Ermənistan "ova gedərkən ovlandı" - Planın ikinci hissəsi isə...

Kəşfiyyatçı diversant Kəlbəcərdə yaxalandı

Asif Nərimanlı: "İstisna deyil ki, diversiya qrupunun hədəfi hərbi toqquşmaya zəmin yaratmaq olub"

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan ərazisinə sızmağa cəhd göstərib. Ermənistanın növbəti təxribatının qarşısı alınıb və diversiya qrupunun bir üzvü saxlanılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd edilib ki, Ermənistanın bölgədə vəziyyətə dair BMT Təhlükəsizlik Şurasının iclası ilə eyni gündə hərbi təxribatları davam etdirməsi manipulyasiya siyasətinin davamıdır: "Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə, beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini davam etdirmək əvəzinə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq". Vurğulanıb ki, bölgədə vəziyyətin gərginləşməsi məsuliyyəti bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a danışarkən deyib ki, Ermənistanın Kəlbəcərə kəşfiyyat-diversiya qrupu göndərməsinin BMT Təhlükəsizlik Şurasının iclasına hesablandığı aydındır. Ekspert diqqətə çatdırıb ki, İrəvan 4 aydır BMT TŞ-də Azərbaycana qarşı qərarın qəbul olunmasına hazırlaşır: 

"Lakin hüquqi və siyasi səbəblərə görə, bunun çətin olduğunu da anlayırlar. Müzakirəyə çıxarılacaq Qarabağın Azərbaycan ərazisi kimi tanınması da onların işini çətinləşdirir. Bu kontekstdə Azərbaycanı “hücum edən”, “təcavüzkar” tərəf kimi göstərmək üçün onlara sərhəddə toqquşma lazımdır. İstisna deyil ki, diversiya qrupunun hədəfi də hərbi toqquşmaya zəmin yaratmaq olub. Hərçənd diversant Qaqik Voskanyanın tutulması BMT TŞ-də Bakının əlini gücləndirən arqumentlərdən olacaq. Ermənistan “ova gedərkən, ovlanmaq” vəziyyətinə düşdü. Bu, planın birinci hissəsidir, ikinci hissəsinin Qarabağda olacağı istisna deyil".