İran bölgədə faktiki təklənmiş vəziyyətdədir

"Aqressiya və hərbi təhdidlərə də siyasi masada sözünün eşidilməməsinə görə əl atır"

  İranın Azərbaycandakı səfirliyi ölkəmizin sərhədində keçirilən hərbi təlimlərlə bağlı bəyanat yayıb. Səfirlikdən bildirilib ki, təlimlə əlaqədar Azərbaycan və İranın hərbi rəhbərliyi müzakirə aparıb. Qeyd olunub ki, İranın silahlı qüvvələrinin şimal-qərb bölgəsində manevr və təlimləri illik fəaliyyət təqviminə uyğun həyata keçirilir. Vurğulanıb ki, Azərbaycana olan dostluq və qardaşlıq münasibətini nəzərə alaraq, təlimlərə başlamazdan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib.

Notadan əlavə, İranın silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant Baqerinin Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla telefon söhbəti baş tutub: "İki dost və qardaş ölkə olan İran İslam Respublikası və Azərbaycan Respublikası münasibətləri daim düşmənlərin geniş təbliğatının hədəfində olub. Lakin iki ölkə rəhbərlərinin sayıqlığı onların məqsədlərinə çatmasına mane olub”. 

  Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə açıqlamasında deyib ki, SEPAH-ın rəsmi tviter səhifəsində təlimlərlə bağlı Xudafərin körpüsünün də əks olunduğu video yayımlanıb. Videoya "SEPAH işğal altındakı Şimali Azərbaycan əyalətində yaşayan iranlılara mənalı mesaj göndərib” qeydi də əlavə edilib. Analitikə görə, bunun Xüdafərinin azad olması tarixində tirajlanması Bakıya ünvanlanmış “mollasayağı” mesajdır:

 "Təlimlərlə bağlı İran tərəfinin rəsmi açıqlamasında “sülh və qardaşlıq” ifadələri yer alsa da, günlərdir sosial şəbəkə və media üzərindən Azərbaycana qarşı açıq mətnlə təhdidlər irəli sürülür. SEPAH-ın komandanı Hüseyn Salami də təlimlərin açılış mərasimində “Bizim qırımızı xəttimiz odur ki, sərhədlərdə heç nə dəyişilməsin, bölgənin bir küncündə hər hansı dəyişiklik olsa, tərəfsiz qalmayacağıq” sözləri ilə niyyətlərini rəsmi şəkildə bəyan edib. Bu təhdidlərə baxmayaraq, İranın bölgəyə hərbi-siyasi təsir imkanları heç olmadığı qədər məhduddur. Ermənistan ərazisindən bölgəyə müdaxiləsinə nə Rusiya, nə Qərb razı olar. Azərbaycan ərazisinə istənilən müdaxilə Türkiyə ilə üz-üzə gəlməklə yanaşı, Rusiyanın bölgədəki hazırkı maraqları və Qərbin maraqları ilə toqquşmaq deməkdir". 

  A.Nərimanlı qeyd edib ki, İran bölgədə faktiki təklənmiş vəziyyətdədir:

 "Aqressiya və hərbi təhdidlərə də siyasi masada sözünün eşidilməməsinə görə əl atır. Lakin təxribat xarakterli - “terror təhdidi”, “İran ərazimə təhdidin yaranması”, “sionizm” və s. addımlarla vəziyyəti gərginləşdirmək istəyəcəyi də istisna deyil. Hərçənd, mollalar reallığı qəbul etmək istəməsə belə bölgədə vəziyyət 27 sentyabr 2020-ci il tarixindən əvvəlki kimi deyil. Heç vaxt əvvəlki kimi olmayacaq da".