AKP Sinan Oğanla sövdələşməyə getməyi düşünmür

Hökumət öz seçicilərini qutulara gətirərək birinci olmaq istəyir


  Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də olacaq və ikinci turda Rəcəb Tayyib Ərdoğanla Kamal Kılıçdaroğlu yarışacaq. Siyasi fəaliyyətində ilk dəfə yüksək nəticə əldə edən Sinan Oğan ikinci turda hansı namizədi dəstəkləyəcəyinə hələ qərar vermədiyini, tərəflərlə müzakirələrdən sonra mövqeyini açıqlayacağını deyib. Mayın 19-da Sinan Oğanın CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşəcəyi bildirilib. CHP sədrinin prezident seçiləcəyi təqdirdə Oğana hansı postu təklif edəcəyi də həmin tarixdə açıqlanacaq. 

Məlumat üçün bildirək ki, Oğan dünən “Gələcək” Partiyasının sədri Ahmet Davutoğlu ilə görüşüb. Tərəflər arasında ilkin razılığın əldə olunduğu iddia edilir. Cümhuriyyət Xalq Partiyasından olan deputat Atilla Sertel Sinan Oğanın ikinci turda hansı namizədə dəstək olması mövzusuna da toxunub. Parlamentari iddia edib ki, Sinan Oğan CHP sədri Kamal Kılıçdaroğlunun yanında yer alacaq. Sertel bildirib ki, "Millət ittifaqı" hakimiyyətə gələrsə, Oğanın nazir vəzifəsinə təyinatı planlaşdırılır: "Partiya sədrimiz Kamal Kılıçdaroğlunun planında Miqrasiya Nazirliyi yaratmaq və bu nazirliyin rəhbərliyinə Sinan Oğanı təyin etmək var. Suriyalıların öz ölkələrinə qaytarılması üçün belə bir nazirliyin yaradılması vacibdir”. 
  Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatı Kamil Aydın isə deyib ki, Sinan Oğan çox şişirdilir. Onun sözlərinə görə, ikinci tur prezident seçkilərində “Cümhur İttifaqı”nın namizədi qalib gələcək: "Sinan Oğanın hansı mövqeyi tutmasından asılı olmayaraq, vətəndaşların əksəriyyəti Ərdoğana səs verəcək. Oğan şişirdilmiş simadır. Məhərrəm İncəyə səs verməyi düşünən insanlar o geri çəkildikdən sonra alternativ olaraq Sinan Oğana səs verdilər. O, seçkilərdə təkbaşına 5 faiz səs toplaya bilməz. Hesab edirəm ki, ikinci turda səsverən insanlar cümhuriyyətini sevən, dövlətinə, millətinə xəyanət etməyənlərlə birlikdə olacaq. Dolayısı ilə ikinci turda ona səs verənlərin əksəriyyətinin "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğana səs verəcəyini düşünürəm". 

  Türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay "Şərq"ə açıqlamasında bildirib ki, Türkiyədə parlament üsul-idarəsindən gücləndirilmiş prezident üsul-idarəsinə keçid edildiyindən indi prezident xalq tərəfindən seçilir və qələbə üçün ilk turda 50+1 səs tələb olunur. Professor vurğulayıb ki, Sinan Oğan sürpriz nəticə ilə 5,2 faiz səs toplasa da, ikinci tura Rəcəb Tayyib Ərdoğan və müxalifətin lideri Kamal Kılıçdaroğlu keçdi: 

"İkinci turda 50 faizlik səs həddi yoxdur, kim digərindən çox səs yığsa qalib olacaq və prezident postuna əyləşəcək. Perspektivdə Ərdoğan ən şanslı namizəddir. Təkrar seçkidə yenidən üstünlüyü ələ alacağı və seçiləcəyi ehtimalı kifayət qədər böyükdür. Təbii ki, burada Sinan Oğan ikinci tura qatıla bilmədiyi üçün onun səslərinin kimə gedəcəyi məsələsi müzakirə mövzusudur. Hökumət öz seçicilərini qutulara gətirərək birinci olmaq istəyir. Ona görə də Sinan Oğanla sövdələşməyə getməyi düşünmür. 

Oğan isə yaranmış fürsətdən yararlanaraq, hər iki tərəflə danışıqlara gedərək həm özünə, həm də seçicisinə ən çox fayda gətirəcək namizədi dəstəkləyəcək. 

Ancaq Sinan Oğanın konkret hansısa namizədə açıq dəstək verməsi, o anlama gəlmir ki, Oğana səs verənlərin hamısı mütləq onun dəstəklədiyi namizədə səs verəcək. Səslər bölünə də bilər. İqtidarın Oğanla danışıqlara ehtiyac duymadığı görünsə də, müəyyən narahatlıqlar da olmamış deyil. Nəzərə alaq ki, ötən seçkidə Ərdoğan 52 faiz, AKP isə 42 faiz səs toplamışdı. Amma budəfəki seçkidə Ərdoğanın səsi 49,5 faizə, partiyasının səsi isə 35-ə düşdü. 

Əgər "Cümhur İttifaqı"nda təmsil olunan partiyaların tərəfdarları 28 mayda seçkiyə getməkdə tərəddüd edərsə, bunun əksinə "Millət İttifaqı" bütün seçicilərini qutulara gətirməyi bacararsa, o halda Sinan Oğanın səsləri xüsusi əhəmiyyət kəsb edəcək".