Fransalı nazir Ermənistan-Azərbaycan sərhədində...

Paris regionda yaranmış yeni geosiyasi reallıqları öz gözü ilə yaxından görmək istəyir

Mümkündür ki, Ketrin Kolonnanın səfərindən sonra rəsmi Paris Cənubi Qafqaz siyasətinə yenidən baxsın


  Bakıdan sonra İrəvana səfər edən Fransa xarici işlər naziri Ketrin Kolonna Azərbaycanla sərhədə gəlib. Kolonna Avropa İttifaqının Mülki Missiyasının işi ilə tanış olub və missiyanın müsbət nəticələr verdiyini söyləyib. Onun sözlərinə görə, müşahidə fəaliyyəti sayəsində Aİ-yə üzv dövlətlər üçün faydalı olan məlumatları operativ əldə etmək imkanı verir:

"Bu, müşahidə missiyasıdır, silahlı missiya deyil, məqsəd sadəcə olaraq vəziyyəti izləmək üçündür, lakin istənilən halda bu mövcudluq gərginliyi azaltmağa imkan verir. Etimadı yaratmaq üçün Azərbaycan və Ermənistan arasında atəşkəsə əməl edilməlidir”. Fransanın XİN başçısı Azərbaycan və Ermənistana səfərinin məqsədindən də danışıb: "Paris bütün mübahisələrin danışıqlar yolu ilə həllini istəyir. Fransa Avropa İttifaqı ilə birlikdə bu ideyaya sadiqdir. Məhz bu çağırışı təkrarlamaq və danışıqları bərpa etmək üçün mən bu həftə Azərbaycan və Ermənistana səfər etdim”. Kolonna bildirib ki, Ermənistanla Azərbaycan Praqada əldə edilmiş razılaşmanı möhkəmləndirməlidir: 

“Hesab edirik ki, əldə olunan bu nailiyyəti möhkəmləndirməli və prosesi davam etdirməliyik. Sərhədin delimitasiyası üzrə aparılan işlər Ermənistan və Azərbaycan arasında Praqada əldə olunmuş razılaşmaları möhkəmləndirməyə imkan verəcək". Onun sözlərinə görə, hamı qəbul edir ki, sülhə nail olmaq mürəkkəb və bəzən çox uzun bir prosesdir. Lakin bu, uzunmüddətli və sabit sülhə nail olmağa, hər iki ölkə xalqları üçün geniş perspektivlər açmağa imkan verəcək yeganə yoldur. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə deyib ki, İrəvan Rusiya və Qərbdəki danışıq platformaları arasında heç bir fərq görmür: “Yalnız bir sülh prosesi mövcuddur və eyni sülh müqaviləsi layihəsi ətrafında danışıqlar aparılır. Rəsmi İrəvan dialoq üçün platforma təmin edən və bu prosesdə vasitəçi olmağa çalışan bütün ölkələrə minnətdardır”. Nazir vurğulayıb ki, Ermənistan tərəfi üçün danışıqların Moskvada, Vaşinqtonda və ya Brüsseldə aparılmasının fərqi yoxdur.

  AĞ Partiya sədri Tural Abbaslı "Şərq"ə deyib ki, Fransa xarici işlər nazirinin Cənubi Qafqaza gəlişini və səfərin Azərbaycandan başlamasını müsbət hal kimi dəyərləndirmək olar. Partiya rəhbəri qeyd edib ki, Fransanın illərdir Ermənistana dəstək verdiyi, hərtərəfli yardım göstərdiyi məlumdur: "Fransa heç vaxt Qarabağ məsələsində Azərbaycanın yanında olmayıb. Baxmayaraq ki, Azərbaycan Fransada mədəni quruculuq işlərində çox fəal iştirak edib. Tarixi Luvr muzeyinin bərpasına kifayət qədər maliyyə ayırıb. Rəsmi Paris indiyədək Bakının humanist addımlarına adekvat cavab verməyib. Ancaq Fransa XİN başçısı Ketrin Kolonnanın Cənubi Qafqaza səfəri ondan xəbər verir ki, rəsmi Paris regionda yaranmış yeni geosiyasi reallıqları öz gözü ilə yaxından görmək istəyir. 

Fransa təmsilçisi Bakıya yeni reallıqları dəyərləndirmək üçün gəlib. Həm dövlət başçısı İlham Əliyevlə, həm də həmkarı Ceyhun Bayramovla görüşü zamanı Azərbaycanın mövqeyi fransalı qonağın diqqətinə çatdırılıb. Əlbəttə, Fransa kimi bir ölkəni təmsil edən şəxsin birdən-birə 180 dərəcə çönməsini, Azərbaycanı müdafiə etməsini gözləmirik. Aydın məsələdir ki, Kolonna İrəvanda keçirəcəyi görüşlərdə Ermənistanın mövqeyini müdafiə edəcək. Ancaq bunun belə davam etməyəcəyi də məlumdur. Mümkündür ki, bu səfərdən sonra rəsmi Paris Cənubi Qafqaz siyasətinə yenidən baxsın. Ən azından öz maraqları çərçivəsində Azərbaycana qarşı qərəzli münasibətdən nisbətən uzaqlaşsın. Onsuz da əlaqələr kifayət qədər gərgindir və bizim itirəcəyimiz heç nə yoxdur. Fransa öz siyasətinə nəzər yetirməli və redaktələr etməlidir".