Baş nazir ikinci cəbhə açır 

Paşinyan Ermənistanı birdəfəlik Qərbə inteqrasiya etmək niyyətindədir

  "Nikol Paşinyanın BMT-dəki çıxışı və Blinkenlə görüşləri onu deməyə əsas verir ki, o, yeni müharibənin başladılmasını və ardınca Rusiyanın Ermənistandan çıxarılmasını hədəfləyir". Bu barədə politoloq Zaur Məmmədov deyib. Ekspert bildirib ki, Paşinyan öz çıxışı ilə bütövlüklə Azərbaycanı dünya qarşısında "aqressor" kimi qələmə verib: "Çıxışı zamanı Paşinyan Azərbaycanı Ermənistan ərazisini işğal etməkdə günahlandıraraq Bakının sülhü hədəfləmədiyini qeyd edib. 

ABŞ və Qərbin xoşuna gəlmək üçün son hadisələri Azərbaycanın Ermənistandakı demokratik suveren dövlət quruculuğunu boğmaq kimi dəyərləndirib. Eyni zamanda, bu fonda Rusiyanı fəaliyyətsizlikdə ittiham edib. Bu azmış kimi, Nikol sərhəddə monitorinqin aparılması üçün beynəlxalq müşahidəçilərin cəlb edilməsinin vacibliyinə toxunub. Paşinyan üçtərəfli bəyanatda Zəngəzura məhz dəhliz statusunun verilməsi ilə bağlı ifadənin olmamasını da bəyan edib". 

  Analitik qeyd edib ki, Paşinyanın Nyu-Yorkdakı çıxışı müharibə riskini artıran ifadələrlə yadda qaldı: "Ermənistan demarkasiya və dəhliz məsələsində  nəticəyə hazır olmadığını sübut etmiş oldu. Halbuki, müxtəlif mənbələrin məlumatına görə, 9 noyabr tarixində yazılı şəkildə üçtərəfli bəyanat kimi öhdəlikdən başqa Paşinyanın Putinə verdiyi "kişi sözü" də var. Həmin şifahi razılaşmaya görə daxili auditoriyanı çaşdırmaq üçün Bəyanatda "maneəsiz" ifadəsi yer almışdı və anklavlar məsələsi ikinci versiyada sənəddən çıxarılmışdı. Paşinyan anklavlar da daxil olmaqla tez bir zamanda demarkasiyaya gedəcəyini və koridor statusunda Zəngəzur xəttini açaçağına söz vermişdi".

Z.Məmmədov vurğulayıb ki, Ermənistan öz ərazisində Rusiya faktorunu minimallaşdırmaq və ABŞ-ın Qafqazdakı əsas dayaq nöqtəsi olmasını hədəfləyir: 

"Paşinyan verdiyi vədlərə əməl edilməməsinin həm Azərbaycan, həm də Rusiya tərəfindən cəzalandırılması riskini də çox yaxşı bilir. Beləcə, Ermənistan Azərbaycanın Naxçıvana və Göyçə gölünə qədər hərbi əməliyyatlar keçirməsinə zəmin və şərait yaradır. Xatırladım ki, 1920 -ci ildə "Ararat respublikası" SSRİ-nin tərkibinə daxil olarkən Qərbi Zəngəzur və Göyçə bölgələri Azərbaycan ərazisi idi və sərhəd xətti qərbdə idi. Hər halda son hadisələr ABŞ, Aİ, İran, Türkiyə, Rusiya arasında Qafqaz uğrunda mübarizəni qızışdırır və regionu qeyri-sabit nöqtəyə çevirir. Paşinyanın yürütdüyü siyasət qanların axıdılmasına yönəlib. O, ikinci cəbhə açaraq Ermənistanı birdəfəlik Qərbə inteqrasiya etmək niyyətindədir".