Səfirliklərimizə hücumlar sistemli xarakter alıb



Türkiyə dövləti və diasporası ilə koordinasiyalı şəkildə ermənilərə qarşı mübarizəni daha da artırmalıyıq

  Son zamanlar xarici ölkələrdəki erməni icmalarının radikal üzvləri tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumlar sistemli xarakter alıb. Vaşınqton, Paris, Beyrut və digər şəhərlərdə səfirliklərimizə qarşı törədilən hücumlar, vandallıq aktları ciddi narahatlıq doğurur. Şübhəsiz, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkəsinin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyidir. Əfsuslar olsun ki, bir sıra Qərb ölkələri qanuni öhdəliklərinə əməl etməkdə laqeydlik nümayiş etdirirlər.

Xatırladırıq ki, Ermənistan 1991-ci ildə müstəqilliyini bəyan etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək məqsədi ilə terroru dövlət siyasəti vasitəsinə çevirib. Azərbaycanın ərazilərinin işğalı prosesində ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə ediblər. Habelə Bakı şəhərində terror aktları törədiblər. Ancaq 2020-ci ildə Avropa paytaxtlarında, habelə Los-Anceles şəhərində Azərbaycan diplomatik nümayəndəliklərinə, həmçinin azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib. Məhz bu cəzasızlıq radikal erməni qruplarını yeni təxribatlara əl atmağa cəsarətləndirib. Dünyaya özlərinin "soyqırıma" məruz qaldığını bəyan edən ermənilər 1973-cü ildən etibarən yenidən Türkiyə diplomatlarını hədəf almağa başlayıblar. ASALA (Erməni gizli ordusu), “Erməni Soyqırımı Ədalət Komandoları”, “Erməni İnqilab Ordusu” terror təşkilatları onlarla diplomatı öldürsə də, terrorçuların çoxu yenə də cəzasız qalıb.  Ümumilikdə, erməni terror təşkilatları 1970-ci ildən indiyədək xaricdə yaşayan türklərə qarşı etdikləri sui-qəsdlər nəticəsində 31-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı qətlə yetirilib. 

  Tarixçi-alim Faiq Ələkbərli "Şərq"ə deyib ki, son aylarda Azərbaycanın əldə etdiyi hərbi uğurlar, Türkiyənin regionda və dünyada söz sahibinə, real siyasi-hərbi gücə çevrilməsi erməniləri və onların havadarlarını ciddi narahat etməyə başlayıb. Onun sözlərinə görə, ermənilər çıxış yolunu yenidən aktivləşməkdə görürlər: 

"Ermənilər Türkiyə və Azərbaycana qarşı törədilən təxribatlarda tək deyillər. Bakı-Ankara tandemindən narahat olan, qorxuya düşən dairələr də ermənilərə dəstək verirlər, şərait yaradırlar. Livanda, Fransada səfirliklərimizə təxribatlar, ABŞ-dakı diplomatik korpusumuza məxsus avtomobilin atəşə tutulması təsadüfi deyil. Müxtəlif güclər erməni terrorçularını, radikallarını yenidən gündəmə gətirməyə cəhd edir. 1970-ci illərdə bunu erməni terror təşkilatı ASALA vasitəsi ilə həyata keçirirdilər. İndi də təxminən bənzər şəkildə erməni lobbisi, radikal-cinayətkar dəstələr də Azərbaycan təmsilçilərinin həyatına təhlükələr yaratmağa çalışırlar. Ermənilərin yenidən açıq-aşkar terror aktlarına əl atmasını ciddiyə almaq lazımdır. Ancaq bu, o anlama gəlmir ki, biz geri çəkilməliyik. Əksinə, Türkiyə dövləti və diasporası ilə koordinasiyalı şəkildə ermənilərə qarşı mübarizəni daha da artırmalıyıq. BMT səviyyəsində, digər beynəlxalq təşkilatlar müstəvisində erməni terrorunu gündəmə gətirməliyik. Çünki bizə qarşı təzyiqlərin artması göstərir ki, Azərbaycan və Türkiyə ən doğru yoldadır, haqq yolundadır. Ermənistanın əli Rusiyadan üzülüb, hazırda Avropa və ABŞ-dan yardım, dəstək dilənməklə məşğuldur. Çarəsiz və çıxılmaz vəziyyətdə qaldıqları üçün baş vurduqları yollardan biri də terrordur". 

İsmayıl Qocayev