İrəvan indi də Fransaya yalvarır

Fransanın Qarabağ məsələsinə qarışmasına imkan verilməyəcək

Paşinyan Azərbaycanla sülh sazişi imzalamasa belə Qarabağda erməni separatizminə son qoyulacaq


  "Erməni mediasında iddia edir ki, Vaşinqton sülh sazişinin imzalanması məqsədilə İrəvana təzyiqi artırıb. Həqiqətən, Vaşinqton məsələni uzatmadan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı görünür. Azərbaycan da bunu istəyir". Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Analitik bildirib ki, Ermənistan hakimiyyəti sözdə sülh istəsə də, əməldə Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sazişi imzalamağı yubatmağa çalışır: 

"Baş nazir Nikol Paşinyanın fikrincə, sülh sazişi imzalandıqdan sonra Azərbaycan Qarabağda separatizmə son qoyacaq, ona görə sülh sazişiylə “riskə” getmək istəmir. Paşinyan Azərbaycanla sülh sazişi imzalamasa belə Qarabağda erməni separatizminə son qoyulacaq. Bunun sülh sazişi ilə əlaqəsi yoxdur. İrəvanın Rusiyaya yalvarışları nəticə vermədiyinə görə indi də Fransaya yalvarır ki, Azərbaycanı Paris durdursun. İrəvan Parisə təklif edib ki, Fransa Qarabağ ermənilərinin təhlükəsizliyinə cavabdeh olsun. Həmçinin Laçın yoluna nümayəndələr göndərsin. 

Bu təkliflərin perspektivi yoxdur. Birincisi, Azərbaycan Fransanın Qarabağ məsələsinə qarışmasına imkan verməyəcək. Paris belə cəhdlər etsə, Azərbaycanla münasibətləri normallaşdıra bilməyəcək. İkincisi, Rusiya da münasibətləri gərgin olduğu Fransanın bölgədə möhkəmlənməsini elə Ermənistan üzərindən əngəlləməyə çalışacaq. 

Fransa təmsilçiləri bircə Laçın yoluna yaxınlaşıb sərhəd-keçid məntəqəmimizə məsafədən baxış həyata keçirə bilərlər. Buna etirazımız yoxdur. Əksinə, özləri müşahidə etsinlər ki, sərhəd humanitar məqsədlə istifadəyə açıqdır".