İran çox etibarsız qonşudur



Bu ölkədən istənilən davranışı gözləmək olar

   "Üzdə özünü bizə "dost" kimi göstərməyə çalışan, əsl həqiqətdə isə təcavüzkar və terrorçu Ermənistanı açıq-aşkar dəstəkləyən İranın silahlı qüvvələrinin Araz çayını keçib Qarabağa girməsi praktiki cəhətdən də mümkündür". 
  Bu sözləri "Şərq"ə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, İran kimi etibarsız bir qonşudan hər cürə davranışı gözləmək olar: 

"Hazırda İran ordusunun Azərbaycana zərbələr endirmək və Qarabağa qoşun yeritmək şəklində senarilərə hazırlaşdığı, hücum üçün məşq etdiyi barədə yayılan xəbərlərə ciddi yanaşmalıyıq. Hərbi təlimdə SEPAH-ın baş komandanı general Hüseyn Salaminin şəxsən iştirak etməsi və onun öz çıxışında ad çəkmədən Azərbaycanı hədələməsi diqqətdən qaçmamalıdır. Maraqlıdır ki, sərhədlərimiz boyunca davam edən İran ordusunun təlimində  döyüş hazırlıqları test olunur. Fransa kimi, İran kimi dost olmayan ölkələrin bizə qarşı istənilən planlarına və hərəkətlərinə hər an hazır olmalıyıq. İran rəhbərliyinin Ermənistanın indiyə qədər bizə qarşı yürütdüyü işğalçı siyasətini real şəkildə dəstəkləməsi barədə kifayət qədər faktlar var. Ancaq Tehran hökuməti həmin faktları bir qayda olaraq həmişə inkar edib. İranın Azərbaycandakı səfirliyi iddia edir ki, Azərbaycanla sərhəd bölgəsində baş tutan manevr və təlimlər, guya, İran ordusunun illik fəaliyyət təqviminə uyğun həyata keçirilən ənənəvi təlimlərdir. Hərçənd, buna inanmaq nə qədər çətin olsa da, biz yenə də inanmaq istərdik ki, sözügedən təlimlər düşmənçilik niyyətilə keçirilmir. Azərbaycan İranla sərhədlərimizə hər zaman dostluq və sülh sərhədləri kimi baxıb. Odur ki, qarşı tərəfdən də eyni yanaşmanı gözləməyə haqqımız çatır".