Orta Asiyada Pekinin ayaq səsləri eşidilir


Çin Rusiyanın zəiflədiyi bütün regionlarda möhkəmlənir


  Çində Mərkəzi Asiya ölkələri və Çinin xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə xarici işlər nazirləri 2023-cü ilin mayında Sian şəhərində keçirilməsi planlaşdırılan “Mərkəzi Asiya-Çin” dövlət başçılarının Birinci Sammitinə hazırlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda tərəflər regional və qlobal gündəlikdəki mühüm məsələləri, o cümlədən ŞƏT çərçivəsində əməkdaşlıq və “Bir kəmər, bir yol” təşəbbüsünün birgə tikintisi ilə bağlı fikir mübadiləsi aparıblar. Digər xəbərə görə, Qırğızıstan Prezidenti Sadır Japarov may ayında Çinə dövlət səfəri edəcək.

Səfər zamanı bir sıra görüşlər keçiriləcək və müzakirələr aparılacaq. Mərkəzi Asiya ölkələri ilə Çin arasında əməkdaşlıq əlaqələrinin inkişafı Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta Dəhliz ideyasını daha da aktuallaşdırır. Azərbaycan Prezidentinin irəli sürdüyü və artıq reallaşmaqda olan Orta Dəhliz ideyası təsadüfi xarakter daşımır. Azərbaycanın şimal və cənub qonşuları - Rusiya və İran sanksiya altında olduğundan Çin, Mərkəzi Asiya respublikaları və Avropa dövlətləri Azərbaycandan keçən Orta Dəhlizə daha çox maraq göstərirlər. Çünki Rusiya-Ukrayna müharibəsi Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırıb. Odur ki, Orta Dəhliz məsafə və müddət baxımından böyük alternativ sayılır. Hesablamalar göstərir ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizdən keçərsə, 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət edər. 
Politoloq Elçin Xalidbəyli "Şərq"ə açıqlamasında bildirib ki, Çinin xarici siyasətində Rusiya faktoru həlledici amil deyil. Analitikin sözlərinə görə, rəsmi Pekinin atdığı addımlarda Rusiyanı açıq və radikal şəkildə dəstək niyyəti müşahidə olunmur:

"Əksinə, rəsmi Pekin Ukrayna savaşından və Rusiyanın düşdüyü situasiyadan Çinin iqtisadi-ticari və geopolitik maraqları çərçivəsində istifadə etməyə çalışır. Çinin belə mövqe tutması Rusiyanı həm məyus, həm də ciddi şəkildə narahat edir. Məsələ ondadır ki, rəsmi Pekin də Rusiyanın zəifləməsində birbaşa maraqlıdır. Çünki rəsmi Pekin hələ keçmiş SSRİ-nin dağıldığı dövrlərdən Rusiyanın Çin ilə sərhəd olan ərazilərinə göz dikib. Nə vaxtsa, Rusiya parçalanıb dağılarsa, Çin Rusiya ərazilərindən böyük bir hissəyə iddialıdır. Hətta Çin dövlət televiziyası belə, gələcəkdə Rusiyanın necə bölüşdürüləcəyi ilə bağlı materiallar yayımlamaqdadır. Digər tərəfdən, Çin Rusiyanın zəiflədiyi bütün regionlarda möhkəmlənmək niyyətini də qətiyyən gizlətmir. Son vaxtlara qədər rəsmi Pekin bəzi regionlarda Rusiya ilə paralel şəkildə yerləşməyə üstünlük verirdi. Ancaq Ukrayna savaşının yaratdığı yeni situasiyada Çin Orta Asiya da daxil olmaqla, bəzi önəmli regionlarda ümumiyyətlə, Rusiyanı əvəzləmək missiyasını öz üzərinə götürməyə çalışır. Hətta Çin ABŞ və Qərbə qarşı olan dövlətlərə liderlik missiyasını da ələ keçirmək üzrədir. Halbuki son vaxtlara qədər bu liderlik Rusiyaya məxsus idi. İndi hətta Rusiyanın özü Çindən asılı vəziyyətə düşməyə başlayıb".
E.Xalidbəyli diqqətə çatdırıb ki, bu prosesdə Orta Asiya uğrunda mübarizə xüsusi önəm daşıyır: "Tarixən bu region həmişə Rusiyanın təsir dairəsinə daxil olub. Ancaq son dövrlərdə, xüsusilə də, Ukrayna savaşının başlanmasından sonra Rusiya Orta Asiyaya nəzarəti itirməyə başlayıb. Əslində rəsmi Pekin buna qədər də, Orta Asiya uğrunda Rusiya ilə rəqabət aparırdı. Rəsmi Pekin Çinlə sərhəd bölgə olan Orta Asiya ölkələrinin iqtisadiyyatına sərmayə yatırmaqla bu regionda kifayət qədər möhkəmlənə bilib. Bu regionda Çinin əsas rəqibi yalnız Rusiya idi.
  Ancaq Ukrayna savaşından sonra rəqiblərin sayı artmağa başlayıb. Belə ki, Ukrayna savaşında zəifləyən Rusiyanın Orta Asiyaya nəzarəti də itirmək üzrə olması ABŞ və Qərbin bu regiona marağını artırıb. ABŞ və Qərb Orta Asiyada Çinin Rusiyanı əvəz etməsinə imkan vermək niyyətində deyil. Çünki Azərbaycanın 44 günlük savaşda qələbəsindən sonra Orta Asiyanın da statusu və əhəmiyyəti dəyişməyə başlayıb. Yəni hazırda ABŞ və Qərb Avropanı Asiya ilə birləşdirəcək və böyük mənfəət vəd edən strateji iqtisadi-ticari marşruta, logistika mexanizmlərinə nəzarət uğrunda mübarizəyə girişib. Bu mübarizədə ABŞ və Qərbin əsas rəqibi isə məhz Orta Asiya iqtisadiyyatına yerləşməyə imkan tapmış Çin hesab olunur".
  Analitikin fikrincə, böyük ehtimalla ABŞ və Qərbin Çinlə Orta Asiya uğrunda mübarizəsi Cənubi Qafqaza doğru inkişaf edəcək: "Çünki yaxın gələcəkdə, Rusiyanın sıxışdırılıb çıxarılmasından sonra ABŞ və Qərblə Çin arasında əsas "nifaq alması" məhz Cənubi Qafqaz olacaq. Hər halda Cənubi Qafqaz Avropa və Asiya arasında açılacaq strateji dəhlizin əsas qovşağıdır. Yəni bütün bunları nəzərə aldıqda, hazırda Orta Asiya ətrafında baş verənləri müəyyən mənada, Cənubi Qafqaz uğrunda mübarizənin tərkib hissəsi də hesab etmək olar".