Ukrayna Rusiyaya ərazi versə, müharibə bitər - ŞƏRH

Natiq Miri: "Ərazilərdən imtina yolu ilə "sülhün" əldə olunması özünü aldatmaqdır"

Ukrayna Rusiyaya ərazilərini güzəştə getməsi müqabilində NATO-ya daxil ola bilər. Bu barədə alyansın baş katibinin ofisinin rəhbəri Stian Yensen deyib. O bildirib ki, həll yolu Ukraynanın ərazilərindən imtina etməsi və əvəzində NATO-ya üzv olmasıdır. Hərbi alyans rəsmisinin açıqlamaları Kiyev tərəfindən çox sərt qarşılanıb. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak vurğulayıb ki, ukraynalılar öz ərazilərindən NATO-ya üzvlük qarşılığında imtina etməyəcəklər: “Əraziləri NATO çətiri ilə dəyişmək? Qəribədir. Yəni məqsədli olaraq demokratiyanın məğlubiyyətinə getmək... Beynəlxalq hüququ məhv etmək və müharibənin gələcək nəsillərə məcburi ötürülməsi...”. Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko da bildirib ki, ərazilərin bir hissəsinin imtinasından danışmaq qəbuledilməzdir: “Həmişə güman edilirdi ki, alyans Ukrayna əraziləri ilə alver etmir. NATO rəsmilərinin Ukraynanın öz ərazilərindən imtina etməsi ehtimalı ilə bağlı rəvayətin formalaşmasında şüurlu və ya şüursuz iştirakı Rusiyanın xeyrinə işləyir”. Ukraynanın ciddi reaksiyasından sonra NATO açıqlama vermək məcburiyyətində qalıb. Hərbi alyansdan verilən bəyanatda bildirilib ki, təşkilatın mövqeyi aydın və dəyişməzdir: "Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik, bunu NATO liderləri iyulda Vilnüs sammitində təkrarladılar. Nə qədər vaxt aparsa da, Ukraynanı dəstəkləməyə davam edəcəyik. Biz ədalətli və davamlı sülhə nail olmaqda qərarlıyıq. Sülhün nə vaxt və hansı şərtlərlə əldə olunacağına Ukrayna qərar verəcək. Müharibənin təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərinə ehtiyac olduğu aydındır”.
Tərəflər arasında yaranmış gərginliyi "Sherg.az"a analiz edən "Milli Strateji Təhqiqatlar Mərkəzi"nin sədri Natiq Miri deyib ki, əgər indiki vəziyyətdə Kiyev bir sıra ərazilərindən imtina edərsə, Rusiya-Ukrayna arasında atəşkəsin təmin olunması və hətta sülhün imzalanması da mümkün ola bilər. Ekspertə görə, bu, əslində Rusiyanın maraqlı olduğu məqamdır və müharibənin bitirilməsi anlamına gəlir: "Müharibə bitdiyi təqdirdə Ukraynanın NATO-ya girməsinə əngəl qalmır. Hərbi alyansın rəsmisi dolayısı ilə bunu ifadə etmək istəyib. Ancaq bu açıqlama göstərir ki, Qərbdə onun fikrini dəstəkləyənlər var. Kiyevin sərt reaksiyası təbiidir. Çünki söhbət sadəcə Rusiya-Ukrayna savaşından yox, NATO-Rusiya qarşıdurmasından gedir. Rusiya işğal etdiyi əraziləri zor tətbiq etməklə özündə saxlamağa və legitimləşdirməyə çalışırsa, bu, təkcə Ukraynanın deyil, bütöv Qərbin məğlubiyyəti deməkdir. Ərazilərdən imtina yolu ilə "sülhün" əldə olunması özünü aldatmaqdır. İndiki məqamda Moskvanın maraqlarına xidmət edən açıqlamalar yolverilməzdir. Həm də burada ciddi şübhələr, suallar da yaranır. Belə bir açıqlama verən şəxs hansı tərəfin dostudur? Ukraynanın, yoxsa Rusiyanın? Rusiyanın maliyyə yardımı ilə Qərbdə fəaliyət göstərən təşkilatlar, siyasi qurumlar, şəxslər mövcuddur. Bu tip açıqlamaları araşdırmağa ciddi ehtiyac var. Həmin şəxsin Rusiya ilə əlaqələri varsa, tezliklə işfa olunmalıdır".
N.Miri əlavə edib ki, Ukrayna dövləti müharibənin uzanmasının tərəfdarı deyil: "Hər gün xeyli insan, həm hərbçilər, həm də mülki şəxslər həyatını itirir. Milyonlarla insan öz yurd-yuvasını tərk edir. Kiyev bundan məmnun deyil. Lakin işğalçı ilə mübarizə sonadək, yəni torpaqların azadlığına kimi davam etdirilməlidir. Ukraynanın öz torpaqlarını ruslara peşkəş çəkməsi və ədalətsiz sülhlə razılaşması sabah Qərb dövlətləri Rusiya təhlükəsini öz sərhədlərində görəcəklər. Qərb də iddia etdiyi, vəd verdiyi kimi axır günədək Ukraynanı dəstəkləməlidir".