Parisdən gələn zəng…


Asim Mollazadə: “Fransa və Ermənistanın istəyi tarixə qovuşmuş Minsk qrupunu, yaxud ona bənzər bir formatı gündəmə gətirməkdir”

“Məqsəd yenidən sonu görünməyən danışıqlar prosesinin başlanmasına nail olmaqdır” 


  Sentyabrın 27-də Fransa rəhbəri Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Dövlət başçıları Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparıblar. Makron sentyabrın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında dövlətimizin başçısına məlumat verib. Azərbaycan Prezidenti məlumata görə təşəkkürünü bildirib. Prezidentlər Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə də danışıblar. 

  Fransanın son günlər xüsusi fəallıq nümayiş etdirməsini "Şərq"ə dəyərləndirən millət vəkili Asim Mollazadə deyib ki, Parisin və İrəvanın istəyi tarixə qovuşmuş Minsk qrupunu, yaxud ona bənzər başqa bir formatı gündəmə gətirməkdir. Deputat vurğulayıb ki, məqsəd yenidən sonu görünməyən danışıqlar prosesinin başlanmasına nail olmaqdır: 

"Şübhəsiz, bu cəhdlər uğursuz olacaq. Azərbaycan və Ermənistan danışıqlarında real platforma formalaşıb. Fransadan fərqli olaraq Avropa İttifaqı və ABŞ Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqlarda həqiqətən maraqlıdırlar. Onlar müzakirələrin davam etməsini və qısa müddət ərzində sülhün əldə olunmasını istəyirlər. Sərhədlərin müəyyənləşməsi, nəqliyyat xətlərinin, kommunikasiyaların tezliklə qurulması Avropa İttifaqı və ABŞ üçün də faydalıdır. Hesab edilir ki, ən uyğun variant ikitərəfli danışıqlardır. Fransanın özünün gündəmdə saxlamaq istəyi isə ölkədəki erməni diasporasından siyasi və maliyyə dəstəyi almaqdır. Hamı bilir ki, Fransa bu proseslərdə özünü heç vaxt səmimi aparmayıb və qərəzli şəkildə hansısa razılaşmanın olmasına imkan verməyib. 30 il ərzində biz bunun dəfələrlə şahidi olmuşuq".