Türkmənistan da qardaş dövlətlər ailəsinə qoşuldu! -"7 dövlət, 1 millət siyasətinin vaxtıdır"

“İndi "7 dövlət 1 millət" siyasətinin tam olaraq reallaşmasının vaxtıdır"
  Türkmənistan Türk Dövlətləri Təşkilatına (TDT) tamhüquqlu üzv olacaq. Bu barədə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. O qeyd edib ki, müvafiq qərar TDT-nin 11 noyabrda Səmərqənddə keçiriləcək sammitində qəbul ediləcək. Xatırladaq ki, Türkmənistan ötən il Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda üzv qəbul edilib. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının üç mərkəzi vardır. Bunlar İstanbul, Bakı və Astanadır. İstanbul ümumi katibliyinin, Bakı parlamentar assambleyasının, Astana isə Beynəlxalq Türk Akademiyasının mərkəzidir. Türkmənistandan sonra təşkilatın tamhüquqlu üzvlərinin sayı 6-ya çatıb. Digər 5 üzv - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır.
Siyasi şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, Türkmənistan türk dünyasının vazkeçilməz bir ölkəsi, önəmli parçasıdır. Analitik deyib ki, Türkmənistan olmadan türk dünyası, xüsusən Türk Dövlətləri Təşkilatı bütünləşə bilməz: "Türkmənistan Azərbaycan və Orta Asiya üçün ən arzuolunan qardaş dövlətdir, eyni millətik. TDT-nin tam formalaşması üçün mütləq Türkmənistanın tamhüquqlu üzv olması əsas şərtdir. Türkmənistan neytrallığını elan etmiş ölkədir, təşkilatlara, bloklara qoşulmur, öz siyasətini yürüdür. Lakin hazırda dünyada baş verməkdə olan proseslər Türkmənistanın da artıq seçim etmək zərurətini ortaya çıxarıb. Türkmənistan başa düşür ki, indiki şəraitdə təkbaşına xilas ola bilməz. Bu ölkənin cənub tərəfində irticaçı İran rejimi var. Bu, çox təhlükəlidir. İranın tərkibində 2 milyon türkmən soydaşımız yaşayır. Şimalda birbaşa sərhədi olmasa da, Rusiya kimi təhlükə mövcuddur. Əlbəttə, Türkmənistan bu dövlətlərlə təkbaşına bacarmaz. Digər yandan yaxın coğrafiyada təcavüzkar Çin var. Çin hətta XXI əsrdə belə uyğurları soyqırıma məruz qoyur və türklərə nifrətini heç vaxt gizlətmir. Əfqanıstanda baş verən proseslər Türkmənistan üçün təhlükəlidir. Bütün bu faktorlar istər-istəməz Türkmənistanın da qardaş dövlətlər ailəsinə qoşulmasını zəruri edir".
  A.Həsrət vurğulayıb ki, Türkmənistan karbohidrogen ehtiyatlarla zəngin ölkədir. Ölkə neft-qazının dünya bazarına çıxarılması üçün yeni imkanlar və yollar lazımdır. Bu yollar da Azərbaycan və Türkiyə üzərindən keçir. Belə bir şəraitdə Türkmənistanın "mən neytralam" deyərək türk dünyası ailəsindən kənarda qalması başadüşülən və məqbul deyildi. İlk növbədə elə Türkmənistanın özü üçün zərərli idi. Bu baxımdan qardaş Türkmənistanın bu qərarı verməsi çox vacib idi. Türkmənistanın TDT-yə tamhüquqlu üzv olması ilə bu təşkilat 7 müstəqil türk dövlətlərindən 6-nı artıq öz nəzdində birləşdirmiş olacaq. 7-ci dövlət - Şimali Kıbrıs Türk Cümhuriyyəti isə hələ də kənarda qalır. Hesab edirəm ki, türk dövlətlərinin başçıları Səmərqənddə keçiriləcək toplantıda Şimali Kıbrısla bağlı da qərar verməlidirlər. İlkin addımlar atılmalıdır. Xüsusən, ABŞ-ın Cənubi Kipr Respublikasını silahlandırması, Yunanıstanın Ermənistanla daha da yaxınlaşması fonunda bu məsələ daha zəruridir. Əgər bizə qarşı olanlar silahlanırsa, biz də birlikdə olmalıyıq. "7 dövlət 1 millət" siyasətinin tam olaraq reallaşmasının vaxtıdır".