Sinan Oğan gələcəyə oynayır

Eyni zamanda da uzlaşmadan qaçan adam olmaq istəmir

“Sinan Oğan Türkiyə siyasi səhnəsindəki boşluğu görür. O, bu seçkiyə yox, iqtisadi və ya siyasi vəziyyətin diktə edəcəyi növbəti seçkiyə hazırlıq görür”


  Türkiyədə 14 mayda keçirilən seçkidən sonra haqqında ən çox danışılanlardan biri ilk turda üçüncü yerdə qərarlaşaraq 5 faizdən çox səs toplayan Sinan Oğandır. ATA İttifaqının namizədi Sinan Oğan mayın 28-də keçiriləcək ikinci turun "kilid adamı"na çevrilib. Hazırda müzakirə olunan əsas məsələ Oğanın iki əsas namizəddən - Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlundan hansına real dəstək verəcəyi ilə bağlıdır. 

Bununla bağlı açıqlama verən S.Oğan ilkin şərtlərini irəli sürərək, namizədliyini irəli sürmüş ittifaq ortaqları ilə müzakirələrdən sonra yekun qərar verəcəyini bəyan edib. O, seçkinin ikinci turunda təyinedici faktorun türk millətçiləri olacağını söyləyib. Lakin qeyd edək ki, seçkidən əvvəl qatıldığı verilişdə ikinci tur üçün strategiyalarını izah edən Sinan Oğan tələblərinin olacağını açıqlamışdı. Oğan, "Masa arxasında oturduğumuz partiyalarla tələblərimizi müzakirə edəcəyik. Təbii ki, qarşılıqsız ortaq olmayacağıq. Nazirliklər kimi tələblərimiz olacaq" demişdi. 

  Politoloq Turab Rzayev bildirib ki, Sinan Oğanın seçkidə oynaya biləcəyi rolu, yığdığı 5.3 faiz səsin əhəmiyyətini başa düşmək üçün ilk növbədə seçkilərin arifmetikasını başa düşmək lazımdır. Analitik deyib ki, prezident seçkisi parlament seçkisi deyil və orada partiyaların səslərini, yaxud seçilmiş deputatları bir bloka toplamaq olmur. Yəni 5-3 həmişə 8 eləmir: 

"Bu o deməkdir ki, Sinan Oğan 3 milyona yaxın səs yığıb, amma o səsin sahibi deyil. Bu 3 milyon seçici HDP seçicisi kimi terrorçu barmağını qaldırdı deyə səs vermir. Həmin kütlə əsasən millətçi və atatürkçülərdən ibarətdir. Millətçi olduğu üçün HDP ortağı Kamal Kılıçdaroğluna səs verə bilmir. Eyni zamanda Atatürkçü olduğu üçün dindar AKP namizədi də onlara doğma gəlmir. Bu kütlənin seçimində daha çox millətçi və ya sekulyar Aatatürkçü damarının ağır basması rol oynayacaq, nəinki Sinan Oğan və ya Zəfər Partiyasının istiqamət verməsi. Həmin seçicilər parlament seçkisində Zəfər Partiyası yerinə səsini MHP və İYİ Partiyaya verməklə seçimini göstərib.  
  Bütün bunları Sinan Oğan bilirmi? Əlbəttə bilir. Bəs niyə qəbul edilməyəcək dərəcədə ağır şərtlər irəli sürür? Artıq Məclisdə olan HÜDAPAR üzvləri geri qayıtmayacaq. Ərdoğan yenidən parlamentar sistemə geri dönməyəcək. Kılıçdaroğlu ən yüksək səs topladığı HDP seçicisini tərk edə bilməyəcək. Kılıçdaroğlu HDP səsləri olmasaydı, 40 faiz də yığa bilməzdi. Bir də bu ağır şərtlərin üstünə, əlavə olaraq bir neçə nazirlik istəyir. Bilir ki, verilməyəcək.
Əslində, elə istədiyi də budur. Heç kəslə anlaşmamaq. Tərəflərin biri ilə anlaşmaq, digərinin seçicisini itirmək deməkdir". 
  
Ekspertə görə, Sinan Oğan gələcəyə oynayır: 

"Eyni zamanda da uzlaşmadan qaçan adam olmaq istəmir. İstəyir ki, qarşı tərəflər qaçsın. Çünki Sinan Oğan Türkiyə siyasi səhnəsindəki boşluğu görür. Bu seçki ilə Kamal Kılıçdaroğlu arxivləndi, tarixə qovuşdu. Ərdoğan və Bağçalı həm qocadır, həm də uzun müddət hakimiyyətdədir. Siyasi vitrin məcbur dəyişəcək. Sinan Oğan doğru yerdə, doğru vaxtda ortaya çıxdı. Özü dediyi kimi, bu seçkiyə yox, iqtisadi və ya siyasi vəziyyətin diktə edəcəyi növbəti seçkiyə hazırlıq görür. Bu seçki sadəcə reklam xarakteri daşıyır onun üçün. Əgər öz-özünü bitirməsə, böyük siyasi səhv etməsə, növbəti 15-20 ilin önəmli siyasi xadimi olacaq".