Mətbuat Şurasından gözləntilərin olması təbiidir

Qulu Məhərrəmli: "Mətbuat Şurası bir etik komissiya kimi mediaya, cəmiyyətə və müəyyən ictimai davranışlara təsir göstərə bilər. Həmçinin, yeni sədrin müəyyən konsepsiyası da ola bilər"

  Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Mətbuat Şurasının VIII qurultayı keçirilib. Qurultayda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi namizəddən isə 9-u seçilib. İdarə Heyətinin yeni tərkibi 23 nəfər həqiqi üzvdən ibarət olub. Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar da qəbul edilib. Əvvəlcə Mətbuat Şurasının Nizamnaməsinə təklif olunan dəyişikliklər səsverməyə çıxarılıb. Daha sonra isə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adının yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi adlandırılması barədə dəyişiklik qurultay iştirakçılarının müzakirəsinə təqdim olunub. 

Müzakirələrdən sonra hər iki dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib. Habelə, dəyişikliklə kodeksə yeni 4-cü prinsip (Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi) əlavə edilib. Yekun səsvermənin nəticələrinə əsasən, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Mətbuat Şurası İdarə Heyətinin sədri seçilib. Lakin bir gün sonra Mətbuat Şurasının İdarə Heyətinin tərkibində dəyişiklik olub. Qurumdan verilən məlumata görə, İdarə Heyətinə üzv seçilmiş Niyaz Niftiyev ərizə ilə sədr Rəşad Məcidə müraciət edib. O, işlərinin çox olması səbəbindən İdarə Heyətinin işində iştirak edə bilməyəcəyini deyib və üzvlükdən imtina edib. Mətbuat Şurası İdarə Heyəti Niyaz Niftiyevin müraciətini müzakirə edərək, qərar qəbul edib. Jurnalistlərin VIII qurultayında namizədlər arasında olan və N.Niftiyevdən bir səs az toplamış Yeganə Hacıyeva isə İdarə Heyətinin üzvləri sırasına daxil edilib.

 Qurultayın nəticələri və Mətbuat Şurasından gözləntilər barədə "Şərq"ə danışan tanınmış telejurnalist, Bakı Dövlət Universitetinin professoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Qulu Məhərrəmli deyib ki, Şuranın fəaliyyətindən, iş mexanizmindən və İdarə Heyətinə seçilən şəxslərdən gözləntilərin olması təbiidir. Lakin professorun qənaətincə, sədrin dəyişməsi nəzərə alınmazsa, adi qurultay keçirildi: "Demək olar ki, qeyri-adi heç nə baş vermədi. Uzun illər ərzində, xüsusən Mətbuat Şurasının fəaliyyətdə olduğu təxminən ilk onillikdə Mətbuat Şurasından gözləntilər hədsiz dərəcədə çox olub. Gözləntilərin nə dərəcədə obyektiv, nə dərəcədə əsaslı olması məsələsində ciddi mübahisə görürəm. Mətbuat Şurası mahiyyət etibarı ilə nədir, nəyi ifadə edir? İlk növbədə buna baxmalıyıq. Mətbuat Şurası medianın, xüsusən yazılı mətbuatın özünütənzimləməsi və özündə bir çox jurnalist təşkilatlarını, media qurumlarını birləşdirən ictimai təşkilatdır. Onun əsas funksiyası da media ilə cəmiyyət arasında, cəmiyyətlə hakimiyyət arasında olan münasibətlərdə müəyyən rol oynamaqdır. Xüsusən, mətbuatdan olan şikayət və narazılıqların məhkəməyə qədər həllinə nail olmaqdır. Qurultayda bəzi rəqəmlər səsləndi və qeyd olundu ki, bir çox narazılıqlar məhkəməyə çatmamış Şikayət Komissiyasında həll olunub. Mətbuat Şurasının fəlsəfəsi ilə bu, çox normal haldır. Mətbuat Şurasının hakimiyyətlə, cəmiyyətin müxtəlif təbəqələri ilə işləməsinin özü də normaldır. Hakimiyyətlə işləmək heç bir halda hökumətin göstərişləri ilə işləmək anlamına gəlmir. Amma cəmiyyətdə Mətbuat Şurası haqqında belə bir rəy yaranıb ki, Şura müstəqil deyil və onlar müəyyən iradə altında fəaliyyət göstərirlər. Nə qədər şişirdilmiş olsa da, burada həqiqət də var. Bir çox məsələlərdə, müstəqil qərarların qəbul olunmasında Mətbuat Şurası prinsipial mövqedə dayanmayıb". 

  Q.Məhərrəmli vurğulayıb ki, Mətbuat Şurasının sədri dəyişib və İdarə Heyətinə yeni adamlar gəlib: 

"Mətbuat Şurası bir etik komissiya kimi mediaya, cəmiyyətə və müəyyən ictimai davranışlara təsir göstərə bilər. Həmçinin, yeni sədrin müəyyən konsepsiyası da ola bilər. Mətbuat Şurası çərçivəsində, onun fəlsəfəsinə uyğun addımlar atılar və s. Ancaq bütövlükdə hansısa inqilabi dəyişlik olacağını, MŞ-nin media və cəmiyyətə ciddi təsir göstərəcəyini düşünmürəm".