Sülh prosesi Moskvanın masasında çözüləcək 

Kreml əsas vasitəçiliyin Qərb ölkələrinə, daha doğrusu, üçüncü dövlətə verilməsinə razı deyil

Vaşinqton və Brüssel görüşlərində əldə olunan razılaşmalara kölgə düşə bilər


  Azərbaycan və Ermənistan liderləri arasında növbəti üçtərəfli görüş Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Brüsseldə baş tutdu. Hazırda Azərbaycanla Ermənistan üç beynəlxalq platformada mütəmadi görüşlər keçirir. Vasitəçilər hər üç siyasi paytaxtda aparılan danışıqları proqressiv və uğurlu adlandırırlar. Müəyyən nəticələrin əldə olunduğu tutarlı təmaslar Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında mayın 1-5 tarixlərində Vaşinqtonda keçirildi. Ardınca reallaşan Brüssel görüşündə də tərəflərin önəmli istiqamətlərdə irəliləyişə nail olduğu vurğulandı. 

XİN başçıları arasında növbəti görüşün mayın 19-da Moskvada baş tutacağı deyilir. İyunun 1-də isə Moldovada, Almaniya və Fransanın da iştirakı ilə görüş keçiriləcək. Ümumən, qeyd olunur ki, formatından asılı olmayaraq, masa üzərində Azərbaycanın tələbləri və ərazi bütövlüyü məsələsi xüsusi olaraq qabardılır. Çünki Azərbaycan tərəfindən irəli sürülən təkliflər beynəlxalq konvensiyalara əsaslanır. Bu arada Ermənistan XİN başçısının müavini Paruyr Hovhannisyan əmindir ki, iyunun 1-də Kişinyovda gözlənilən beştərəfli görüş də müsbət nəticə verə bilər. Kişinyovdakı görüşün formatına gəlincə, nazir müavini deyib ki, bu, Praqadakı kimi olacaq, lakin Almaniya kansleri Olaf Şoltsun da iştirakı gözlənilir: “Bir sıra müxtəlif formatlar var. Söhbət prosesin irəliləməsindən gedir, yeni formatın yaradılmasından ümumiyyətlə söhbət getmir. Almaniya və Fransanın iştirakı əlbəttə ki, müsbət töhfə verə bilər. Bunlar Aİ-də ən nüfuzlu ölkələrdir. Heç kim şübhə edə bilməz ki, Aİ prosesi dəstəkləsə, Aİ-nin iki ən nüfuzlu ölkəsinin iştirakı müsbət təsir göstərə bilər”. 

  Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Şərq"ə açıqlamasında bildirib ki, Vaşinqton və Brüssel görüşlərindən xeyli əvvəl baş tutan görüşlərdə də bir sıra prinsipial məsələlərlə bağlı ilkin razılaşmalar əldə olunmuşdu. Partiya rəhbəri xatırladıb ki, hətta görüşlərdən sonra sərhədlərin demarkasiya və delimitasiyası, nəqliyyat kommunikasiyaları ilə bağlı konkret komissiyalar da yaradılmış, bir neçə iclasları keçirilmişdi:

 "Ancaq təəssüflər olsun ki, sonrakı dönəmdə Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi səbəbindən proses demək olar ki, dayandı. Təxminən 9 aylıq bir fasilə yarandı. Budəfəki Vaşinqton və Brüssel görüşlərində də eyniylə bəzi razılaşmalardan söhbət gedir. Əsasən də Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması gündəmə gətirilir. Bu məsələ ermənilər arasında ciddi rezonans doğurub. Çünki bu məqam həm də Ermənistanın Qarabağ iddiasından əl çəkməsi anlamına gəlir. Bölgədə kommunikasiyaların açılması ilə bağlı ilkin razılaşma da erməniləri təşvişə salıb. O baxımdan görüşlərin nəticələri ümumən pozitiv notlarla ifadə olunur. Təbii ki, Azərbaycan öz mövqeyindən, tələblərindən geri addım atmayıb və atmaq fikrində deyil. Bizim şərtlərimiz beynəlxalq hüququn prinsiplərinə tam uyğundur".
  A.Əlizadə vurğulayıb ki, Qərbin təşkil etdiyi istənilən görüşlərdən sonra, xüsusən təmaslarda hər hansı kiçik razılaşmadan söhbət getdiyi məqamda Rusiya tərəfi dərhal öz vasitəçiliyi ilə tərəfləri bir araya gətirməyə çalışır: "Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün mayın 19-da Rusiyada keçirilməsi planlaşdırılır. Reallıq ondan ibarətdir ki, Kreml əsas vasitəçiliyin Qərb ölkələrinə, daha doğrusu, üçüncü dövlətə verilməsinə qətiyyən razı deyil. Rusiya vasitəçilik missiyasını öz monopoliyasında saxlamaq istəyir. Əslində Moskva tərəflər arasında münasibətlərin tam normallaşmasının da marağında deyil. Çünki belə olarsa, Rusiyanın bölgədə hərbi-siyasi mövcudluğu sual altına düşər. O baxımdan İrəvana təsir imkanlarına sahib olan Kreml bu prosesdə tormozlayıcı rol oynayır. İyunun 1-də Kişinyovda, daha sonra isə yenidən Brüsseldə təmaslar nəzərdə tutulur. Ancaq İrəvan hökumətinin öhdəliklərinə əməl edəcəyi, razılaşmalardan boyun qaçırmayacağı ilə bağlı ciddi şübhələr də var. Əvvəlki təcrübələr göstərir ki, bu dəfə də Ermənistanın cığallığının şahidi olacağıq. Artıq indidən Ermənistan daxilindəki revanşist güclər, Qarabağdakı separatçılar hay-küy salıblar ki, Paşinyan sülh sənədinə imza atmaq səlahiyyətinə malik deyil və s. Baş nazirin sülhə və Qarabağa yönəlik addımlar atmasının, qonşularla münasibətləri normallaşdırmasının Konstitusiyaya zidd olduğunu iddia edirlər. Həqiqətən də erməni Konstitusiyasında qonşulara - Azərbaycan və Türkiyəyə ərazi iddiaları yer alıb. İlk növbədə bu maddələr Konstitusiyadan çıxarılmalıdır".