Ya danışıqlar, ya da hərbi güc! - RƏY

Fransa təkcə Ermənistanı yox, Qarabağdakı separatçıları da müdafiə edir

Fransa və Ermənistan xarici işlər nazirləri telefonla danışaraq “Azərbaycanın Laçın dəhlizini blokadaya alması nəticəsində Qarabağda yaranmış humanitar böhranı” müzakirə ediblər. Fransa tərəfinin məlumatına görə, nazir Katrin Kolona Qarabağ əhalisinin səkkiz aydan artıqdır davam edən "blokada"nın nəticələrindən əziyyət çəkməsi ilə bağlı dərin narahatlığını ifadə edib. O, Azərbaycanın atəşkəs razılaşması üzrə götürdüyü öhdəliklərə zidd olan və danışıqlar prosesinə ziyan vuran davamlı "blokada"dan təəssüfləndiyini bildirib. Fransa yenidən Azərbaycanı Laçın yolu vasitəsilə sərbəst hərəkəti bərpa etməyə çağırıb. Habelə Qarabağdakı erməni əhaliyə "humanitar dəstək" məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinə əlavə 3 milyon avro ianə edəcəyini bildirib. Nazirlər telefon danışığı zamanı Ermənistanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması ilə bağlı tələbinə də toxunub. Rəsmi Bakı Qarabağdakı vəziyyətlə bağlı səsləndirilən əsassız fikirlərə etirazını bildirib: "Fransa tərəfinin Ermənistanın manipulyasiyalarına uyaraq, bu razılaşmalara dəstək verməməsi təəssüf doğurur. Bununla yanaşı, Ermənistanın və onun tabeliyində olan separatçı rejimin əldə olunmuş razılaşmanı pozmasına Fransa tərəfinin heç bir reaksiya verməməsi, bu ölkənin bölgədə gərginliyi daha da artırmaq səylərindən xəbər verir".
Hüquq müdafiəçisi, siyasi şərhçi Əhməd Şahidov "Sherg.az"a açıqlamasında bildirib ki, Fransanın mövqeyi 30 ildir dəyişməzdir. Ekspertin sözlərinə görə, keçmiş Minsk qrupunun həmsədri kimi heç bir iş görməyən Fransa 44 günlük müharibədə və sonrakı mərhələdə öz niyyətini daha aydın ortaya qoydu: 

"Fransa açıq-aşkar İrəvanın tərəfini tutur, ermənilərin təcavüzkar siyasətini, təxribatlarını dəstəkləyir. Hakimiyyət dəyişsə də, rəsmi Parisin yanaşması dəyişmir. Məsələ ondadır ki, Fransa, sadəcə, Ermənistan hökumətini dəstəkləməklə kifayətlənmir, üstəlik, Qarabağdakı separatçıları da müdafiə edir. Burda da birmənalı məqsəd Azərbaycan-Ermənistan arasında sülh danışıqlarını pozmaqdır. Bölgədə yeni hərbi qarşıdurma yaratmaqla Qərb ölkələrini "missiya" adı ilə regiona yerləşdirmək istəyirlər. Azərbaycan baş verən oyunların fərqindədir və siyasətini ona uyğun həyata keçirir".
Ə.Şahidovun qənaətincə, Ermənistana dəstək göstərən Rusiya, Fransa, İran və başqa ölkələrin pozucu təşəbbüsləri nəticə verməyəcək: "Ya danışıqlar, ya da hərbi güc tətbiq etməklə sülh müqaviləsi imzalanacaq. İrəvanı da sənədə imza atmağa məcbur edəcəyik. "Beynəlxalq vasitəçi" adı ilə ortada olanlar bu prosesi sadəcə yubada, ləngidə bilərlər. Son nəticədə rəsmi Bakının dediyi olacaq. Məsələ ondadır ki, təxribatların zərbəsi ermənilərin özlərinə dəyəcək. Azərbaycan Ordusu hərbi əməliyyatlara başlayarsa, müharibə şərti sərhədlərdən o tərəfə keçəcək. Ağlı başında olan erməni siyasətçiləri bunu anlayır və revanşistlərə çağırış edirlər. Qaçılmaz reallığı zamanında başa düşsələr, erməni lobbisinin, Fransa kimi ölkələrin təhrikinə, uydurma vədlərinə aldanmasalar, ermənilər daha rahat və barış içində yaşaya bilərlər. Əks halda daha ağır formada cəzalarını alacaqlar".