Bitib bu iş:Ermənistan sülh sazişinə getmək istəyir

Rusiya isə prosesə mane olmaq üçün tələsik "Moskva görüşlərini" təşkil edir

“Moskvada keçiriləcək növbəti görüşlərdə də heç bir nəticə olmayacaq. ABŞ və Avropa məsələni belə qoyur ki, tərəflər özləri danışsınlar, müzakirə aparsınlar və razılaşsınlar”

  Mayın 19-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı Arorat Mirzoyan görüş üçün artıq Rusiyadadır. Qeyd olunub ki, XİN rəhbərlərinin görüşündə Rusiya xarici işlər naziri də iştirak edəcək. 

Rusiyalı rəsmilərin açıqlamasına görə, xarici siyasət qurumlarının başçıları Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması perspektivlərinə baxacaqlar. Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması və s. məsələlərin müzakirəsi baş tutacaq. Mayın 25-də Moskvada dövlət başçısı İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan arasında üçtərəfli görüşün də keçirilməsi planlaşdırılır. Bu barədə Baş nazir Nikol Paşinyan deyib. O bildirib ki, Rusiya prezidentinin vasitəçiliyi ilə yüksək səviyyədə üçtərəfli görüşün keçirilməsi təklifi alıb və bunu qəbul edib. Xatırladaq ki, iyunun 1-də Kişinyovda Avropa Birliyinin 2-ci sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun iştirakı ilə beştərəfli görüş də planlaşdırılır. Həmçinin iyul ayında Brüsseldə növbəti üçtərəfli görüş nəzərdə tutulur. Məlumat üçün bildirək ki, tərəflər sonuncu dəfə Şarl Mişelin təşkilatçılığı ilə Brüsseldə görüşüblər. Görüş sonrası Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımasını təsdiq edib. 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev "Şərq"ə deyib ki, Rusiyanın təşkil etdiyi görüşlərin və Kremlin müdaxilələrinin heç biri prosesə xeyir, fayda gətirmir. Partiya rəhbərinin sözlərinə görə, Moskva tərəflər arasında sülh danışıqlarını pozmaq, xoş niyyətləri aradan qaldırmaq üçün çalışır: 

"Rusiya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında hansısa nəticə əldə olunmasına mane olmağa çalışır. Moskva "mən də prosesin iştirakçısıyam" adı altında ümumi gedişata zərbə vurmağa səy göstərir. Moskvada keçiriləcək növbəti görüşlərdə də heç bir nəticə olmayacaq. ABŞ və Avropa məsələni belə qoyur ki, tərəflər özləri danışsınlar, müzakirə aparsınlar və razılaşsınlar. 

Yəni Qərb özünü ortaya qoymur. Amma Rusiya daim "üçtərəfli razılaşmalar" məsələsini qabardır və özünü hakim kimi aparır. Qərb tərəflər arasında gərginliyi nəzərə alaraq pozitiv məqamların inkişafını tövsiyə edir. Rusiya isə qəsdən neqativ elementləri qabardır.

 Xatırlayırsızsa, Rusiya dövlət başçısı V.Putin açıqlama vermişdi ki, "Amerika Qarabağı Azərbaycana vermək istəyir". Deyirdi ki, əgər Ermənistan bununla razıdırsa, o zaman Qərbin vasitəçiliyinə razılıq versin. Yəni açıq formada tərəfləri təhdid edir. Ermənistanın bütün ipləri Kremlin əlindədir. Bizi də oradakı təxribatçı qrupları üzərimizə göndərməklə hədələyir. Moskva görüşləri Ermənistanı əzici dəzgahların altından salamat çıxarmaq üçün lazımdır. Əgər İrəvan Rusiyanın əzici dəzgahından salamat çıxsa, növbəti prosesləri müşahidə etmək olar. Ermənistan sülh sazişinə getmək istəyir. Rusiya isə buna mane olmaq üçün "Moskva görüşlərini" təşkil edir. Burada heç bir xoş niyyət yoxdur".