Paşinyanın əli hər yerdən üzülür

Ermənistan rəhbərliyi yeni himayədar axtarışındadır

“İrəvan anlamalıdır ki, başqa variant yoxdur, Ermənistana təhlükəsizlik qarantiyasını ancaq Azərbaycan və Türkiyə verə bilər”


  Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin çox çətin vəziyyətdə olduğunu deyib. O bildirib ki, Ermənistanı qorumalı olan təhlükəsizlik mexanizmləri işləmir. Ona görə də Ermənistan yeni təhlükəsizlik zəmanətləri axtarışındadır: “Bizi Qərbə yönəlməkdə ittiham edirlər, lakin biz Hindistanla da intensiv əməkdaşlıq edirik. 

Biz təhlükəsizlik problemlərimizi həll etmək baxımından müxtəlif sahələrdə əməkdaşlıq edirik”. Qriqoryanın sözlərinə görə, Rusiya Federasiyası siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilməyəcəyini bəyan etmir: "Rusiya 2020-ci ildə Qarabağ sakinlərinə təhlükəsizlik zəmanəti vəd edib. Qarabağın erməni sakinləri də bu zəmanətlərə qulaq asaraq geri qayıdıblar. Amma bu zəmanətlər işləmir”. Qriqoryan Laçın yolunda baş verən bütün hadisələrə görə məsuliyyətin Rusiyanın üzərinə düşdüyünü qeyd edib: “Rusiya regionda qalarsa, başqa cür hərəkət etməlidir".

Qriqoryanın açıqlamasını "Şərq"ə dəyərləndirən politoloq Azər Qasımov bildirib ki, Ermənistan rəhbərliyinin yeni himayədar axtarışı onu göstərir ki, onlar başlarına gələnlərdən dərs almayıblar. Analitik vurğulayıb ki, on illər boyu arxalandıqları Rusiya, Fransa, hətta dünyadakı erməni lobbisi Azərbaycan-Türkiyə tandeminin qarşısında duruş gətirə bilmədi. Halbuki arxalandıqları ölkələr özlərini dünyanın ağası hesab edirdilər:

 "Azərbaycan bütün bu "təhkükəsizlik" qalxanını 44 günə darmadağın edərək açıq və qəti qələbə qazandı. İndi Ermənistan "yeni təhlükəsizlik mexanizmi" axtara-axtara gedib Hindistana çıxıb. Bunlar anlamır ki, Ermənistanın taleyi Azərbaycan və Türkiyədən asılıdır. Ermənistana təhlükəsizlik qarantiyasını ancaq Azərbaycan və Türkiyə verə bilər, başqa ölkələr yox. Başqa ölkələrin Ermənistandan alət kimi istifadə etdiyini toplum ölkədə axırıncı erməni qalanda anlayacaqlar, amma onda da gec olacaq". 
  Ekspertin sözlərinə görə, Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqdan keçir: "Başqa yolu seçmək təsadüfən "dövlət" sahibi olmuş erməni toplumu üçün məhvedici olacaq. Ümid edirik, erməni toplumu əlindəki son fürsəti də ağılla istifadə edib, normal dövlət olacaq. Əks halda, dövlət olmaq bir yana, heç indiki kimi dövlətcik belə qala bilməyəcəklər. İndi Azərbaycana yalvarıb 29 min kv.km ərazilərinin tanınmasını istəyirlər. Belə davam etsələr, yaşayacaqları ərazi dəhliz şəklində olacaq".