"Azərbaycan üçün riskli vaxtdır"

"Zamanın uzanması özü ilə əlavə istəkləri də gətirə, ermənilərin maraqlarının hansısa məsələdə nəzərə alınması şərtlərini yetişdirə bilər”
“O baxımdan, məhz indi, Rusiya və İranın “məşğul” olduğu vaxt Ermənistan sülh sazişinə məcbur edilməlidir"
  Ermənistanın sabiq dövlət başçısı Levon Ter-Petrosyan sülh müqaviləsi ilə bağlı açıqlamalar verib. Keçmiş prezident bildirib ki, Ermənistanı çətin və ağrılı qərarlar gözləyir. Onun sözlərinə görə, İrəvan həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq: "Bu, heç kimə xoş gəlmir, lakin elə an gələcək ki, başqa seçim olmayacaq”. Petrosyan deyib ki, əgər rəsmi Bakı və Ankara ilə problemlər həll olunmasa, tezliklə Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək. Eyni zamanda, sabiq prezident Azərbaycanla mümkün sülh müqaviləsinin imzalanmasını Ermənistanın kapitulyasiyası adlandırıb. O xatırladıb ki, tarixdə Ermənistandan qat-qat güclü dövlətlərin təslim olması halları çox olub. Bu kontekstdə keçmiş prezident Yaponiyanı misal çəkib: "Dünyada elə bir qonşu ölkə yoxdur ki, onlar arasında sülh sazişləri imzalanmasın. Bəli, bu, Ermənistanın kapitulyasiyasıdır". Petrosyan vurğulayıb ki, Paşinyanın yerinə gələcək hər kəs, yəqin ki, daha xoşagəlməz sənədə imza atacaq.
  Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, Levon Ter-Petrosyanın Ermənistanın gələcəyi ilə bağlı proqnozları bir çox hallarda doğru çıxıb. Analitikə görə, Petrosyan münaqişə həll olunmazsa, Ermənistanın indi düşdüyü vəziyyəti, 2016-cı il “aprel döyüşləri”ndən sonra 2020-ci il müharibəsində baş verənləri də əvvəlcədən proqnozlaşdırırdı: "İndi dedikləri də siyasi təbliğat yox, reallıqdır. 44 günlük müharibədən sonra razılaşmaların icrasından yayınan Ermənistan geosiyasi şərtlərin dəyişəcəyi ümidi ilə vaxtı uzadır. İrəvan üçün bu şərtlərin dəyişməsi imkanları indi yaranıb. Xüsusilə son sərhəd döyüşləri fonunda Qərbdə Azərbaycana qarşı müəyyən çağırışların edilməsi, Vaşinqton-Moskva qarşıdurmasında ermənilərə müəyyən yatırımların edilməsi bu perspektivi yaradır. Hərçənd, coğrafiyanın diktə etdiyi reallıqlar uzaq Qərbin epizodik xarakterli dəstəyinin Ermənistanı xilas edə biləcəyi ehtimalını arxa plana keçirir. İrəvan Bakı və Ankara ilə anlaşmağa məhkumdur".
  Ekspert qeyd edib ki, indi Azərbaycan üçün riskli vaxtdır: "Zamanın uzanması özü ilə əlavə istəkləri də gətirə, ermənilərin maraqlarının hansısa məsələdə nəzərə alınması şərtlərini yetişdirə bilər. O baxımdan, məhz indi, Rusiya və İranın “məşğul” olduğu vaxt Ermənistan sülh sazişinə məcbur edilməlidir".