Ermənistan tezliklə  KTMT-dən qopa bilməyəcək

Çünki Ermənistanın sərhədləri, ərazisi də Rusiya hərbçilərinin nəzarəti altındadır

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan öz ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını yerləşdirsəydi, bundan udardı. Onun sözlərinə görə, KTMT missiyasının Ermənistanda yerləşdirilməsi ilə İrəvan daha sabit vəziyyət əldə edərdi. Məlumat üçün deyək ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova bir müddət öncə Moskvanın rəsmi İrəvandan KTMT missiyasının Ermənistan ərazisində yerləşdirilməsi ilə bağlı təşəbbüslü addımlar gözlədiyini söyləmişdi. 

Zaxarova qeyd etmişdi ki, Kreml bununla bağlı işə başlamağa hazırdır: "Bunu dəfələrlə bəyan etmişik. İrəvanda da bunu yaxşı bilirlər”. Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidə missiyası barədə mövqeyini Rusiya tərəfinə təqdim edib. Ermənistan Parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan da məsələ barədə danışmışdı. O vurğulamışdı ki, missiyanın göndəriləcəyi barədə sənəd hələ də təsdiqlənmə mərhələsindədir: "Ermənistan tərəfinin layihənin öz mövqeyinə uyğun gəldiyini hesab etdiyi mərhələdə müşahidəçilərin yerləşdirilməsindən danışmaq mümkün olacaq". 

  Politoloq Azər Rəşidoğlu "Şərq"ə bildirib ki, Ermənistan KTMT ilə körpülərini yandırmağa çalışır və bu baxımdan, KTMT missiyasının sərhədə gəlişi real görünmür. Analitikin fikrincə, əslində, Nikol Paşinyan Aİ missiyasının təmas xəttinə gəlişini bəyan etməklə Rusiyanı şantaj edir və Kremldən güzəştlər qoparmağa çalışır: 

"Son dövrlər Ermənistan-Rusiya münasibətlərində müəyyən dəyişikliklərin olması onu deməyə əsas verir ki, İrəvanın Aİ missiyası ilə bağlı bəyanatları sadəcə olaraq Moskvanı qorxutmaq məqsədi güdən bir bəyanatdır. Ermənistanın indiki halda KTMT-dən üz çevirməsi real deyil. Çünki Ermənistanın sərhədləri, ərazisi də Rusiya hərbçilərinin nəzarəti altındadır. Ona görə də İrəvan təzyiq metodundan istifadə etməklə Rusiyadan müəyyən güzəştlər, yaxud hansısa bir üstünlük əldə etmək istəyir".
  A.Rəşidoğlu bununla belə, Paşinyanın Moskvadan hansısa güzəştlər qopara biləcəyini zənn etmir: "Ermənistan dəfələrlə təşəbbüs göstərib ki, KTMT-ni Azərbaycanla münaqişəyə qatsın. Lakin buna nail olmayıb. İndiki mərhələdə də bu istiqamətdə nəyəsə nail ola bilməyəcək. Ən əsası odur ki, KTMT-nin sərhədə yaxınlaşmasını Qərb istəmir. Problemin həllilə hazırda iç tərəf məşğuldur. Vaşinqton, Brüssel və Moskva. Hər üç tərəf də problemin həllinə fərqli yanaşma tərzi sərgiləyir. Onların rəqabət şəraitində olduğu bir zamanda,  KTMT missiyasının gəlişi real görünmür".