"İstənilən hadisə hər an gözlənilir"  - Sahib Alıyev

Sahib Alıyev: "Qaluzinlə Arutyunyan arasında söhbətin predmeti "blokada", "humanitar fəlakət" yox, Qarabağdakı terrorçu ünsürlərin oradan çıxarılması olmalıdır"

Avqustun 14-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistan səfiri Vaqarşak Arutyunyanı qəbul edib. Bu barədə Rusiya XİN məlumat yayıb. Tərəflər ikitərəfli gündəliyin aktual məsələlərinə, o cümlədən bütün səviyyələrdə siyasi dialoqun təşviqinə və iqtisadi əlaqələrin gücləndirilməsinə toxunublar. Sergey Lavrovun müavini və Ermənistan səfiri Laçın yolunu və Qarabağı da müzakirə ediblər.

Millət vəkili Sahib Alıyev bildirib ki, əgər Moskva regionda sülhün yaranmasında maraqlıdırsa, onda Qaluzinlə Arutyunyan arasında söhbətin predmeti "blokada", "humanitar fəlakət" yox, Qarabağdakı qanunsuz silahlı birləşmələrin və terrorçu ünsürlərin oradan çıxarılması olmalıdır. Deputatın sözlərinə görə, Rusiya üçtərəfli bəyanatda üzərinə belə bir öhdəlik götürsə də, yerinə yetirilməmiş qalır: 

"Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı açıqlamada sözügedən ünsürlərin yeni təxribat hazırlıqları gördüyü bildirilir. Bildirilir ki, qarşı tərəfdən belə hallara son qoyulması tələb edilsə də, onlar əksinə davranır, yeni müdafiə hədləri, səngərlər, uzunmüddətli fortifikasiya qurğuları yaradır. Həmçinin yeni minalar basdırır, intensiv döyüş hazırlığı tədbirləri həyata keçirirlər. Bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı hərbi texnika, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirirlər. Hətta mülki əhalini də kütləvi şəkildə silahlandırırlar. Azərbaycanın Müdafiə Nazirliyinin "baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyətin məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəyi" xəbərdarlığı onu göstərir ki, işğalçı, terrorçu və separatçı ünsürlərə yaxşı heç nə vəd etməyən o "istənilən hadisə" hər an gözlənilir".