Ermənistana üstünlük və vaxt qazandırırlar

İndidən elan etmək lazımdır ki, Avropa İttifaqının missiyasına "yox" deyirik

  Avropa İttifaqının 27 üzv ölkəsinin XİN rəhbərləri Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsini razılaşdırıb. Aİ-nin 40 ekspertinin Azərbaycanla sərhədin Ermənistan tərəfdən monitorinqi, regiondakı vəziyyətin təhlili və hesabatlılıq məqsədilə göndərildiyi deyilir. Qeyd edək ki, missiyanın sərhəddə yerləşdirilməsi məsələsi oktyabrın 7-də Azərbaycan, Fransa prezidentləri, Aİ Şurasının sədri və Ermənistan baş nazirinin dördtərəfli görüşü zamanı müzakirə olunub. Avropa İttifaqı missiyanın 40 nəfərdən ibarət olduğunu açıqlasa da, erməni mənbələri mülki missiyaya 400 nəfərin daxil edildiyi barədə xəbərlər yayırlar. 

Dövlət sərhədinin Ermənistan hissəsinə 40 nəfərlik mülki missiyanın göndərilməsi Praqa razılaşmasına uyğundur. Əgər həqiqətən, mülki missiya 400 nəfərdən ibarət olacaqsa, bu məqam həmin missiyanın fəaliyyətini və hədəflərini sual altına salır. Aİ 40 nəfərlik ekspert qrupu ilə bağlı yaydığı məlumatda mülki missiyanın məqsədi və hədəfi yalnız bu cümlə ilə ifadə olunur: "40 ekspertin Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfdən monitorinqi, regiondakı vəziyyətin təhlili və hesabatlılıq məqsədilə göndərilir". 

Erməni tərəfinin iddia etdiyi 400 nəfərlik mülki missiyanın məqsədi və hədəfləri isə qeyri-müəyyəndir. Sual yaranır, Avropadakı bəzi dairələr bölgəyə, daha dəqiqi Ermənistana mülki missiya adı altında 400 nəfərlik ordu göndərir?

 Bu ordu nə ilə məşğul olacaq, Azərbaycan-Ermənistan sərhədində hansı mübahisəli məsələləri həll edəcək? Ekspertlərin fikrincə, cavabsız suallar Avropadakı bəzi dairələrin mülki missiya ilə bağlı hədəfləri barədə 2 məqamı önə çıxarır. 

Birincisi, onlar Praqa razılaşmasını tələsik icra etməyi və bölgəyə soxulmağı hədəfləyir. İkincisi isə konkret hədəflər bəlli deyil, yalnız "Ermənistan tək deyil" görüntüsü yaratmağa çalışılır.

Digər tərəfdən, Avropa İttifaqının mülki missiya göndərməsi ilə bağlı ziddiyyətli xəbərlər yayıldılığı bir zamanda Ermənistanın Azərbaycanın Daşkəsən rayonu ilə sərhəddə ağır texnika cəmləşdirdiyi müşahidə olunur. 

Aİ-nin mülki missiyasının bölgəyə gəlişi ərəfəsində Ermənistanın sərhəddə hərbi aktivliyi artırması rəsmi İrəvanın yeni təxribat, müharibə planları qurmasına dair suallar yaratmaya bilməz.

 Görünən odur ki, rəsmi İrəvan indi də Avropa İttifaqının arxasında gizlənərək Azərbaycana qarşı yeni təxribat planlaşdırır. Ermənistan bundan əvvəl də təxribatlar törədib və Azərbaycanın sərt cavabı ilə üzləşib. Hazırda isə Ermənistan üçün vəziyyət əvvəlkindən daha fərqli və çətindir. Ermənistanın Avropa İttifaqı, Fransa və ABŞ-dan hərbi yardım ala biləcəyinə ümid edərək təxribata cəhd etməsi isə İrəvan üçün fəlakətlə nəticələnə bilər. Çünki region ölkələri qeyd edilən dövlətlərin bölgədə hərbi mövcudluğuna qarşıdır. 

  AĞ Partiya sədri Tural Abbaslı "Şərq"ə deyib ki, Azərbaycan beynəlxalq missiyanın bizim ərazimizdə olmasına haqlı etirazını bildirib və bunun mümkünsüz olduğunu söyləyib. Lakin Ermənistan öz maraqlarına uyğun gəldiyi üçün razılaşıb və missiyanı qəbul etməyə hazır olduğunu deyib:

 "Problem ondadır ki, Azərbaycan-Ermənistan arasında müəyyən olunmuş, dəqiqləşdirilmiş sərhəd xətti yoxdur. Sərhədlər demarkasiya və delimitasiya olmayıb. Belə halda beynəlxalq missiya harada, nəyi müşahidə edəcək?! Fransa Prezidenti E.Makronun qərəzli açıqlamalarından sonra bizim üçün aydın oldu ki, Ermənistana gəlmiş beynəlxalq missiyanın məqsədi heç də problemin həlli deyil. Xarici İşlər Nazirliyimiz və digər qurumlarımız açıq bəyanatla çıxış etməlidir ki, beynəlxalq missiyanın uydurma, əsassız və qərəzli hesabatlarını, monitorinq nəticələrini qəbul etməyəcəklər. Bunu indidən elan etmək lazımdır. Vurğulamaq lazımdır ki, onların bəyanatı Azərbaycan üçün heç bir hüquqi-siyasi əhəmiyyət kəsb etməyəcək. Çünki missiya birmənalı olaraq Ermənistanın mövqeyindən çıxış edəcək. Məqsəd Ermənistanı beynəlxalq arenada "haqlı mövqeyə" daşımaq, Azərbaycanı "təcavüzkar" tərəf kimi təqdim etməkdir".
  T.Abbaslı vurğulayıb ki, Ermənistanın havadarları regiondakı problemin həllini uzatmaqda maraqlıdır: "Çalışırlar ki, proseslər Azərbaycanın xeyrinə yox, əleyhinə başa çatsın. Məğlub Ermənistana zaman qazandırmaq üçün əllərindən gələni edirlər. Biz dəfələrlə üzləşdiyimiz bu cür hiylələrə aldanmamalıyıq və doğru bildiyimiz yoldan bir addım belə olsun geri çəkilməməliyik. Onsuz da beynəlxalq missiyanın müddəti 2 aydır. Müddət başa çatandan sonra missiyanı bölgədən birdəfəlik göndərmək lazımdır".