Millətçilik yüksəldi: Dünya mediası Türkiyə seçkilərinin ikinci turuna dair proqnozlar verib

  Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkiləri dünya mediasının da əsas gündəminə çevrilib. Nüfuzlu media qurumları Türkiyədəki seçkilərin nəticələrini, xüsusən ikinci tur məsələsini manşetlərinə daşıyıblar. 
  İngiltərənin “Financial Times” qəzeti “Türkiyədə seçkinin ikinci tura keçməsi ilə bağlı üstünlük Ərdoğandadır” başlığı ilə çıxıb. Qəzet yazıb ki, “Əsas rəqibini asanlıqla məğlub edərək ikinci tura çıxan Türkiyənin təcrübəli lideri Rəcəb Tayyib Ərdoğan, deyəsən, hakimiyyətini üçüncü onilliyə uzatmaq yolundadır”. 

  "CNN İnternational" telekanalı “Türkiyə müxalifəti ikinci turda Ərdoğanla sərt mübarizə aparacaq” başlığına üstünlük verib. CNN xəbərlərində analitiklər seçkidə üçüncü olan Sinan Oğanın ultra-millətçi seçicilərinin ikinci turda Ərdoğana üstünlük verəcəyini proqnozlaşdırıblar.

  Amerikanın "New York Times" qəzeti Türkiyənin prezident seçkilərində ikinci turu ilk dəfə yaşayacağını bildirsə də, Ərdoğanın üstünlüyə malik olduğu və Sinan Oğana səs verən 5,7 faizin ikinci turda böyük ehtimalla Ərdoğana üstünlük verəcəyini təxmin edib. Qəzet onu da yazıb ki, Ərdoğanın parlamentdə çoxluğu qazanması da onun xeyrinədir. Nəşr əlavə edib ki, Ərdoğanın seçki kampaniyası zamanı millətçi ritorikasını yüksəltməsi həm ona, həm də mühafizəkar parlament alyansına kömək edib: "Ərdoğan ABŞ-ni tənqid etməyə davam edib, hətta Baydenin onu devirməyə çalışdığını bildirib".

  “Politico” jurnalı Ağ Evin 14 may seçkiləri ilə bağlı açıqlamasını “Bayden Türkiyə seçkilərində qalib gələni dəstəkləyir” başlığı ilə xəbər verib: "Vaşinqton bildirir ki, Prezident Co Bayden kimin qalib gəlməsindən asılı olmayaraq Türkiyə administrasiyası ilə işləməyi səbirsizliklə gözləyir". "Politico"da başqa bir xəbər isə “Rəqibi Türkiyə seçkilərində məyus olduğu halda, Ərdoğan ikinci turda öndədir” olub. 

  Yunan qəzeti "Kathimerini" nəşri isə seçkini öz səhifəsinə "Türkiyə seçkiləri: Yunanlar nəticələri necə görür?", "Türkiyə prezident seçkilərinin ilk turundan sonra qorxu və ümidlər - Afinada narahatlıqlar nələrdir?" başlıqları ilə daşıyıb. “Türkiyə seçkilərindən beş dərs” başlıqlı xəbərdə “İqtisadiyyat o qədər də önəmli deyil, kürdlərin səsləri müxalifətə yetərli deyildi, zəlzələnin nəticələri məhdud idi, millətçilik yüksəldi, sandıqlar alt-üst oldu” kimi qiymətləndirmələrə yer verilib. 
  İtaliyanın “La Repubblica” qəzeti yazıb: “Ərdoğan 28 may seçkilərində favoritdir. Seçki yarışında liderliyini davam etdirən prezident, demək olar ki, 5 xal irəlidədir. Bundan başqa, o, sadiq bazasına arxalana bilər. İndi bütün gözlər seçkidə 3-cü yeri tutan millətçi Sinan Oğanın üzərindədir. Sinan Oğan gülümsəyir. Qəzet və televiziya müsahibələrində qısa müddətdə populyar olmasından açıq-aşkar məmnundur. 
  “Foreign Policy” jurnalının manşetində əsas xəbər “Türkiyə ikinci tur seçkilərə hazırlaşır” olub. Jurnal Sinan Oğanın səslərini və ikinci turda oynayacağı rolu vurğulayıb: "İkinci turda səs çoxluğu əldə etmək və prezidentliyə qalib gəlmək üçün ən böyük amil üçüncü namizəd, ultra-millətçi tərəfi təmsil edən və indi yarışdan kənarda qalan Sinan Oğan ola bilər.