Paşinyan: “Delimitasiya komissiyalarının iclasını 31 oktyabrda Brüsseldə keçirməyi təklif etmişik”

Ermənistan Azərbaycana oktyabrın 31-də Brüsseldə delimitasiya üzrə komissiya iclasını keçirməyi təklif edib.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Twitter” hesabında məlumat verib.
Müvafiq məsələ oktyabrın 2-də Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın Cenevrədə keçirilən görüşündə müzakirə olunub. 
Qeyd edək ki, komissiyalara Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mqer Qriqoryan rəhbərlik edir.
Qriqoryan və Mustafayev arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya formatında ilk görüş mayın 24-də Ermənistan və Azərbaycan sərhədində, ikinci görüş avqustun 30-da Moskvada Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə keçirilib.