Arutyunyan və Vardanyan Qarabağda reinteqrasiyaya mane olur

Samvel Babayanın Qarabağda icma rəhbərliyinə gətirilməsinə Azərbaycan etiraz etmir

  Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyanın kənarlaşdırılması istiqamətində addımar atılır. Prosesə "general" Samvel Babayan rəhbərlik edir. Ekspertlərin fikrincə, Samvel Babayan Araikdən fərqli olaraq Nikol Paşinyana yaxın şəxsdir və onun erməni icmasının rəhbərliyinə gətirilməsi Azərbaycan hökuməti ilə icmanın dialoqunda müəyyən irəliləyişə səbəb ola bilər. 

  Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə bildirib ki, A.Arutyunyan birbaşa Kremlin təlimatları ilə hərəkət edir və onunla təmaslar Azərbaycan üçün qəbuledilməzdir: 

"Arutyunyan və Ruben Vardanyan Qarabağda reinteqrasiyaya mane olur və böhranın davam etməsində maraqlıdırlar. Samvel Babayanın Qarabağda icma rəhbərliyinə gətirilməsinə Azərbaycan etiraz etmir. Baxmayaraq ki, Samvel Babayan Birinci Qarabağ müharibəsində Azərbaycana qarşı müharibədə fəal iştirak edib. Amma Araikdən və Vardanyandan fərqli olaraq Azərbaycanla təmaslarda maraqlıdır. Samvel Babayan erməni icmasının rəhbərliyinə gələrsə, Qarabağda yaşayan ermənilərin "status" və digər imtiyazlar alması tələbi ortadan qalxacaq. Rusiya da Xankəndidə Azərbaycanın yurisdiksiyasının təmin edilməsinə etiraz edə bilməyəcək. Proseslər Azərbaycanın lehinə işləyir. Avropa İttifaqı və ABŞ də ermənilərə hər hansı "status" verilməsi məsələsini qabartmır. Demək olar ki, Azərbaycanın şərtləri ilə razılaşıblar".