Savaş şiddətlənir! - “Qərblə Rusiya birbaşa üz-üzə gələcək”

“Rusiyanın qondarma rejimlərdə keçirdiyi "referendumlar" regiondakı vəziyyəti daha da kəskinləşdirəcək”
  Rusiya Prezidenti V.Putinin qismən hərbi səfərbərlik elan etməsi ölkəni yanğın yerinə çevirib. 300 min ehtiyat əsgərin xidmətə çağırılmasından sonra başlayan etirazlarda yüzlərlə adam saxlanılıb, xeyli insan isə ölkəni tərk edib. Minlərlə şəxs isə Rusiyanı tərk etmək üçün sərhədlərə toplaşıblar. Rusiyanı quru yolu ilə tərk etmək istəyənlər Finlandiya və Gürcüstan sərhədində uzun növbələr yaradıblar. Ukraynada müharibə davam edərkən ehtiyatda olan 300 min əsgərin həqiqi xidmətə çağırılması, ölkədən uçuşları sürətləndirib. İstanbul kimi şəhərlərə birtərəfli bilet qiymətləri sürətlə artıb. Bir çox yerlərə biletlərin tükənməsi də diqqət çəkib. İnsan haqları təşkilatları etiraz nümayişlərində 1300-dən çox adamın saxlanıldığını açıqlayıb. Bildirilib ki, ölkənin 40 şəhərində aksiyalar keçirilib. Daxili işlər naziri İrina Volk etirazları “qanunsuz və kiçik miqyaslı nümayişlər” kimi qiymətləndirib. Moskva Prokurorluğu xəbərdarlıq edib ki, nümayişlərdə iştirak edənləri 15 ilə qədər həbs gözləyir.
  Ukrayna ilə müharibədə rus qoşunları üçün ən böyük problem kadr çatışmazlığı idi. Mütəxəssislərin fikrincə, Rusiya ordusu hərbi texnika, cəbhə və strateji aviasiya, dəniz qüvvələri baxımından kəmiyyət üstünlüyünə malikdir, lakin hər şeydən əvvəl, onun əsgəri çatmır. Ümumi qiymətləndirməyə görə, Ukrayna silahlı qüvvələri rabitə, yüksək dəqiqlikli taktiki səviyyəli silahlar, kəşfiyyat texnikası və ümumi təşkilatlanma baxımından Rusiya qoşunlarından üstündür. Ən əsası isə Ukraynanın canlı qüvvədə say üstünlüyü var. Xarkov yaxınlığındakı son hücum zamanı bunu tamamilə isbat etdi. Cəbhənin Ukrayna zərbəsi üçün seçilən sektorunda rus qoşunlarının sıxlığı son dərəcə aşağı idi və Ukrayna Silahlı Qüvvələri Rusiyanın müdafiəsini yararaq üstünlüyə nail ola bildi. Rusiya regionlarda könüllülər cəlb etməklə qoşun çatışmazlığının öhdəsindən gəlməyə çalışsa da, görünür, indiyədək bu cür tədbirlər problemi kökündən həll etməyə kömək etməyib.
  Siyasi şərhçi Azər Rəşidoğlu "Şərq"ə bildirib ki, Ukrayna cəbhəsində uğur əldə edə bilməyən Kreml səfərbərliklə nəyəsə nail olacağına ümid edirdi. Lakin Rusiya hökumətinin qismən səfərbərlik elan etməsi müharibə əleyhinə olan çoxsaylı insanların küçələrə çıxması ilə nəticələndi: "Bundan başqa, səfərbərlikdən yayınmaq istəyən çoxsaylı insan kütləsi təcili şəkildə Rusiyanı tərk etməyə çalışır. İnsanlar savaşa qatılmaq istəmir. Onu da unutmayaq ki, artıq bir neçə gündür Ukraynanın Rusiyanın nəzarətində olan ərazilərində bu ölkəyə birləşməklə bağlı “referendum” keçirilir. Kreml bəyan edib ki, yerli əhalinin seçiminə “hörmətlə” yanaşacaq. Əhali Rusiyaya birləşməyə tərəfdar olduğu təqdirdə, işğal zonasındakı ərazilərə hər hansı bir hücumu Rusiyaya hücum kimi dəyərləndirəcəklər. Hətta bu fonda iddialar səslənir ki, Kreml nüvə silahına da əl ata bilər. Kiyev və bütün Qərb dünyası Moskvanın keçirdiyi bu "referendumu" tanımadığını bəyan edib. ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, Rusiyanın nüvə silahından istifadə edəcəyi hal üçün ABŞ-ın dəqiq fəaliyyət planı var. Rusiyanın qondarma rejimlərdə keçirdiyi "referendumlar" regiondakı vəziyyəti daha da kəskinləşdirəcək. Aydın məsələdir ki, Kremli bu addıma getməyə onun döyüş meydanında uğur qazana bilməməsi vadar edib. Digər tərəfdən, Qərbdən ən müasir silahlar alan Ukraynanın əks-hücuma keçərək, bir sıra əraziləri azad etməsi də Kremli sözügedən ərazilərdə "referenduma" getməyə məcbur edib. Bununla, həm də nüvə silahı məsələsini gündəmə atmaqla Rusiya özünü qarşıda gözlənilən daha sarsıdıcı məğlubiyyətlərdən sığortalamağı düşünür. Nüvə silahının tətbiqi zamanı da böyük ehtimalla Moskva Belarus ərazisindən istifadə etməyə çalışa bilər. Moskva Polşa, Çexiya, Slovakiya kimi Şərqi Avropa ölkələrini də hədəf seçə bilər. Bu baxımdan, düşünürəm ki, Qərblə Rusiya birbaşa üz-üzə gələcək və savaş daha da şiddətlənəcək".