Parisdə erməni barbarlığı...

Fransanın gerçək simasını dünya ictimaiyyətinə açıb göstərməliyik

  "Fransanın erməni əsilli radikal ünsürlərinin Azərbaycan səfirliyinə basqın etməsinə ilk növbədə müasir Qərb sivilizasiyasının paytaxtı sayılan Parisdə erməni barbarlığının təntənəsi kimi baxmaq lazımdır". Bu sözləri "Şərq"ə açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, Fransanın hüquq-mühafizə orqanlarının olaya müdaxilə etməməsi və baş verənlərə seyrçi münasibət sərgiləməsi Fransaya başucalığı gətirmir: "Rəsmi Paris özünün erməni vətəndaşlarının vandallığına heç bir don geyindirə bilməz. 

Əgər bu ölkənin rəsmi qurumları bizim səfirliyimizi gərəyincə qorumursa və təhlükəsizliklə bağlı təməl prinsiplərə əməl etmirsə, bu o deməkdir ki, erməni vandallarının Parisdəki səfirliyimizə hücum etməsində Makron hökumətinin özü də maraqlıdır

Yeri gəlmişkən, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin Tvitter hesabı üzərindən Emmanuel Makrona olayla bağlı müraciət etməsinə Fransa prezidentinin hələ də reaksiya verməməsi baş verən vandalizm aktında sözügedən ölkənin həqiqətən də maraqlı olduğunu təsdiqləyir. Belə çıxır ki, vaxtilə ABŞ Əl-Qaidə, Taliban, İŞİD kimi terrorçu təşkilatları yaradıb bəslədiyi kimi Fransa da radikal ermənilərdən Azərbaycan və Türkiyəyə qarşı istifadə etməyi düşünür". 

  Ə.Hüseynov qeyd edib ki, Fransa lideri özünü sivil siyasətçi kimi və Qərb demokratiyasının aparıcı ölkələrindən birinin lideri kimi yox, radikalların, vandalların hamisi kimi, dəstəkçisi kimi aparır: 

"1961-ci il Vyana Konvensiyasına görə diplomatların və səfirliklərin təhlükəsizliyinin təmin edilməsini öz üzərinə öhdəlik kimi götürən Fransa hökuməti bu gün beynəlxalq hüququn bu normasına tüpürürsə, doğrudan da Fransaya ayıb olsun. Biz Fransanın beynəlxalq hüquq normalarına bu cür etinasız və sayğısız yanaşmasını BMT başda olmaqla bütün beynəlxalq təşkilatların diqqətinə çatdırmalıyıq. Fransanın gerçək simasını dünya ictimaiyyətinə açıb göstərməliyik. Fransa sərt şəkildə qınanmalıdır ki, ermənilərin səfirliyimizə qarşı vandal davranışına seyrçi münasibət digər ölkələrdə də təkrarlanmasın".