın Amerikanın prinsipial mövqeyinə zidd çıxış edir

  Sentyabrın 20-də Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib. İclasda Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib. Komitə sədri Siyavuş Novruzov bildirib ki, Vətən uğrunda gedən döyüşlərdə əsgərlərimizin göstərdiyi şücaət hər bir Azərbaycan vətəndaşına bir örnəkdir. Sonra komitə sədri gündəliyə 4 məsələnin daxil edildiyini deyib.

O, əvvəlcə, Milli Məclisin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində Regional məsələlər komitəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, ötən sessiyalarda komitənin 4 iclası keçirilib. Şuşa şəhərində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yeni regional, sosial-iqtisadi və aqrar inkişafın ünvanıdır” mövzusunda dinləmələr olub.

 Diqqətə çatdırılıb ki, hesabat dövründə Regional məsələlər komitəsi ölkənin müvafiq dövlət qurumları və aidiyyəti beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq şəraitində səmərəli fəaliyyət göstərib. Komitənin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Tarix yazan imza”  mövzusunda videokonfrans keçirilib. 

Qeyd olunub ki, yaz və növbədənkənar sessiyaları ərzində komitə üzvləri tərəfindən mütəmadi olaraq vətəndaşların qəbulu keçirilib, onların müraciətlərinə baxılıb. Ümumilikdə komitəyə vətəndaşlardan 2102 müraciət daxil olub. 1704 müraciətin icrası təmin edilib, digər müraciətlər baxılması üçün aidiyyəti qurumlara göndərilib. 

Deputatlar cəmiyyətin həssas qrupları, o cümlədən şəhid ailələri, qazilər, müharibə iştirakçıları və aztəminatlı ailələrlə görüşüb, onların qayğıları ilə maraqlanıblar. Sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində aktual məsələlərlə bağlı çıxış ediblər. 

  Sonra Regional məsələlər komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi təqdim edilib. Diqqətə çatdırılıb ki, növbəti sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin, bəzi qanunlarda dəyişikliklər edilməsi haqqında sənədlərin müzakirəsi, dinləmələrin keçirilməsi nəzərdə tutulub. 

  Deputatlar, həmçinin Ermənistanın Azərbaycan sərhədində törətdiyi təxribatlar və digər aktual məsələlərə münasibət bildiriblər. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi yenidən aqressivliyi qızışdırır, separatizmə dəstək verir. Komitə sədri bildirib ki, bəlkə də Nensi Pelosi atasının yasında o qədər ağlamayıb: 

“Ora gedir, ağlayır, bura gedir, ağlayır. Onun indi yaşıdlarının dəfn mərasimində ağlayan yaşıdır. Bu qadın Amerikanın prinsipial mövqeyinə zidd çıxış edir, bölgədə gərginliyin artırılmasına səbəb olan çıxışlar edir”.