Türkiyə elə Qərb deməkdir


Rusiya da əslində bundan narahatdır

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da "PBS" televiziyasına müsahibəsində Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq niyyəti ilə bağlı danışıb. Ərdoğan deyib ki, Avropa İttifaqı 52 ildir onları “qeyri-müəyyən vəziyyətdə” saxlayır: “Biz NATO ölkəsi olsaq da, hətta NATO ölkələri Avropa İttifaqı prosesində bizi gözlədir. İstər-istəməz fərqli axtarışlara girmək vəziyyətində ola bilərik. Avropa İttifaqı bizi 52 il tutub-saxlayacaq, ona yaxınlaşmağa imkan verməyəcək və ondan sonra "niyə burada görüşdü, niyə orda görüşdü?" deyəcək. 

Görüşərəm”. Türkiyə lideri bildirib ki, təhlükəsizlikdən iqtisadiyyata, enerjidən nəqliyyata, kənd təsərrüfatından turizmə qədər bütün sahələrdə əməkdaşlıq etməyə hazırdırlar. Rusiyanın Şanxay Əməkdaşlıq Təşkilatındakı (ŞƏT) xüsusi nümayəndəsi Bəxtiyar Hakimov isə deyib ki, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq istəyirsə, NATO üzvü olmamalıdır. Hakimovun sözlərinə görə, Türkiyə uzun müddətdir dialoq tərəfdaşı kimi ŞƏT-in fəaliyyətlərində iştirak edir: "Müraciət daxil olarsa, diqqətlə müzakirə ediləcək. Hazırda heç bir müraciət almamışıq". Hakimov onu da deyib ki, Türkiyə ŞƏT-ə üzv olması üçün bir sıra meyarlara cavab verməlidir: "Yeni üzvlərin qəbulu üçün bir sıra meyarları özündə əks etdirən əsasnaməmiz var. Bu meyarlara Avrasiya regionunda yer almaq, aktiv diplomatik və ticarət-iqtisadi münasibətlərə malik olmaq, ŞƏT-ə üzv dövlətlərlə mədəni əlaqələrə malik olmaq, ŞƏT ölkələri ilə münaqişədə olmamaq, xarici münaqişələrə cəlb edilməmək, BMT Təhlükəsizlik Şurasının sanksiyalarına məruz qalmamaq, həmçinin ŞƏT üzvlərinə qarşı düşmənçilik və ya onlara qarşı fəaliyyət göstərmək və bloklarda yer almamaq daxildir".

  Siyasi şərhçi Rusif Məmmədsoy deyib ki, ümumi mənzərə ondan ibarətdir ki, Türkiyə NATO-dan incikdir və başına gələn bəlaların bir çoxunun səbəbkarı məhz qərb "tərəfdarlarıdır". Ancaq bu o demək deyil ki, Türkiyə belə asanlıqla bu hərbi alyansdan tamamilə uzaqlaşar: 

"Ərdoğan Nyu-Yorkda bir sıra vacib şəxslərlə görüşdü. Görüşlərdən biri də Respublikaçıların ən nüfuzlu üzvlərindən biri, senator Lindsay Grahamla oldu. Graham da açıqlamasında bildirib ki, Türkiyə ilə fikir ayrılıqlarına rəğmən onlar üçün vacib tərəfdaşdır və Bayden admini F-16 ların Türkiyəyə tədarükü ilə bağlı addımlar atmalıdır. Bəli, Türkiyə nə qədər də regionda Rusiya ilə əməkdaşlıq içərisində olsa da, bir çox məsələlərdə maraqları üst-üstə düşsə də Türkiyə elə Qərb deməkdir. Rusiya da əslində bundan narahatdır. Rusiya açıq şəkildə deyir ki, balans saxlamayın, tərəfinizi seçin". 
  Ekspert bəyan edib ki, Türkiyə regionun açar ölkəsidir: "Türkiyənin harda, kimin yanında olması olduqca vacibdir. Türkiyə daxildə ciddi problemlərlə üz-üzədir. Xüsusilə də iqtisadi vəziyyət ürəkaçan deyil. Bu vəziyyətin də əsas səbəbkarı məhz Qərbdir. Sadəcə iqtisadi deyil, hərbi müstəvidə də Türkiyəyə qarşı planlar var. Yunanıstan Türkiyəyə qarşı qaldırılır və Türkiyənin öz regionunda başının qatılmasına hesablanıb. Rusiya tərəfi isə Türkiyədə keçiriləcək növbəti seçkilərdə Ərdoğanı dəstəkləyir və yenidən seçilməsi üçün hər şeyi etməyə hazır görünür. Onu da qeyd edək ki, bu ilin sonuna qədər iki ölkə arasındakı ticarət dövriyyəsinin 60 milyard dollara çatması gözlənilir. Türkiyə üçün hazırkı situasiyada birmənalı şəkildə qarşı tərəfə keçməsi risksiz deyil. Türkiyə rəhbəri balanslı siyasətdə maraqlıdır. Eyni zamanda Rusiya ilə də əməkdaşlığın daxildəki vəziyyəti də düzəldəcəyinə  ümid edir. Hər halda Rusiyanın sualının cavabsız qalacağına və ya suala tam cavab verilməyəcəyini düşünürəm. Vəziyyət elə bir yerə gəlib çatıb ki, Türkiyə uğrunda mübarizə başlayır. Türkiyənin harada olması çox vacib və əhəmiyyətlidir".