Lentsov Qarabağdadır

Sülhməramlıların yeni komandanı Kremlin tapşırıqlarını yerinə yetirməyə gəlib

"Hansısa danışıqların getməsindən asılı olmayaraq, bir addım da geri çəkilmək niyyətimiz yoxdur. Heç kim bizi haqlı mövqeyimizdən çəkindirə bilməz"


  Rusiyanın Azərbaycandakı sülhməramlı kontingentinin komandiri təyin olunmuş general-polkovnik Aleksandr Lentsov bir neçə gündür Qarabağdadır. Ermənistan mediasının məlumatına görə, üç rusiyalı - əvvəlki komandan Volkov, Lentsov və Kremlin digər nümayəndəsi ilə iki Azərbaycan rəsmisi arasında danışıqlar aparılır. Ermənistan isə müzakirələrdə iştirak etmir. Erməni tərəfi iddia edir ki, danışıqlar zamanı Rusiya tərəfi azərbaycanlıların nəzarət-buraxılış məntəqəsini yığışdırmasına və yalnız rentgen skanerlərinin quraşdırılmasına nail olmağa çalışır. Yəni Qarabağa daxil olan yük maşınları birbaşa Rusiya sülhməramlılarının nəzarəti altında yoxlanılacaq. Azərbaycan tərəfi isə prosesi onlayn izləyəcək. Yayılan digər xəbərə görə, Qarabağdakı separatçıların nümayəndələri ilə general-polkovnik Aleksandr Lentsov arasında görüş keçirilib. Lentsov görüş zamanı onları əmin edib ki, hazırda yolun açılmasına çalışır.

  Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a bildirib ki, indiki məqamda Volkovun Lentsovla əvəzlənməsi birbaşa Laçın yolunun başlanğıcında qurduğumuz nəzarət-buraxılış məntəqəsi ilə əlaqəli deyil. Partiya rəhbəri vurğulayıb ki, Lentsovun keçdiyi hərbi xidmət yolu Volkovdan daha zəngindir. Bu da onu göstərir ki, Moskva bölgədə gedən proseslərə daha çox diqqət ayırmaq niyyətindədir:

 "Ancaq Volkovun Lentsovla əvəzlənməsi Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyətində ciddi dəyişikliyə səbəb olmayacaq. Volkovlar, lentsovlar faktiki olaraq icraçıdırlar. Onlar Rusiyanın hərbi-siyasi rəhbərliyinin konkret tapşırıqlarını həyata keçirirlər. Sülhməramlı komandanın Qarabağda özbaşına qərar alması, hərəkət etməsi qeyri-mümkündür. Bura Azərbaycanın suveren ərazisidir. "Sülhməramlı" adlandırılan rus hərbi kontingenti Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilib. Onların vaxtının yarısı artıq bitib".
  A.Əlizadə vurğulayıb ki, Laçın yolundakı nəzarət-buraxılış məntəqəsi ilə bağlı Azərbaycan dəfələrlə həm Rusiyaya, həm də Ermənistana xəbərdarlıq etmişdi: "Sülhməramlılar üzərinə götürdükləri öhdəliklərin heç birini yerinə yetirmir. Əksinə, bir çox hallarda öz səlahiyyətlərini aşaraq, qanunsuz hərəkətlərə rəvac verirlər. Birbaşa sülhməramlı kontingentin iştirakı ilə Qarabağa terrorçular, erməni silahlı birləşmələri daxil olur. Yük maşınları ilə silah-sursat, minalar daşınır. Təbii ki, Azərbaycan tərəfi buna dözə, səssiz qala bilməzdi. Ötən ilin dekabrın 12-dən etibarən Şuşa-Xankəndi yolu üzərində başlanmış və bugünədək davam edən ekofəalların aksiyasının da məqsədi bu cür qanunsuzluqlara "dur" demək, mane olmaq idi. Bunun üçün Laçın yolu nəzarətə götürülməliydi. Nəhayət, dediyimizi etdik, nəzarət-buraxılış məntəqəsini qurduq və sərhədçilərimizi bölgəyə yerləşdirdik. Həmin yerdə rentgen-skaner aparatları da quraşdırılıb. Bununla bağlı hansısa danışıqların getməsindən asılı olmayaraq, bir addım da geri çəkilmək niyyətimiz yoxdur. Heç kim bizi haqlı mövqeyimizdən çəkindirə bilməz".