SOROS-çular Paşinyanı qoruyacaq

Ermənistandakı aksiyaların təşkilində xarici siyasi güc faktorları mühüm rol oynayır

  Ermənistanda ölən hərbçilərin yaxınları və qohumları “Yerablur” hərbi məzarlığında hökumət nümayəndələrinin qoyduqları əklilləri aşırıblar. Onlar polisin ölən əsgərlərin yaxınlarını zor gücünə məzarlıqdan çıxarmasına etiraz ediblər: "Əgər bu mənəviyyatsız insanlar ölən əsgərlərin analarına bu cür rəftara yol verirsə, onların əklilləri burda olmamalıdır. Onlar ən həssas yerdən vurdular”. Polis ümumilikdə 30 nəfəri saxlayıb. Ölən əsgərlərin yaxınları Baş nazir Nikol Paşinyanı hərbi məzarlığa buraxmamaq üçün gecədən ərazidə keşik çəkirdi. Polisin müdaxiləsindən sonra Paşinyan məzarlığa maneəsiz daxil olub.

  Ermənistandakı növbəti etiraz aksiyalarını "Şərq"ə təhlil edən politoloq Tural İsmayılov deyib ki, Ermənistandakı aksiyalar xarici qüvvələr tərəfindən dəstəklənir. Analitik qeyd edib ki, bundan əvvəlki etirazlarda da biz Rusiya mərkəzli qüvvələrin dəstəyinin şahidi olmuşduq: 

"Ermənistanda Rusiyadan idarə olunan revanşist qüvvələr hakimiyyəti ələ almaq, Nikol Paşinyan və ətrafını linç edərək siyasi proseslərdən uzaqlaşdırmaq istəyirlər. Paşinyanı hakimiyyətə gətirən SOROS-çular Rusiya və müxalifətin niyyətindən xəbərdardır. Ona görə də hər vəchlə Paşinyana dəstək verərək İrəvan hökumətinin yanında olduqlarını göstərməyə çalışırlar. O baxımdan Ermənistandakı aksiyaların müxtəlif dönəmlərdə genişlənəcəyi ehtimalı var. Bu aksiyaların təşkilində xarici siyasi güc faktorları mühüm rol oynayır. Ancaq etirazların yaxın zamanda Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb olma ehtimalı real görünmür. Pislə ən pis arasında qalan erməni xalqı Koçaryan-Sarkisyan cütlüyünün yenidən hakimiyyətə qayıtmasını qətiyyən istəmir".