Ərdoğan Paşinyana şans verib

Türkiyə Ermənistana münasibətlərin normallaşması üçün yolları göstərir

  Politoloq Azər Qasımov "Şərq"ə bildirib ki, Türkiyənin Ermənistanla əlaqələrinin normallaşması yönündə hər zaman müsbət mesajlar verdiyi göz önündədir. Analitikə görə, Türkiyə həmişə bu əlaqələrin bərpa və inkişafından tərəf olub: 

"Təbii ki, bir şərtlə, Azərbaycanla münasibətlərin düzəlməsi halında münasibətlərin normallaşacağını deyib. Türkiyə Prezidenti R.T.Ərdoğanın Çexiyada Paşinyanla görüşməsi də xoş məramın nümayişi idi. Ərdoğan Ermənistanla əlaqələrin bərpasının Azərbaycanın sözündən asılı olduğunu bildirib.

 Əgər Azərbaycanla Ermənistan arasında sülh olarsa, Türkiyə də heç bir şərt irəli sürmədən Ermənistanla sərhədləri aça və diplomatik əlaqələrin qurulması istiqamətində addımlar ata bilər. Türkiyə Azərbaycanın razılığı olmadan Ermənistanla normallaşma istiqamətində heç bir ciddi addım atmaz.

 "Futbol diplomatiyası", mülki təyyarələrin qarşılıqlı bir-birinin hava məkanından istifadəsi, quru sərhədlərinin üçüncü ölkə vətəndaşları üçün açılması və s. addımları bu əlaqələrin bərpası üçün müsbət hesab etmək olar. Türkiyə onsuz da Ermənistana qarşı həmişə xoşməramlı olub. Yüz mindən çox erməninin Türkiyədə yaşadığı və işlədiyi hamıya məlumdur. Türkiyə malları Ermənistanın daxili bazarında xüsusi çəkiyə və əhəmiyyətə malikdir". 

  A.Qasımov vurğulayıb ki, sülh müqaviləsi olmadan ölkələr arasında heç bir ikitərəfli əlaqələrin qurulmasından söhbət gedə bilməz: 

"Bu, Türkiyə və Azərbaycan dövlətlərinin qəti mövqeyidir. Sülh olacağı təqdirdə isə əlaqələrin qurulmasının ən çox Ermənistana xeyir gətirəcəyi şübhəsizdir. Ermənistanın dövlət kimi gələcək inkişafı Azərbaycan və Türkiyənin sülh təklifini qəbul etməsindən, yaxud etməməsindən asılı olacaq. Hər iki halda Azərbaycan və Türkiyə heç nə itirməyəcək. Ermənistanın isə dövlətçiliyi bundan asılıdır, ya inkişaf, ya da məhv olma yolunu seçəcək. Seçim Ermənistanındır".