Səxavət Əlisoy ADR-dən istefa verdi?

Qubad İbadoğlu deyib ki, partiyanın elə bir üzvü yoxdur


  Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy hərəkatdan istefa verib. Bu barədə Əlisoy öz feysbuk səhifəsində yazıb. O qeyd edib ki, pandemiya, daha sonra səhhətində yaranan problemlərlə bağlı hərəkatın sədri Qubad İbadoğlunun onlayn toplantılarından uzaq düşüb: “Son qurultay barədə isə qurultaydan bir gün sonra dostum Əli Sabirabadlıdan xəbər tutdum”. Əlisoy bildirib ki, Qubad İbadoğlu Londonda yaşayır və işləyir, Bakıda isə bir təşkilatın həm sədri, həm də Məclisinin sədridir: 

“Birinci müavin postu belə yox.  Digər bir partiyada bənzər durum varmı? ADR obyektmi, kiçik müəssisəmi? Obyekti belə fəaliyyət üçün kiməsə etibarnamə ilə həvalə edirlər. Qubad İbadoğlunun şəxsən özünün siyasi paylaşımları daha çox populizmə söykənir. Bu onu deyir ki, konstruktiv yoldan imtina olunub. Nədən bunu etdi? Bu barədə heç nə yazmıram. ADR Hərəkatına son 7 ildə məhz Qubad İbadoğluna görə ictimai reytinqi olan 7 ziyalı belə qatılmadı. Qubad İbadoğlunda artıq şəxsiyyətə pərəstiş elementləri özünü büruzə verir. 

Onun QHT-si Mədən Sənayesində Şəffaflıqla bağlı araşdırmaları ilə tanındı. ADR Hərəkatında isə şəffaflıqdan əsər-əlamət yoxdur. ADR-də sədri tənqid etmək bir yana, fərqli fikirdən söhbət gedə bilməz”. Səxavət Əlisoy deyib ki, siyasi partiya QHT qayda-qanunları ilə idarə oluna bilməz: "Sən bacarıqlı adamsan, amma partiya idarəçiliyinə bu bacarığını şamil etmək olmaz. Bilirsən ki, səni heç vaxt lider kimi görmədim. Çünki sən tək adam idarəçiliyinin tərəfdarısan, mən kollektiv, ortaq ağlın tərəfindəyəm. Biz eyni yolun yolçuları deyilik”. O xatırladıb ki, 27 sentyabr 2014-də Müsavatın qurultayında başqanlığa namizəd olaraq, Qubad İbadoğlunun lehinə seçkidən çəkilib və qurultay nümayəndələrini populizmə yox, intellektə səs verməyə dəvət edib: "Arif Hacılı ilə heç bir ədavətim yoxdur, şəxsini qəbul etməməyimin tək səbəbi şüarçı və populist olmasıdır. Onu dəstəkləyib Müsavatda yüksək vəzifələrin birini tuta bilərdim. Etmədim bunu. Seçkidən çəkildim və səsimi Qubad İbadoğluya verdim. 2015-ci ildə ADR Hərəkatını təsis edən 11 nəfərdən biri mənəm. 2021-ci ilin oktyabr ayının 17-də Qubad İbadoğlu ADR-in qurultayını keçirir və mən bundan bir gün sonra xəbər tuturam. Yəni mənim, Hərəkatın təsisçilərindən birinin, İH üzvünün qurultayda iştirakı məqbul sayılmır".

  Azərbaycan Demokratiya və Rifah Hərəkatı Partiyasının sədri Qubad İbadoğlu müavini Səxavət Əlisoyun istefasına münasibət bildirib. Sədr "qaynarinfo.az" saytına açıqlamasında bildirib ki, artıq 4 ildir nə hərəkat, nə də partiya olaraq Səxavət Əlisoy adlı üzvləri yoxdur. Onun sözlərinə görə, Səxavət Əlisoy hərəkatda olarkən - 2018-ci ildə sədr müavinliyindən istefa verib: 

"Səxavət Əlisoy hərəkatın 2019-cu ilədək üzvü olub, sonra hərəkatla əlaqəsini tamamilə dayandırıb. 2021-ci il oktyabrın 17-dən isə ADR Partiyası yaranarkən üzvlük üçün müraciət etməyib. Partiyanın elə bir üzvü yoxdur. Hərəkat da partiya yaranandan fəaliyyət göstərmir". 

  "Niyə ünvanınıza ittihamlar səsləndirib" sualına isə Qubad İbadoğlunun cavabı belə olub: "Əgər üzv olmayan şəxs üzv kimi "istefa" verirsə, ondan sonrası maraqlı deyil".