Rusiyanın Ukraynanı işğal planı fiaskoya uğradı 

“Ona görə də “Novorossiya” adlanan ərazilərdə "referendum" adında saxta "seçkilər" keçirərək işğalı qanuniləşdirmək istəyir”

“Ancaq bunlar mənasız cəhdlərdir. Putinin "referendum" saxtakarlığı beynəlxalq birliklər tərəfindən tanınmır”

  Rusiya Prezidenti Vladimir Putin ölkədə səfərbərlik elan edəndən sonra on minlərlə insanın ölkədən çıxmağa hazırlaşdığı qeyd edilib. Gürcüstan və Qazaxıstanla sərhəd-keçid məntəqələrində uzun növbələr yaranıb. Bunu nəzərə alan Rusiya hökuməti Gürcüstanla sərhəddə hərbi komissarlıq idarəsi açmağa qərar verib. Qeyd olunub ki, görülən tədbirlərə baxmayaraq vəziyyət kifayət qədər gərgindir. 

Rusiya rəsmiləri ölkədən qanunsuz yollarla çıxanların, daha doğrusu, müxtəlif üsullarla qonşu respublikalara qaçanların geri qaytarılacağını bildiriblər. Qazaxıstan Daxili İşlər Nazirliyinin rəhbəri Marat Ahmetjanov isə bildirib ki, iki dövlət arasında cinayətkarların və cinayətdə şübhəli bilinən şəxslərin ekstradisiyasına dair razılaşma var. Lakin çağırış vərəqəsi almayaraq Rusiya Federasiyasını tərk edənlərin təhvil verilməsi üçün heç bir hüquqi əsas yoxdur. 

  Gürcüstan müxalifəti Rusiya ilə sərhəddə etiraz aksiyası keçirib. Onlar Rusiya vətəndaşlarının ölkəyə buraxılmamasını tələb ediblər. Aksiyaçılar hökumətdən Rusiya ilə quru sərhədlərini bağlamasını istəyiblər.

 Etirazçılar rusiyalıların Gürcüstana kütləvi miqrasiyasının ölkə iqtisadiyyatına ziyan vuracağını, həmçinin təhlükəsizlik riskləri yaratdığını bildiriblər. Aksiyaya ukraynalı fəallar də qoşulub. Finlandiya Sərhəd Mühafizəsi də rusların Finlandiyaya keçməsinin qarşısını almaq üçün hasar çəkilməsini istəyib. Rusiya-Finlandiya sərhədində fiziki maneənin qurulması tövsiyə olunub. Sərhəd Mühafizəsinin rəisi Pasi Kostamovara bildirib ki, hasarlar şərq sərhədi boyunca 130-260 kilometrlik ərazini əhatə edəcək. Finlandiyadakı sərhəd qapıları Rusiya vətəndaşlarının quru yolu ilə Avropa İttifaqı ölkələrinə daxil olması üçün nadir keçid məntəqələridir. Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları səbəbindən Rusiyadan Aİ ölkələrinə uçuşlar mümkün deyil. Rusiya ilə həmsərhəd olan digər Aİ ölkələri də keçidlərə icazə vermir. Bu arada Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib ki, səfərbərlikdən qaçan Rusiya vətəndaşları sığınacaq üçün ABŞ-a müraciət edə bilərlər: "Biz inanırıq ki, vətəndaşlığından asılı olmayaraq, onlar ABŞ-a sığınacaq üçün müraciət edə bilərlər. Hər bir müraciətə ayrı-ayrılıqda baxılacaq". Bununla belə, o, səfərbərlikdən qaçan ruslara sığınacaq verilməsi üçün hansısa xüsusi imtiyazların verilib-verilməyəcəyinə aydınlıq gətirməyib. 

  Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Şərq"ə açıqlamasında bildirib ki, Putinin səfərbərlik haqqında fərmanı Rusiya cəmiyyətini ciddi şəkildə narahat etməyə başlayıb. Partiya rəsmisi qeyd edib ki, Putinin “qismən səfərbərlik” fərmanı və onun yerinə yetirilməsi də çox biabırçı şəraitdə davam edir:

 "Fərmanda müəyyən ixtisasa malik və məhdud sayda çağırışçıların cəlb ediləcəyi deyilirdi. Lakin güc strukturları küçə və bazarlarda qarşılarına keçəni hərbi mükəlləfiyyətinə baxmadan döyüşlərə cəlb etməyə çalışırlar. Regionlarda etirazlar son həddə çatıb. Çağırışçıların valideynləri və yaxınları sözün əsl mənasında gəncləri güc strukturlarının əllərindən alırlar. Dağıstanda hərbi komissarın əmri ilə çağırış dayandırılıb. Rusiyada əzizlərini itirmək qorxusu əhalidə çaxnaşma yaradıb. Amma bu həyəcan təbilini ukraynalı dinc insanların öldürüldüyü günlərdə çalmaq lazım idi. Səfərbərlik elan olunan andan bir neçə gün ərzində 500 min rus gənci ölkəni tərk edib və yüz minlərlə insan Finlandiya, Monqolustan, Çin, Gürcüstan, Ermənistan və Azərbaycana can atır". 

  Partiya rəsmisinin sözlərinə görə, müharibənin ilk günlərində rusların uğurlu hərbi əməliyyatlardan ruhlanması Putinin uzun illər apardığı işğalçılıq siyasətinin bəhrəsi idi:

 "Avqust və sentyabr aylarında Ukrayna ordusunun təsirli əks-həmlələri nəticəsində 150 minlik xüsusi təlim görmüş rus ordusu darmadağın edildi. Putin Ukraynanın şərqini zəbt etsə də, bundan artığına gücü yetmədi. Rusiyanın bütün Ukraynanı nəzarətə götürmək planı uğursuz oldu. Hazırda Rusiyanın əsas məqsədi işğal etdikləri ərazilərdə möhkəmlənməkdir. Ona görə də hələlik şərti olaraq “Novorossiya” adlanan ərazilərdə "referendum" adında saxta "seçkilər" keçirərək işğalı öz təsəvvürünə görə qanuniləşdirmək istəyir. Ancaq bunlar mənasız cəhdlərdir. 

Putinin "referendum" saxtakarlığı beynəlxalq birliklər tərəfindən tanınmır. Göründüyü kimi rus ictimaiyyəti də Putinin siyasətindən  bezib. Ölkəni tərk etmək istəmələri  bundan qaynaqlanır".