“Sinan Oğan faktoru çox şişirdilir”

Natiq Miri: “Söhbət narazı elektoratdan gedir. Müəyyən seçici kütləsi var ki, həm "Cümhur İttifaqı"ndan, həm də "Millət İttifaqı"ndan narazıdır”

“O, birbaşa Kamal Kılıçdaroğluna dəstəyini açıqlasa belə sözügedən elektorat Kılıçdaroğluna səs verməyəcək”


  Mayın 14-də Türkiyədə keçirilən prezident seçkisində namizədlərdən heç biri 50 faizdən çox səs qazanmadığı üçün səsvermə ikinci tura qaldı. Mayın 28-də türk xalqı iki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında seçim edərək öz rəhbərini seçəcək. Xatırladaq ki, ilk turda Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun təmsilçisi Sinan Oğan isə 5,17 faiz səs yığıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter“ hesabında seçki ilə bağlı paylaşım edib. Ərdoğan seçki zamanı təxribatlara yol vermədən, təzyiqlərə məhəl qoymadan, çətinliklər qarşısında təslim olmadan mübarizə apardıqlarını vurğulayıb:

"“Cümhur İttifaqı” olaraq, ölkəmizin ən gərgin seçkilərinin ilk sınağından, Allaha həmd olsun ki, uğurla çıxdıq. İndi isə 14 mayda əldə etdiyimiz uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır”. Prezident 28 may tarixinin “Türkiyə yüz ili”nin müjdəçisi olacağını deyib: “Türkiyə bizdən xidmət gözləyir, hərəkət gözləyir, millətimiz bizdən onu hədəfləri ilə bir araya gətirməyi gözləyir. Zəlzələdən zərərçəkənlərimiz yaralarının tezliklə sağalmasını gözləyirlər”. Avropa İttifaqı da Türkiyədəki prezident seçkiləri ilə bağlı bəyanat yayıb. 

Qeyd olunub ki, Aİ prezident və parlament seçkilərinin şəffaf keçirilməsini və səsvermə zamanı yüksək fəallığı demokratiyanın bariz nümunəsi kimi qiymətləndirir. İkinci tur öncəsi müzakirə olunan əsas məsələlərdən biri də seçkilərin birinci turunu sonuncu yerdə başa vuran Sinan Oğanın kimi dəstəkləyəcəyidir. Oğan dəstəkləyəcəyi namizəd üçün 5 şərtini açıqlayıb. Şərtlərdən biri konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi, yəni 66-cı maddədə Türklüyün Konstitusiyadan çıxarılması cəhdinə qarşı sədd qoyulmasıdır. 

Digər şərtlər isə 13 milyon qaçqının göndərilməsi, son iqtisadi böhranın əsas səbəbləri olan faiz, inflyasiyadan azad olmaq, terror təşkilatları və onların siyasi strukturları ilə əməkdaşlıq etməməkdir.

  Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri "Şərq"ə deyib ki, Sinan Oğana verilən səs əhəmiyyətlidir və daha çox milliyətçi kəsimə aid səslərdir. Analitik vurğulayıb ki, Oğana səs verənlərin bir hissəsi MHP sədri Dövlət Baxçalıya etiraz edənlər, digər hissəsi isə millətçiləri parçalamaq, zəiflətmək məqsədilə yaradılmış İYİ Partiyaya qoşulan, ancaq sonradan onların da Qərbin maşası olduğunu görən şəxslərdir: "Lakin xüsusilə qeyd etmək lazımdır ki, seçkidə əsas qərar Sinan Oğana məxsus deyil. Oğan faktoru Türkiyə mediasında və bizdə çox şişirdilir. Söhbət narazı eloktoratdan gedir. Müəyyən seçici kütləsi var ki, həm "Cümhur İttifaqı"ndan, həm də "Millət İttifaqı"ndan narazıdır. Ancaq heç bir halda türk insanını qətl edən, terror törədən, imperialist güclərin maşası rolunu oynayan mərkəzlərə səs verməzlər. Oğan birbaşa Kamal Kılıçdaroğluna dəstəyini açıqlasa belə sözügedən elektorat Kılıçdaroğluna səs verməyəcək. Türkiyənin təhlükəsiz gələcəyinə səs verəcəklər. Təhlükəsiz gələcək də "Cümhur İttifaqı" ilə mümkündür və seçici önündə bir neçə alternativ yoxdur. Digər yandan, Oğanın siyasi baxımdan özünün perspektivi məsələsi var. PKK-ya qarşı hər zaman mübarizə aparan, onların qarşısında duran bir şəxs öz seçicilərinə xəyanət edə bilməz. Ona görə də siyasi perspektivini məhv etməmək üçün addımlar atmalıdır. Əgər bunun əksini etsə, "Millət İttifaqı" ilə hansısa "siyasi alverə" getsə, gələcək siyasi perspektivinin üstündən xətt çəkmiş olacaq".

  N.Miri bəyan edib ki, S.Oğan yeganə faktor deyil və ikinci turda Ərdoğana səs verənlərin sayı arta bilər: "Seçkinin nəticələri və parlament seçkisində qazanılmış uğur Türkiyə seçicilərinə göstərdi ki, ölkənin gələcəyi "Cümhur İttifaqı" ilə birbaşa bağlıdır. 

Türkiyə toplumu siyasiləşib. Seçicilər fərqindədir ki, parlamentdə "Cümhur İttifaqı"nın qələbəsi üzərinə Kılıçdaroğlu prezident olarsa, ölkə ciddi xaosa yuvarlanar. Bu da ancaq və ancaq Türkiyənin düşmənlərinin maraqlarına xidmət göstərəcək. Şübhə yox ki, ikinci turda səs verənlər bu parametrləri nəzərə alaraq səsverməyə gedəcək".