İran fakt qarşısında: "Azərbaycanın suallarına cavab verməlidir!"

“Azərbaycanın suallarına cavab verməyə borcludur”
  "İkinci Qarabağ savaşında Azərbaycanın Ermənistan üzərində parlaq qələbə qazanaraq öz torpaqlarını işğaldan azad etməsi cənub qonşumuz İranı hər kəsdən daha çox narahat edib". Bu sözləri "Şərq"ə açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov deyib. Analitik bildirib ki, Azərbaycan tərəfi dəfələrlə dostluq və mehriban qonşuluq prinsiplərinə sadiqlik nümayiş etdirsə də, İrandakı bəzi dairələrin əsas məqsədi iki dövlət arasında münasibətləri düşmənçilik səviyyəsinə çatdırmaqdı: "İran həm müharibə zamanı, həm də sonrakı mərhələdə Ermənistan üçün əlindən gələn bütün yardımları etməkdədir. Hətta dəfələrlə İrana məxsus yük maşınları Laçın dəhlizindən keçərək Xankəndinə yüklərin daşınmasını həyata keçirib. Nəticədə Azərbaycan tərəfi öz sərhədlərinin təhlükəsizliyinin təmin olunması və daşınan qanunsuz yüklərin qarşısını almaq məqsədi ilə Gorus-Qafan yolunda polis və gömrük postları quraraq daşınan yüklərin baxışını həyata keçirməyə başladı. Bu da Rusiya və Ermənistandan daha çox İranı narahat etdi. Tehranın narahatlığı o yerə çatdı ki, son ay yarımda İranın Azərbaycandakı səfiri Seyid Abbasəli Musəvi iki dəfə prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev və bir dəfə baş nazirin müavini Şahin Mustafayevlə görüşdü. Ali dini liderin Ərdəbil üzrə nümayəndəsi Seyid Həsən Amili ənənəvi olaraq yenidən hədə və şantaj kampaniyasını davam etdirərək Azərbaycana qarşı sərsəm fikirlər səsləndirdi. Aslandüzdən başlayaraq İran Culfasına qədər geniş ərazidə hərbi təlimlər keçirdi. Hər kəs tərəfindən məlum idi ki, keçrilən təlimlərin məqsədi Azərbaycana əzələ nümayiş etdirməkdən ibarət idi".
  Analitik vurğulayıb ki, artıq İran fakt qarşısındadır və Azərbaycanın suallarına cavab verməyə borcludur: "Müharibənin başlamasından iki il keçməsinə baxmayaraq, hələ də bölgədə suların durulmasına imkan verməyən qüvvələrin olduğunu demək mümkündür. Əlbəttə, Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsi, İran daxilində baş verən etiraz aksiyaları Azərbaycanın regionla bağlı ümidlərini və istəklərini möhkəmləndirir. Ancaq son nəticədə Ermənistanın mütəmadi şəkildə sərhəd təxribatları və bunun fonunda dörd Brüssel görüşü və 3 Rusiya görüşünün nəticələrini sıfıra bərabər edir. Baxmayaraq ki, Azərbaycan tərəfi sülh danışıqları üçün Ermənistana 5 maddəlik şərt irəli sürüb. Bu şərtlər təkcə Azərbaycanın deyil, eyni zamanda Ermənistanın da maraqlarına cavab verir. Bununla belə həm Ermənistan daxilindəki qüvvələr, həm də İran kimi kənar qüvvələrin "cəhdi" nəticəsində sülhün əldə edilməsi prosesi ləngiyir. Bu isə Ermənistan və onun gələcəyi üçün yaxşı nəsə vəd etmir".