İspaniya Qarabağ separatçılarına dəstək verir - EKSPERT

Azər Rəşidoğlu: "Hazırda bir çox ölkə Azərbaycana təzyiq etməyə çalışır"

İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlayıb. Bu barədə İspaniya səfirliyi öz tviter hesabında paylaşım edib. İspaniya səfirliyi 250 erməni ailəyə maddi və sosial dəstək veriləcəyini bildirib. Paylaşımda səfirlik Qarabağ separatçılarının qondarma “bayrağından” istifadə edib. Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyanın təxribatçı təşəbbüsünü cavabsız qoymayıb. Nazirliyin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir: “Öz ərazisində separatizmlə mübarizə aparan bir ölkənin başqa ölkələrdə separatizmi dəstəklədiyini görmək qəribədir. İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir. Biz bu qeyri-konstruktiv yanaşmanı qətiyyətlə pisləyirik”. 

İspaniyanın ədalətsiz mövqeyini "Sherg.az"a şərh edən politoloq Azər Rəşidoğlu vurğulayıb ki, hazırda bir çox çox ölkə Azərbaycana təzyiq etməyə çalışır. Analitik diqqətə çatdırıb ki, rəsmi Bakıya təzyiq edənlər Qarabağdakı separatçı rejimin tanınmasına səy göstərirlər:

 "İspaniya da bu sıyahıdadır. Həmçinin Fransa, Niderland, Belçika, İsveçrə də bənzər addımlar atırlar. Düzdür, Madridin addımları təəccüb doğurur. Çünki İspaniyada Kataloniya müstəqillik istəyir, amma Madrid buna imkan vermir. 7,5 milyon əhaliyə, Ermənistandan da böyük əraziyə və min ildən çox dövlətçilik tarixinə malik olan Kataloniya 2017-ci ildə müstəqilliyini elan etdikdə, rəsmi Madrid bu akta imza atanlara qarşı çox sərt davranmışdı. Kataloniyanın rəhbəri Karlos Puçtemonu vəzifəsindən azad etmişdi. Halbuki Kataloniya ilə Qarabağ məsələləri arasında böyük fərq var. Fərq ondan ibarətdir ki, katalonlar tarixən öz vətənlərində yaşayırlar və indi də İspaniyadan ayrılmaq istəyirlər. Ermənilər isə Rusiya imperiyası tərəfindən 19-cu əsrdə Azərbaycana köçürülmüş əhalidir. 1988-ci ildən bəri separatizm fəaliyyəti ilə məşğuldurlar". 

A.Rəşidoğlunun sözlərinə görə, İspaniyanın indi atdığı addım insan haqları, dövlətlərin ərazi bütövlüyü prinsipinə də ziddir: 

"Burada sadəcə olaraq İspaniya parlamentinin xristian təəssübkeşliyi özünü göstərir. Bir də erməni diasporunun yalan təbliğatının təsiri altına düşüblər. İspaniyada güclü erməni lobbisi yoxdur. Bu baxımdan, xristian təəssübkeşliyi göz önündədir. Lakin belə təzyiqlər heç bir nəticə verə bilməz. Azərbaycan öz vətəndaşı olan və dövlətə qarşı silahlı qiyam qaldırmayan Qarabağ ermənilərinin hüquqlarını qorumağa hazırdır".