Deputat İrana "od püskürdü"

"Yer qəhətdir ki, gəlib Araz sahilində təlimlər keçirirsiniz"

"Araz çayını velosipedlə də keçmək olar. Orada körpü salıb tank keçirməyin nümayiş etdirilməsinin heç bir mənası yoxdur"

  Dünən Milli Məclisin payız sessiyası çərçivəsində növbəti plenar iclası keçirilib. İclasın gündəliyində 50 məsələ olub. Gündəlikdən əvvəl cari məsələlərlə bağlı çıxışlar olub. Parlament sədri Sahibə Qafarova deyib ki, Türkiyə Qarabağın bərpası prosesində də Azərbaycanın yanındadır: "Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanını açmalarını bütün xalqımızla böyük qürur hissi ilə izlədik. Türkiyə bu gün də Azərbaycanın yanındadır. 44 günlük savaşda necə siyasi, mənəvi dəstək göstərmişdisə, bərpa prosesində də Azərbaycanın yanındadır. Xalqlarımızın dostluğu və qardaşlığı bizim güc mənbəyimizdir.

Zəngilanda verilən mesajlardan biri də o idi ki, biz öz torpaqlarımıza qayıtmışıq. Zəngilanda həyata keçirilən quruculuq işləri də məhz bu məqsədə yönəlmişdi. Bu gün azad edilən ərazilərdə geniş vüsət alan bərpa işləri Böyük Qayıdışın daha da yaxın ayaq səsləridir. Məcburi köçkünlərimizin yurd həsrətinə son qoyulacağı tarix elə də uzaqda deyil".

“Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Türkiyənin iradəsini bir daha bəyan etdi”

  Deputat Fəzail Ağamalı deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə başçısı İlham Əliyevlə Zəngilanda hava limanının açılışında iştirakı əhəmiyyətli hadisə idi. F.Ağamalı bildirib ki, tədbir zamanı Türkiyə dövlət başçısı olduqca ciddi mahiyyət kəsb edən açıqlamalar verdi. ATƏT-in, AŞ-nin mahiyyəti üzərində dayandı və 30 ildə viran qalan torpağa onların gəlməməsini qınadı. Xüsusi olaraq Azərbaycanla bir yerdə olduğunu vurğuladı: "Bu onu göstərdi ki, Türkiyə Prezidenti Ərdoğan və Türkiyə xalqı hər zaman Azərbaycanla birlikdədir. Onun Zəngəzurla bağlı mesajları da əslində bu layihənin əleyhinə olanların qarşısında Türkiyə dövlətinin iradəsinin də olduğunu bir daha bəyan etdi. Bu səfər bir daha göstərdi ki, qardaş Türkiyə xalqı Azərbaycanla birlikdə olacaq. Hər iki dövlətin birgə fəaliyyəti regiona, türk dünyasına özünün son dərəcə əhəmiyyətli töhfələrini verəcək. Bu, bir daha onu göstərdi ki, 44 günlük müharibədə olduğu kimi Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq. Bundan başqa, Ərdoğanın bu tədbirdə iştirakının görüntüsü həm Fransa, həm də İran üçün soyuq duş effekti yaratdı”.

“Get təlimləri Kiş adasında keçirir"

  Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bizi əhatə edən bəzi ölkələr Azərbaycanda baş verən müsbət dəyişikliklərdə başqa faktorlar axtarırlar: "İrana yer qəhətdir ki, gəlib 5 metrlik Araz sahilində təlimlər keçirir. O boyda ərazisi var. Get Kiş adasında keçir, Hind okeanının sahillərində keçir! Arazın kənarında belə təlimlərin keçirilməsinə nə ehtiyac var?! Orada nümayiş olunan texnikaya, keçidlərə, Araz çayı üzərində körpülərə nə ehtiyac var?! Araz çayını velosipedlə də keçmək olar. Orada körpü salıb tank keçirməyin nümayiş etdirilməsinin heç bir mənası yoxdur. Bu artistliyin heç bir yeri yoxdur! Bununla da heç kimə hədə-qorxu gəlmək mümkün deyil. Adlarını İslam ordusu, Mehdi ordusu qoyublarsa, Azərbaycan torpaqlarında işğal zamanı qəbirlər, məscidlər təhqir olunanda bu İslam ordusu niyə hərəkət keçmirdi? Əgər Mehdinin adından istifadə edirsə, o zaman Mehdi gələrsə, gərək birinci İrandan başlasın. Biz həm islama sadiqik, həm dünyanın ən yaxşı dini forması Azərbaycandadır və biz bu yola davam edirik”.

"Türk dövlətləri Qurban və Ramazan bayramlarını eyni gündə keçirsin"

  S.Novruzov əlavə edib ki, Azərbaycan tolerant ölkədir. Ölkəmizdə qeydiyyatdan keçən bütün dinlərin qurumları azad şəkildə fəaliyyət göstərə bilir: "Azərbaycanda dinlərarası, mədəniyyətlərarası çoxlu sayda konfranslar keçirilir. Həmçinin Azərbaycandan kənarda da Heydər Əliyev Fondu tərəfindən bu konfranslar keçirilir. Bir neçə gündür Azərbaycan türk ölkələrinin din xadimlərinin konfransı keçirilir. Özbəkistan din xadimi tərəfindən verilən təklif çox mütərəqqidir. Xüsusi dini günlərin türk ölkələrində eyni günə salınması təklifini mən də dəstəkləyirəm. Qurban bayramı, Ramazan bayramı və s. kimi xüsusi dini günlər türkdilli ölkələrin hamısında eyni gündə keçirilsə, yaxşı olar. Türk xalqları bütün sahələrdə olduğu kimi dini sahədə də bu addımları həyata keçirməlidir”.

“Tıxac probleminin həlli üçün dənizdən istifadə etmək lazımdır”

  Deputat Elşən Musayev tıxaclarla bağlı problemi gündəmə gətirib. Deyib ki, tıxaclarla bağlı problemi həll etmək üçün dənizdən istifadə etmək lazımdır: "Qardaş Türkiyədə bu təcrübədən artıq istifadə olunub. Sadəcə, dəniz üzərində bir neçə dayanacaq qurulmalıdır. Bu olsa, Bakı ilə Sumqayıt arasında, o cümlədən Günəşlidən gələrkən tıxaclar aradan qaldırılar. Eyni zamanda velosiped yollarının çəkilməsi ilə bağlı iş gücləndirilməlidir”.

“Vətəndaşlar yaşadığı ünvan üzrə elektron qeydiyyata düşsün”

  Deputat Aydın Hüseynov deyib ki, vətəndaşların çoxu yaşadığı ünvan üzrə qeydiyyatda deyil. Onun sözlərinə görə, bu da insanların səhiyyə və digər xidmətlərdən istifadəsi üçün çətinlik yaradır: “Buna görə də mən təklif edirəm ki, vətəndaşların qeydiyyata düşmə prosesi sadələşdirilsin. Elektron şəkildə vətəndaşların yaşadığı yer üzrə qeydiyyata salınması təmin edilsin. Bu, bu gün çox aktual problemdir və həll edilməlidir”.

"İnsanların böyük əksəriyyəti yollarda qalır"

  Parlamentdə ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaq üçün güzəştli kartların tətbiqi təklif olunub. Deputat Emin Hacıyev deyib ki, günün istənilən vaxtında Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur: "İnsanların böyük əksəriyyəti yollarda qalır. Problemi təhlil etsək görərik ki, məsələ yalnız yol infrastrukturunun mövcud nəqliyyat yükünü götürə bilməməsindən qaynaqlanmır". O bildirib ki, bu problemi aradan qaldırmaq üçün bir sıra tədbirlər görmək lazımdır: "Abşeronda sərnişindaşımaya vahid prinsiplə yanaşmaq lazımdır. Sumqayıt-Bakı arasında ictimai nəqliyyatın avtovağzallar arasında işləməsi ləğv olunmalıdır. Vətəndaşların avtovağzala gəlməsi əlavə vaxt və vəsait itkisidir. İctimai nəqliyyatın mövcud vəziyyəti şəxsi nəqliyyat vasitələrindən istifadəni stimullaşdırır. Hesab edirəm ki, Sumqayıtdan Bakının müxtəlif ərazilərinə, məsələn, Bakı Dövlət Universitetinə, Bakı Dəmir Yolu Vağzalına və s. ərazilərə avtobuslar təşkil olunsun. Bundan başqa, ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaq üçün güzəştli kartlar tətbiq oluna bilər. Həmçinin Bakı-Sumqayıt qatarlarının vaqonlarının sayının artırılması və intervalların azaldılması həmin yolda sıxlığı azaldar. Ölkəmizdə ekspress avtobusların tətbiq olunmasını təklif edirəm. Bu, şəxsi nəqliyyatdan istifadənin azaldılmasına kömək edər".

“ATƏT-in Ermənistana missiya göndərməsinin heç bir əsası yoxdur"

  Millət vəlkili Azay Quliyev deyib ki, ATƏT-in qeyri-qanuni olaraq Ermənistana qiymətləndirmə missiyası göndərməsinin heç bir əsası yoxdur. Çünki bu məsələ nə müzakirə olunub, nə də bununla bağlı kollektiv qərar olub. Onun sözlərinə görə, bu addım bəzi qüvvələrin şəxsi mənafeyinə xidmət edən haldan başqa bir şey deyil: “Bu addımın heç bir siyasi təsiri olmayacaq. ATƏT-in Minsk qrupunun bu addımı heç bir halda təşkilatın təməl prinsiplərinə uyğun deyil. Bu çox ölkələr də bu missiyanın əhəmiyyətinin olmadığını qeyd edəcəklər”.

"Heydər Əliyev Fondunun həyata qaytardığı, kömək etdiyi insanlar var"

  Millət vəkili Razi Nurullayev hər gün həssas qrupların nümayəndələri ilə görüşdüyünü deyib: "Demək olar ki, əksər insanlar Heydər Əliyev Fonduna müraciət etmək istəyir, hörmətli Mehriban xanım Əliyevaya ümidini bağlayır. Səbəb budur ki, insanlar müraciət edir, cavab alır və əksər hallarda köməklik edilir. Edilən müraciətlər də ölkədə müalicəsi mümkün olmayan xəstəliklərlə və sosial məsələlərlə bağlıdır. Müraciət edənlər də konkret ünvan söyləyir ki, tanıdıqları şəxslər içərisində Heydər Əliyev Fondunun həyata qaytardığı, kömək etdiyi insanlar var. Bu o deməkdir ki, Fond Azərbaycanın bütün yerlərində səmərəli fəaliyyət göstərir və insanlarımız üçün əlçatandır. Məhz Heydər Əliyev Fondu on minlərlə insana ikinci həyat bəxş edib. Minlərlə insanı başının üstündə damla təmin edib. Xarici ölkələrdə göstərdiyi xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycana minlərlə dost qazandırıb. 

Məhz onlar bu gün bizim ehtiyacımız olduğu zamanda ölkəmizi müdafiə edirlər. Mən bu məsələləri ona görə dedim ki, belə çıxmasın ki, Heydər Əliyev Fondunun, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü gözəl işləri müxalifət görmür və təqdir etmir. Hörmətli Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür edir, bütün işlərində nailiyyətlər arzulayıram.