Batan gəmi! - İran hakimiyyəti gücsüzlüyünü nümayiş etdirir



"Tehran ölkə daxilində baş verən etirazların əsl səbəbini araşdırmaq istəmədiyindən günahı qonşularda görür"


  İranın Qafandakı baş konsulluğunun açılış mərasiminə qatılan Xarici işlər naziri Hüseyn Əmir-Abdullahian İrəvanda erməni həmkarı Ararat Mirzoyanla da görüşüb. İran XİN rəhbəri Qafqaz regionunda hər hansı geosiyasi sərhəd dəyişikliyinə qarşı olduqlarını açıq şəkildə növbəti dəfə dilə gətirib. Nazir İranın Qafandakı baş konsulluğunun yenidən açılmasından məmnun olduğunu söyləyib: "Bu inkişaf İran və Ermənistan ölkəsi arasında tarixi əlaqələrin dərinləşməsinin başqa bir səbəbidir. Biz Ermənistanın təhlükəsizliyini İran İslam Respublikasının təhlükəsizliyi və regionun təhlükəsizliyi hesab edirik”. Lakin Abdullahian onu da əlavə edib ki, İran regionda, o cümlədən Ermənistanda xarici qüvvələrin mövcudluğunun əleyhinədir. 

XİN rəhbəri vurğulayıb ki, onun Ermənistana səfərinin əsas məqsədlərindən biri Fars körfəzi-Qara dəniz dəhlizidir. O bildirib ki, bu yol ilə bağlı məqsədləri reallaşdırmaq və dəhlizin tikintisində daha mühüm rol oynamaq üçün Ermənistan-İran-Hindistan üçtərəfli platformasının formalaşdırılması vacibdir. 

  Politoloq Sədrəddin Soltan deyib ki, Qvardiyaya məxsus informasiya mənbələrinin bildirdiyinə görə, Abdullahian-Mirzoyan görüşü zamanı İrəvan rəsmiləri İrandan hərbi texnika və avadanlıq almaq məqsədilə Tehrana müraciət ediblər. Ekspert ehtimal edir ki, konsulluğun açılması, hərbi manevr əvvəlcədən planlaşdırılmış bir tədbir olsa da, daha çox Cənubi Qafqazda özünü göstərmək məqsədi daşıyır:

 "İran sərhəddə hərbi təlim keçirməklə güc göstərirsə, konsulluqla regionda diplomatik missiyadan çox, müşahidə missiyasını icra edəcəyi istisna olunmur. Azərbaycanla Ermənistan arasındakı sərhədyanı bölgəyə Avropa İttifaqının mülki müşahidə missiyası yerləşdirilib. İran Meğrı rayonunda bir sıra ticarət obyektləri istifadəyə verməyi planlaşdırır. Bu baxımdan, İran Qafandakı konsulluq vasitəsilə Azərbaycan-Ermənistan sərhədyanı ərazilərini, ola bilsin, İsrailin Azərbaycanın bu bölgəyə yaxın ərazidəki fəaliyyətini müşahidə edəcəyi də gözlənilir. İranın təlim keçirməsi, Ermənistanla hərbi texnikaya dair müəyyən razılaşmalar, eyni zamanda Qafanda baş konsulluq açması Cənubi Qafqaza hərbi-diplomatik mövcudluğunu artırmaq cəhdlərindən sayıla bilər. Qvardiyanın quru qoşunlarının komandanı, general Məhəmməd Pakpur təlimlərin sonuncu günü yenə Azərbaycanın ünvanına “xəbərdaredici” fikirlər səsləndirib. Onun çıxışından aydın olur ki, manevrlər hərbi hazırlığı yoxlamaq üçün deyil, ABŞ və İsraillə yanaşı, Azərbaycanı təhdid etmək mahiyyəti daşıyır. Pakpur bildirib ki, körfəz regionu ölkənin enerji təchizatına görə xüsusi əhəmiyyət kəsb edir. O səbəbdən hər il orada öz nüfuzlarını dünyaya nümayiş etdirmək üçün bir çox təlimlər keçirirlər: “Düşmənimiz sionist rejim (İsraili nəzərdə tutur - red.) müxtəlif şirkətlər şəklində şimal sərhədlərindəki bəzi qonşu ölkələrimizdə baza qurur. Biz qəti şəkildə bu cinayətkar rejimin sərhədlərimizdə bazasının olmasına icazə verməyəcəyik”. O əlavə edib ki, İslam Respublikası özünə harada təhlükə hiss edirsə, həmin bölgəyə böyük bir hərbi qüvvə, ordu göndərir, onları orada yerləşdirir, bununla da İran ordusunun gücünü nümayiş etdirir".  
  S.Soltan vurğulayıb ki, rəsmi Tehran ölkə daxilində baş verən etirazların əsl səbəbini araşdırmaq istəmədiyindən günahı qonşularda, okeanın o tayında yerləşən ABŞ-da görür: "Bu, İrandakı iqtidarın gücsüzlüyünün göstəricisidir. Cəmiyyətinin istəklərini qarşılaya bilməyən, yaxud qarşılamaq istəməyən İran rəhbərliyinin hərbi təlimlərlə yaxına və uzağa xəbərdarlıq etməsi zəiflikdir. Tehran hakimiyyəti etirazları yatırmaq üçün çıxış yolunu kütləvi həbslər keçirmək, təqiblər etmək, aksiya iştirakçılarına qarşı odlu silahdan istifadə edib qətlə yetirməkdə görür. Qonşularla münasibətləri normallaşdırmaq üçün isə əvvəlcə hədələyici bəyanatlar verir, təlimlər keçirir, müxtəlif məzmunlu problemlər yaradır. Sonra geri addım atıb guya "xoşməramlı" olduğunu nümayiş etdirmək üçün sözə güc verir. İran 30 ildir Azərbaycanla münasibətlərini məhz bu cür davam etdirir. Lakin rəsmi Ankara və Bakı regionda həyata keçirdikləri birgə layihələr, quruculuq işləri ilə həm İrana, həm də regiondakı iğtişaşlarda maraqlı olanlara birliyin, əməkdaşlığın davam etdiyini, sülhün və təhlükəsizliyin ismarışını verdi".