Xarici təhdid, “sionizm” iddiası, "terror təhlükəsi"...

Asif Nərimanlı: "İran diqqəti daxili etirazlardan yayındırmaq istəyəcək"

  "Son sərhəd toqquşması və Ermənistanın sərgilədiyi mövqe fonunda üçtərəfli razılaşmaların icrasına diplomatik yolla nail olmaq imkanı zəifləyir". Bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, bu, yeni eskalasiyaların ola biləcəyi ehtimalını da artırır: "Xüsusilə İrəvanın sülh gündəliyini sıradan çıxarmaq məqsədilə təxribatları genişləndirəcəyi gözlənilir. İranı proseslərin mümkün inkişafı narahat edir. Bəs İran hansı addımlar ata bilər? Tehranın İrəvana hərbi yardım verməsi hər zaman aktual olub. Lakin bir neçə məqam bu senarini zəiflədir. İran və Ermənistan arasında hərbi yardıma zəmin yaradan heç bir anlaşma yoxdur. İranın hərbi yardımı üçün Ermənistan rəsmi müraciət etməlidir. Ancaq KTMT-yə üzvlük İrəvanın bu imkanını zəiflədir. Zəngəzur dəhlizinin açılmasında da maraqlı olan Rusiya İranın Ermənistana praktiki girişinə imkan verməz. İran bu prosesdə daha çox Azərbaycanı dayandırmaq istiqamətində addımlar ata, Bakıya qarşı bəyanatlar və hədələrlə çıxış edə, həm dini, həm “sionizm” iddiası üzərindən təbliğatı genişləndirə bilər. Bu həm də mövqeyini bəlli etməsi məqsədi daşıyır. Həmçinin, regionda “terrorçuların mövcudluğu” iddiasını yenidən aktuallaşdıra və öz ərazisində hansısa “terror aktı” kimi senarilərlə “arqument” əldə etməyə çalışa bilər. Ya da sərhədə "təlim" adı ilə qoşun toplayar. Bölgədə vəziyyətin gərginləşməsi, “sionizm” iddiası, xarici təhdid, “terror təhlükəsi” üzərindən kampaniyanın yenilənməsi və ordunun kazarmalardan çıxarılması İrana diqqəti hazırda baş verən daxili etirazlardan yayındırmaq üçün də sərfəlidir".